Azedu.az

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

Elm və Təhsil Nazirliyi

9 Aprel 2025, 17:23
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır

Aprelin 9-dan Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına növbəti qeydiyyat prosesi başlayır.

AzEdu.az xəbər verir ki, proqramın məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır. 

4 ay davam edəcək “Maarifçi” proqramı çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində, təcrübə keçmək imkanı əldə edəcəklər.

Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavriat səviyyəsinin sonuncu kursunda və ya magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də təhsilini son 3 il ərzində başa vurmuş məzunlar proqrama müraciət edə bilərlər.

Qeyd edək ki, I “Maarifçi” tələbə-məzun təcrübə proqramı ötən ilin aprel – iyul, II “Maarifçi” tələbə-məzun təcrübə proqramı isə oktyabr – yanvar aylarında keçirilib. Hər iki təcrübə proqramı çərçivəsində 24 iştirakçı Elm və Təhsil Nazirliyinin tabe qurumlarında, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində işlə təmin olunub. 

Proqrama müraciət üçün keçid linki: //anket.edu.az/user/200

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox