Azedu.az

Proqramlaşdırma üzrə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

Elm və Təhsil Nazirliyi

5 Mart 2025, 17:25
Proqramlaşdırma üzrə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə start verilir.
 

AzEdu.az xəbər verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
 

Hakatonda iştirak üçün qeydiyyat codehour.edu.az saytı üzərindən aparılır.
 

İlkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən iştirakçılar I mərhələyə vəsiqə qazanacaqlar. Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu siniflər və 10-11-ci siniflər) çərçivəsində aparılacaq.
 

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən şagirdlər üçün 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq. 
 

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.
 

Qeyd edək ki, “Məktəblilərarası Milli Hakaton - 2025” çərçivəsində 3-5 mart tarixlərində ümumi təhsil müəssisələrində “Milli Hakaton həftəsi” elan edilib. Bu müddət ərzində məktəblərdə informatika dərsləri “Məktəblilərarası Milli Hakaton”a həsr olunub. Həftə çərçivəsində şagirdlər proqramlaşdırma üzrə hakatonda iştirak etmək üçün ilk tapşırıqları yerinə yetiriblər. Uğur qazanan şagirdlər hakatonun növbəti mərhələsində iştirak imkanı əldə edib.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox