Azedu.az

Gənclər bu ixtisasları seçmir - kadr çatışmazlığı YARANACAQ

Təhsil ekspertləri

24 Oktyabr 2025, 11:12
Gənclər bu ixtisasları seçmir - kadr çatışmazlığı YARANACAQ

Son illərdə əmək bazarında müşahidə olunan dəyişikliklər bəzi ixtisaslara marağın azalmasına səbəb olub. Gənclər daha çox yüksək maaş, rahat iş şəraiti və karyera perspektivləri vəd edən sahələrə yönəlir. Nəticədə mühüm, lakin az seçilən ixtisaslarda ciddi kadr çatışmazlığı yaranır. Bu problem təkcə təhsil sisteminə deyil, həm də ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərir. Əmək bazarının tələbləri ilə gənclərin maraqları arasında yaranan bu uyğunsuzluğun səbəbləri və mümkün həll yolları geniş müzakirəyə ehtiyac duyur.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, gənc öz ixtisasından uzaqlaşdıqca, ixtisas üzrə təcrübəsini də itirir:

170783

“Məsələn, iqtisadiyyat və ya mühəndislik ixtisası üzrə təhsil almış bir gənc gedib anbar sahəsində çalışırsa, ilkin mərhələdə əməkhaqqı cəlbedici görünsə də, uzunmüddətli perspektivdə bu sahədə qalıcı inkişaf əldə etmək çətin olur. Gənc öz ixtisasından uzaqlaşdıqca, ixtisas üzrə təcrübəsini də itirir. Bu baxımdan, gənclər ixtisas seçimi zamanı ilk növbədə əmək bazarının real tələblərinə əsaslanmalı, eyni zamanda öz maraq və bacarıqlarını nəzərə almalıdırlar".

Seçilmiş ixtisas üzrə dərin bilik və bacarıqların formalaşdırılması vacibdir:

“Əgər ixtisas seçilibsə, çalışmaq lazımdır ki, həmin sahədə dərin bilik və bacarıqlar əldə edilsin, mütəxəssis kimi formalaşmaq mümkün olsun. Hazırda əmək bazarının tələblərinə uyğun ixtisaslara gənclər tərəfindən daha çox ehtiyac duyulur. Çünki gənclər ali təhsil müəssisəsini bitirdikdən sonra sosial-iqtisadi rifahlarını yaxşılaşdırmaq məqsədilə əmək bazarında tələbat olan sahələrə yönəlməyə çalışırlar. Bu sahələr onlara həm iş imkanı, həm də daha yüksək əməkhaqqı qazandırmaq potensialına malikdir".

Bəzən gənclər keçid balına uyğun olaraq müəyyən ixtisasları məcburən seçirlər. Nəticədə həmin ixtisas üzrə təhsil alsalar da, sonradan öz sahələrində çalışmırlar:

“Başqa ixtisaslar üzrə qısa kurslar keçib fərqli sektorlarda işləmək halları çoxalıb. Bu isə əmək bazarında balanssızlıq və təzadlı vəziyyət yaradır. Əsas problem ondan ibarətdir ki, ali təhsil alan bir gənc öz sahəsində mütəxəssis olmaq əvəzinə, əmək bazarında daha gəlirli sahələrə yönəlir və zamanla öz ixtisasından uzaqlaşır. Bu isə həmin gəncin peşəkar inkişafının qarşısını alır, gələcəkdə işsizlik və ya qeyri-sabit iş şəraiti ilə üzləşmək riskini artırır".

Gənclərin bəzi ixtisaslara maraq göstərməsi, xüsusilə də müasir dövrün tələblərinə uyğun olan sahələrə meyil etməsi hazırda daha da aktuallaşıb:

“Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, kibernetika və data analitikası kimi sahələr gənclər arasında böyük maraq doğurur. Bu maraq təsadüfi deyil, çünki həmin sahələr həm əmək bazarında yüksək tələbat görür, həm də yaxşı əməkhaqqı və peşəkar inkişaf imkanları təqdim edir".

Gənclər ixtisas seçimi zamanı maraqla yanaşı, real bazar ehtiyaclarını və öz potensiallarını da nəzərə almalıdırlar:

“Əgər bir gəncin kompüter elmlərinə və ya digər texnoloji sahələrə marağı varsa, o zaman ixtisas seçimi zamanı uyğun qrupu seçməli və bu istiqamətdə məqsədyönlü şəkildə irəliləməlidir. Sadəcə maraq kifayət etmir. Düzgün istiqamətlənmə, hazırlıq və sonrakı mərhələlərdə biliklərin dərinləşdirilməsi vacibdir. Bu baxımdan, ixtisas seçimi yalnız qəbul balına görə deyil, həm də əmək bazarının real ehtiyacları və şəxsi maraq və potensiala uyğun olaraq edilməlidir. Bu həm fərdi inkişafı, həm də cəmiyyətin ümumi inkişafını təmin edən mühüm amildir".

Ekspertin sözlərinə görə, hazırda ölkədə ən ciddi kadr çatışmazlığı müşahidə olunan sahələrdən biri mühəndislikdir:

“Məhz bu sahədə mövcud olan boşluqlar əmək bazarında balanssızlıq yaradaraq, müəyyən problemlərə səbəb olur. Bəzi hallarda biz bu çatışmazlığı aradan qaldırmaq üçün xarici mütəxəssisləri dəvət etməyə məcbur qalırıq".

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox