9 ayından yeriməyə, gəzməyə başlayıb. 1 yaş yarımından rəqəmləri vurur, toplayır. 4 yaşından ingilis dilində danışır. İndi 12 yaşındadır. Maraqlanmadığı dil, tanımadığı ölkə, xəritəsini çəkmədiyi coğrafi ərazi yoxdur. Sözünü etdiyimiz Azərbaycan məktəblisi bir çox psixoloqların “möcüzə” adlandırdığı bir uşaq, Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəbin vunderkind şagirdi Oğuzxan Məmmədlidir.
“Elə bil Eynşteynin yetirməsidir”
Bu sinfə gəldiyi günü ibtidai sinif müəllimi dünən kimi xatırlayır. 2018-ci ildən 244 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Almaz Çopurova deyir ki, həddən artıq fəal, hərəkətli uşaq olan Oğuzxanla münasibət qurmaq onun üçün elə də asan olmayıb: “Əvvəlcə ona özümü sevdirdim. Onun öz aləmi, öz dünyası vardı. O aləmdən onu ayırıb diqqətini özümə cəlb etməyim çox çətin oldu. Bir müddət o nə desə, mən onu elədim. Yavaş-yavaş bir-birimizə öyrəşdik. Öyrəşdikcə də sinfin qayda-qanunlarını ona başa salmağa başladım. Sinifdəki şagirdləri onunla münasibət qurmağa hazırladım. Bir müddət sonra hər şey istədiyim kimi idi, uşaqlarla rahat münasibət qurur, hər kəslə dil tapa bilirdi. II sinifdə, demək olar ki, Oğuzxanla ünsiyyətdə hər hansı problemimiz qalmamışdı”. Müəlliminin fikrincə, o, öz düşüncələri olan bir şagirddir: “Çox ağıllıdır, elə bil Eynşteynin yetirməsidir”.
“Müəllim üçün hər uşaq fərqlidir”
2004-cü ildən Binəqədi rayonu 244 nömrəli məktəbdə riyaziyyat müəllimi olan Aytən Qılıncova Oğuzxanın sevimli müəllimidir. Necə sevimliyə çevrildiyini özündən soruşuruq: “Müəllim üçün hər uşaq fərqlidir. Xüsusən inklüziv siniflərdə həssas yanaşma tələb edən şagirdlər təhsil alır. Bunu müəllim unutmamalıdır. Dərs elə təşkil edilməlidir ki, şagirdlərin bir-biri ilə münasibəti nizamlansın, hər kəs sinifdə özünü tapa bilsin, tədris prosesi düzgün təşkil edilsin. İnklüziv sinifdə dərs, xüsusən individual olmalıdır. Onların təhsilini elə təşkil etməliyik ki, həyatda problemləri olmasın, cəmiyyətə rahat şəkildə adaptasiya olunsunlar”.
Oğuzxan Azərbaycan xəritəsini bir kartoqraf dəqiqliyi ilə təsvir edir, dünya xəritəsini çəkir, paytaxtları yazır. Bunlar onun istedadının göstəricisidir. Amma bir də bəzi xüsusiyyətləri var ki, müəlliminin fikrincə, onlar Oğuzxanın əsl şəxsiyyətindən xəbər verir: “Uşaq fikrini sərbəst şəkildə ifadə edirsə, hətta kiminsə haqqının müdafiəsinə qalxırsa, deməli o, şəxsiyyət kimi formalaşıb”.
Oğuzxanın olduğu sinifdə müəllimlər heç kimlə yüksək səs tonu ilə danışmır: “Bir az səsimizin tonu qalxan kimi, Oğuzxan reaksiya verir. Müəllimlərinə qarşı yanaşması da fərqli deyil. Uşaqlar da səs salanda onlara irad bildirir. Hər müəllimə qarşı diqqətlidir. Oğuzxan haqlını, haqsızı müəyyənləşdirir, onun öz seçimləri olur”.
1996-cı ildən müəllim işləyən Aytən Qılıncova deyir ki, mütəmadi fərqliliyi olan uşaqlarla işləyib: “Əvvəllər belə uşaqlarla sinifdə deyil, xüsusi məşğul olurduq. İndi onlarla sinifdəki digər uşaqlarla birlikdə məşğul olur, lazım gələrsə, onlarla yanlarında oturub işləyirik”.
Müəllimi onu həvəsləndirmək istədi, Oğuzxan irad tutdu
Aynur müəllim 20 ildən çox təcrübəsi olan təhsilverənlərdəndir. 60 baldan 54 bal toplayaraq sertifikatlaşdırmadan uğurla çıxıb. Sinifdə əsas hədəfi ingilisdilli şagirdinə Azərbaycanca danışmağı öyrətmək, bu dildə danışıq vərdişi yaratmaqdır. Aynur müəllim deyir ki, Oğuzxanı Azərbaycan dilində danışmağa həvəsləndirmək üçün bir müddət onun hər cavabını sinif yoldaşları ilə birlikdə alqışlayıblar: “Bir müddət sonra Oğuzxan mənə irad tutdu, “Mən də hamıdan biriyəm, məni alqışlamayın”, - dedi. Biz də onu alqışlamağı tərgitdik”.
Aynur müəllim tez-tez Oğuzxanı sinfin idarəetməsinə cəlb edir. Yeni mövzunu izah etməkdə onun “dəstəyi”nə, mövzu ilə bağlı məlumatlarına “ehtiyac” hiss edir. Bir sözlə, Oğuzxanın Azərbaycan dilində danışmasına tez-tez “zərurət” yaranır.
“Oğuzxan məktəbin 2 yüksək zəkalı şagirdindən biridir”
244 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini İradə Baxşəliyevanın sözlərinə görə, Oğuzxan məktəbin 2 yüksək zəkalı şagirdindən biridir: “Oğuzxanın ingilis və rus dillərində səviyyəsi yüksəkdir, digər fənlər üzrə göstəriciləri çox yaxşıdır. Düzdür, onun yanında himayədar olaraq bir nəfər ayrılıb, amma bu, hər hansı problem səbəbindən deyil. Sinif yoldaşları ilə münasibətləri çox yaxşıdır. İndiyədək Oğuzxanla bağlı hər hansı problemimiz yaranmayıb”.
İ.Baxşəliyevanın sözlərinə görə, məktəbin bütün şagirdləri ilə psixoloq işləyir, siniflərdə müşahidələr aparır, zərurət olarsa, şagirdlərin vəziyyətinə müdaxilə edir: “Oğuzxan Məmmədlinin təhsil aldığı “Vh” sinfində, sadəcə Oğuzxan oxuyur. Onun kimi yüksək zəkası ilə seçilən başqa bir şagirdimiz də var. Valideynləri də məktəbimizdə müəllim olan həmin şagirdimiz Oğuzxan qədər güclü olmasa da, dünyagörüşü, düşüncələri ilə fərqlənir. Oğuzxandan fərqli olaraq Süleyman İsgəndərov ünsiyyətdən qaçır. Biz onunla işi qurarkən bu məqamı da nəzərə alırıq”.
Məktəbdə fərqli uşaqların təhsil aldığını bildirən İ.Baxşəliyeva onlarla işin fərqli qurulduğunu vurğulayıb: “İnklüziv sinfi təşkil etməyin öz qaydası var. Burada xüsusi təlimə ehtiyacı olan uşaqlar 20 faiz təşkil edə bilər. Oğuzxan Məmmədli də inklüziv sinifdə təhsil alır. Siniflərdə fərqli uşaqların olması bəzən valideynləri narahat edir. Bundan başqa, hər hansı problemimiz yaranmır. Valideynlərlə də söhbətlər aparır, onların narahatlıqlarına son qoyuruq. Şagirdlər arasında, xüsusən dərs prosesində hər hansı problem yaranmır”.
“Maraq göstərdiyi hər şeyi araşdırır”
Oğuzxanın anası Tamilla Qulami məktəblə sıx əlaqədədir. Bütün müəllimlərini tanıyır, tez-tez məktəbə gəlir, çünki bilir ki, oğlu nə qədər ağıllı da olsa, o, mütləq məktəb mühitində yetişməlidir: “Məktəb seçərkən çox düşünmədim. Elə çox seçim imkanımız da yox idi. Yaşadığımız ərazi üzrə bu məktəbə düşdü. Dövlət dilini, ana dilini mənimsəməsi üçün Azərbaycan dilində oxumağına üstünlük verdik”.
Beləliklə, tədrisə başlayan Oğuzxan qısa müddətdə məktəbə qaynayıb-qarışıb. Sevgidolu, mehriban, canıyanan bir uşaq olduğundan qısa müddətdə özünü sevdirib.
Ana Tamilla Qulami deyir ki, araşdırdığı mövzular, öyrəndiyi dillər, xəritəsini çəkdiyi ölkələr Oğuzxanın öz marağına uyğun olub. Onun marağı bir an dəyişə bilər. İndiyədək nələr-nələr çəkib diqqətini. Yunan heroqlifləri, dünyanın ayrı-ayrı ölkələri, Bakının küçələri, döngələri... Dünyanın o başında yaşayan xalqlarla maraqlanır, ən cırtdan ölkənin sərhədlərini cızır, bayraqlarını tanıyır, xüsusiyyətlərini bilir. Valideynindən isə maraqlı tələbləri var. “Məni Bakının küçələrini gəzdir”, - deyə aldığı bu tələb ananı ilk vaxtlar çox təəccübləndirib: “Mən də hər fürsəti dəyərləndirirəm ki, onu daha çox gəzdirim. Sonra gəlib evdə gördüyü küçələrin maketini hazırlayır. Hazırladığı həmin maketlər küçələrin birəbir eynisi olur”.
Oğuzxan həm yaxşı araşdırmaçıdır, həm də yaxşı əl qabiliyyəti var. Bu iki qabiliyyəti birləşincə, ortaya çıxan əşyalar evdə çaşqınlığa səbəb olur: “Bir telefon düzəldib, elə bilirik ki, öz telefonumuzdur. Telefonlarımızı dəfələrlə söküb yenidən yığıb. Sökdüyü heç bir əşyaya görə ona irad tutmuram, bilirəm ki, araşdırır. İti, pişiyi, hər hansı heyvanı görən kimi əlinə alır. Heyvanlar üzərində müşahidələr aparır. Təsadüfi videolara baxmır, ona uyğun videolar, filmlər seçir”.
Anasının sözlərindən belə başa düşürük ki, Oğuzxanın əldə etdiyi rəqəmlər həmişə yaşından, maraqlandığı mövzular boyundan böyük olub: “Bir də fərqinə vardıq ki, o, dünyanın bir neçə dilində danışa bilir. Müxtəlif rəqəmləri ingilis dilində deyir, bu dildə özünü daha yaxşı ifadə edir, üstəlik, haradan öyrənib, necə bildiyinə dair heç bir fikrimiz olmayıb”.
Oğuzxan həm də musiqi pərəstişkarıdır. Körpəliyindən fortepianoya maraq göstərib: “Nə, niyə onu cəlb etdiyini bilmirəm. Bir də onu görürəm ki, yeni məsələdən danışır. Maraq göstərdiyi hər şeyi ilk növbədə araşdırır. İnsan orqanizmini ən xırda qan hüceyrələrinə qədər bilir. “Foto-yaddaş”ı var Oğuzxanın, gördükləri ən xırda ayrıntısına qədər yadındadır. Hətta 1 yaşında rastlaşdığı hadisəni indi də xatırlaya bilir”.
