AzEdu.az ötən həftənin, ümumilikdə ilin son təhsil icmalını təqdim edir:
Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Təhsil Nazirliyi yanında agentlik yaradıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Ötən həftədə Ceyhun Bayramov məktəblərlə bağlı əmr verdi
Təhsil naziri Ceyhun Bayramov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) pilot təhsil müəssisələrində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək tapşırılıb.
Ötən həftədə həm də psixoloqların qiymətləndirilməsi prosesi başa çatdı
Dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb.
Ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.
Geridə buraxdığımız həftədə həm də doktoranturalar yaradılan elmi müəssisələrin siyahısında dəyişiklik edilməsi ilə də yadda qaldı
Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
Bu dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə doktoranturaların yaradılması ləğv edilib.
Ötən həftə həmdə AMEA-nın birinci vitse-prezidentlərinin məlum oldu
İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti seçildi.
Qəbul imtahanlarının keçirilmə vaxtı da məlum oldu
"Baza fənləri üzrə mart, aprel aylarında, ixtisas fənləri üzrə imtahanlar isə iyul ayında keçiriləcək.
Baza imtahanlarında III, IV, V, VI kurs tələbələri iştirak etdiyi halda, ixtisas imtahanlarına yalnız VI kurs, yəni tibb təhsilini tamamlamış namizədlər iştirak edə bilər".
Bu sözləri DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransında deyib.
Həftənin təhsil informasiyaları
Təhsil naziri Qəbələdə gənc müəllimlərlə görüşüb
Dekabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Qəbələyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.
Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu daha da yüksəlib, müəllim olmaq istəyənlərin sayı xeyli artıb. Ceyhun Bayramov qeyd edib ki, müəllimin əsas vəzifəsi cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir. Müəllim yalnız tədris fəaliyyəti ilə deyil, davranışı ilə də şagirdlərinə nümunə olmalıdır.
Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb
Təhsil nazirinin müavini Firudin Qurbanov “Liderliyin inkişafı proqramı” çərçivəsində Almaniya, Fransa, Gürcüstan, Ukrayna və Türkiyədəki Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb.