Ali təhsil müəssisələrində semestr imtahanları müxtəlif formalarda həyata keçirilir.
Tələbələrin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını daha dəqiq və obyektiv ölçmək baxımından hansı imtahan forması daha məqsədəuyğundur?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlama verib.
Bu, qəbul imtahanı deyil
"Bəzi imtahanlar açıq tipli test sualları ilə, bəziləri şifahi, bəziləri isə yazılı test üsulu ilə təşkil olunur. Hətta bəzən hazır bilet formasında suallardan da istifadə edilir ki, bu, köhnə dövrlə bağlı bir praktika idi.
Mənim fikrimcə, ən məqsədəuyğun imtahan üsulu həm yazılı, həm də praktiki formada aparılan imtahandır. Test üsulu ilə semestr imtahanlarını aparmaq tərəfdarı deyiləm, çünki ali təhsil tələbələri artıq araşdırma səviyyəsində təhsil alırlar və bu imtahanlar onların qəbul üçün verilən imtahanlar demək deyil.
Qarışıq formatda - yazılı suallar, açıq suallar və praktiki bilikləri ortaya qoyacaq sualların birləşdirilməsi semestr imtahanları üçün daha məqsədəuyğundur. Tələbələr nəzəri biliklərdən çox praktiki biliklərə yönəlməlidirlər.
Hazırkı vəziyyətdə bəzi ali təhsil müəssisələrində praktiki biliklər demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən tələbələr təhsilini bitirdikdən sonra əmək bazarında çətinlik çəkir, əlavə kurslara və repetitor hazırlığına müraciət edirlər ki, öz ixtisasları üzrə biliklərini gücləndirsin və iş imkanlarını artıraraq mövqe tutsunlar.
Bu baxımdan, alitəhsili məsələlərinin praktiki yönümlü şəkildə gücləndirilməsi və semestr imtahanlarının bu istiqamətdə təşkil olunması daha məqsədəuyğun olar".