“Şagirdlərimi komanda daxilində liderliyə hazırlayıram”
Əməkdar müəllim Xoşqədəm Orucovanın sözlərinə görə, müasir tədris proqramlarında Oğuzxan kimi uşaqlar üçün hər şey nəzərə alınıb. Müasir dərsin tələblərinə riayət edən təcrübəli müəllimin sinifdə xüsusi nəsə etməyinə ehtiyac yoxdur: “Yeni kurikulum tələb edir ki, uşaq dərsi sinifdə mənimsəməlidir. Evə sadəcə biliyini dərinləşdirmək, təkrar etmək qalmalıdır. Fikrimi dərs nümunələrimlə izah edəcəyəm. Bilirəm ki, X sinif şagirdi Şərif digər şagirdlərimdən yüksək səviyyədədir. Şərifə evdə “Elektrik dövriyyəsi”ni qurmağı tapşırıram. VI sinifdə çox qabiliyyətli şagirdlərim var. Onun həm düşünmə qabiliyyəti yaxşı inkişaf edib, həm də əl qabiliyyəti düşündüklərini icra etməyə imkan verir. Dərsliyimizdə qan dövranının modeli var. VI sinifdə oxuyan həmin şagirdimə dərslik üzrə qan dövranının modelini qurub gətirməyi tapşırıram. Bu tapşırıqla vizual yaddaşı güclü olan şagirdlərimə də dəstək verirəm. Onlar yoldaşlarının hazırladığı modeli görüb üzərində işləyir və dərsini daha yaxşı mənimsəyirlər. Başqa bir əl qabiliyyəti olan şagirdimə cədvəl hazırlamaq tapşırığını verirəm. “Uşaqlar, sabah “Səs” mövzusunu keçəcəyik, “Səs”ə aid cədvəlimiz olmalıdır”, - deyib qabiliyyətli şagirdlərimə cədvəli hazırlamağı tapşırıram. Bu, güclü təhlil qabiliyyəti, yaxud yaxşı yaddaşı olmayan, amma əl qabiliyyəti ilə fərqlənən şagirdimin ev tapşırığı olur. Bir sözlə diferensial yanaşaraq sinifdə bir mövzu üzrə hər şagirdin müəyyən işi icra etməsinə nail oluram. Yerdə qalan dediyimi anlayan uşaqlar olur ki, bütün bu proses onların gözünün qarşısında baş verdiyindən mənimsəmələri çətin olmur. Beləliklə, intellekti yüksək olan şagirdlərdən əlavə materiallar istəyərək, araşdırmaları lazım gələn tapşırıqlar verməklə onların marağını artırıram. Yaxud, ağıllı şagirdimi dərs prosesinin idarəetməsinə cəlb edirəm. Əvvəlcədən tapşırıq verirəm və ona deyirəm ki, “Sən mənə kömək edəcəksən, odur ki, gələn dərsə hazır ol”, bununla o, özünü müəllim kimi hiss edir, verdiyim tapşırıq üzrə araşdırma aparır, hazırlaşır. Şagirdlərimi hər zaman bir komanda daxilində liderliyə hazırlayıram. Xüsusən ağıllı, güclü şəxsi keyfiyyətləri olan şagirdlərimin üzərində həm sözlə, həm tapşırıqlarla işləyirəm. Məsələn, deyirəm ki, nəyisə öz ətrafındakılara başa salmalısan. Fərdi tapşırıqlarla onları daha maraqlı etməyə çalışıram”.
X.Orucovanın fikrincə, uşaqları sinifdə zəif və ya güclüyə ayırıb, “Sən çətin tapşırığı et, güclüsən”,- deyib, digərinə “Bu asan tapşırıqdır, bunu da sən et”, - demək doğru yanaşma deyil: “V sinifdə dərsdə idim. Bizim bir qutumuz var, həmin qutuya şagirdlərimin hər birinin adını yazıb qoymuşam. Dərs zamanı sual qoyur, hay-küy qoparmadan qutudan bir çöp çəkirəm, adı çıxan şagird həmin suala cavab verir. Hərəyə bir sual verir, cavab alır, sonra keçirəm yeni mövzuya. Yeni mövzuya aid asan hesab etdiyim tapşırıqlardan başlayıram, çətinə doğru bütün tapşırıqları həll edirik. Tapşırıqda qoyulan sualın cavabını uşaqlardan soruşur, fikirlərini əsaslandırmalarını istəyirəm. Qoyulan sualın doğru cavabını müzakirə əsasında özləri tapırlar. Bu prosesdə heç kimə “Sən səhv dedin”, ya da “Sən düz dedin” deməyə ehtiyac qalmır. Müzakirə prosesində kimin səhv dediyini unudur, tapşırığın doğru cavabına köklənirlər. Bu cavablardan ən doğrusuna özləri qərar verirlər. Ən çətin sualın cavabına keçmədən hər kəsin diqqətini çəkirəm: “Uşaqlar əlimizdə məntiqi bir sual var, diqqətli olun, gəlin görək bunun cavabı nədir?”, - şəklində sualı qoyur, sinfin zəif sayılan şagirdindən fikrini soruşuram. Fikirləri bir yerə yığa-yığa zəif şagirdin də sualın cavablandırılmasında iştirakını təmin edirəm. Üstəlik, dərsin sonunda “mən də çətin suala cavab verdim”, - deyə o da özü ilə öyünür. Həmin şagird sualın bir hissəsini başa düşdüsə, bu, mənim dərsdə qazancımdır”.
"Azərbaycan müəllimi".