Son keçirilən buraxılış imtahanlarında yaranan problemlərdən sonra bir çox şəxs proseslərin Dövlət İmtahan Mərkəzindən alınıb Təhsil Nazirliyinə verilməsini təklif edib.
AzEdu.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib:
Təhsil jurnalisti Niyazi Şərifsoy qeyd edir ki, imtahan prosesini Dövlət İmtahan Mərkəzi həyata keçirsə, daha məqsədəuyğun olar:
“Dövlət İmtahan Mərkəzi qəbul prosesinin həyata keçirilməsində böyük təcrübəyə malikdir. O, illərdir ki, özünü bu sahədə təsdiq edib. Uzun müddətdir ki, həmin işin öhdəsindən gəlir, lakin bəzi vaxt çatışmazlıqlar yaşanır. Amma bu, o demək deyil ki, qəbul prosesi Təhsil Nazirliyinin tabeliyinə keçsin. Belə ki, orta məktəb proqramı Təhsil Nazirliyi tərəfindən hazırlanır, onun özünün imtahan həyata keçirməsi düzgün olmazdı. Buna başqa qurum nəzarət etsə, daha yaxşı olar.
Açıq tipli test tapşırıqları ilə bağlı problemlər yaranır. Məsələ ilə əlaqədar ictimaiyyətdə də fikirlər səslənməkdədir. Bu gün bir qədər ənənəvi təhsildən kənarlaşmışıq. Daha çox şagirdyönümlü bilik və bacarıqlar istiqamətinə yönəlmişik. Bu, şagirdlərdən daha çox düşüncə və dünyagörüşü qabiliyyəti tələb edir. Bu gün o təhsilimizin məzmunu bundan ibarətdir, lakin istəyərdim ki, suallar açıq tipli olsun. Onların yoxlanılması zamanı daha məsuliyyətli və diqqətli olsalar, müsbət nəticə əldə etmək olar”.
Qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi imtahanların Təhsil Nazirliyinə verilməsinin əlavə yük olacağını vurğulayıb:
“DİM uzun müddətdir ki, imtahanların keçirilməsi istiqaməti üzrə ixtisaslaşıb. Ölkəmizdə yalnız ali təhsil müəssisələrinə qəbul deyil, digər imtahanların təşkili də DİM-in ixtiyarındadır. Bura publik hüquqi şəxs statusuna sahib olduqdan sonra digər imtahanların keçirilməsini də təmin edə bilir. Lakin imtahanların Təhsil Nazirliyinə verilməsi əlavə yük yaradacaq. Çünki nazirlik hazırda müxtəlif istiqamətlər üzrə funksional işlərin aparılmasını təmin edir, əlavə imtahanların keçirilməsi səmərəlilik baxımından effektiv olmayacaq. Biz həmin dəyişiklikdən nəsə əldə edə bilməyəcəyik. Ötən il Təhsil Nazirliyinin həyata keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində baş verən problemləri nümunə göstərmək olar. Müəllim namizədlər imtahandan sonra dəfələrlə şikayət etdilər. Onlar istər vaxt, istərsə də, test tapışırıqları baxımından şikayətçi idilər. Buna paralel olaraq DİM bakalavr və digər təhsil pillələri üzrə imtahan həyata keçirdiyi üçün bunun başqa quruma verilməsi əlavə yük olacaqdır. Lakin DİM-lə Təhsil Nazirliyi paralel və müştərək şəkildə işləməlidir. Bu yolla effektiv nəticə əldə etmək olar. Paralel olaraq qəbul imtahan formatı dəyişdirilməlidir. Biz formatını dəyişərək yeniləşdirməliyik. Çünki tədricən kurikulum sisteminə keçid nəticəsində imtahanlar nəticələrinin ötən illərə nisbətən ürəkaçan olmaması, şagirdlərin özlərinə müxtəlif xəsarətlər yetirməsi kimi amillər müşahidə edilir. Bu, da bizə əsas verir ki, imtahan formatını dəyişməliyik. Vahid proqram Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmalıdır. Onlar bir proqram üzərindən çıxış etməlidilər. Bu şəkildə pərakəndəliyin də qarşısı alınacaq. Təhsil Nazirliyi və DİM proqramı arasında olan fərqliliklərin mövcudluğu nəticədə şagird və abituriyentlərin repetitorlara üz tutmasına gətirib çıxarır. Orta ümumtəhsil məktəblərində verilən dərslər kifayət etmir, bu da bir növ kölgə təhsilinin inkişaf etməsinə imkan verir. Ona görə də DİM-in ləğv edilməsini düzgün hesab etmirəm. Məzmun və forma dəyişməsə, müsbət heç nə əldə olunmayacaq”.