Müasir təhsil sistemi yalnız bilik ötürən deyil, eyni zamanda düşünən, öyrənən və daim yenilənən müəllim obrazı tələb edir. Bu baxımdan, müəllimlərin sertifikasiyası prosesi Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən önəmli islahatlardan biridir. Lakin sertifikasiyadan kəsilən müəllimlər arasında müəyyən narazılıqlar var. Bildirirlər ki, növbəti il vakansiyaların kəsilən müəllimlərin sayına uyğun olmaması səbəbindən işsiz qalırlar.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.
Yeni kadrların fəaliyyəti məhdudlaşır
"Sertifikasiyadan kəsilən müəllimlərin yerinə növbəti il eyni sayda vakansiyanın açılmaması təhsil sistemində kadr dövriyyəsini tənzimləmək baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir, lakin bu addımın praktik və sosial nəticələri həm sistemin sabitliyinə, həm də pedaqoji keyfiyyətə birbaşa təsir göstərir. Təhlil göstərir ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi sertifikasiya prosesi müəllimlərin peşəkar səviyyəsini artırmaq, tədrisdə keyfiyyət göstəricilərini yüksəltmək və şəffaf qiymətləndirmə mexanizmini formalaşdırmaq məqsədi daşıyır. Lakin sertifikasiyadan keçməyən müəllimlərin sayına uyğun olaraq növbəti il vakansiyaların açılmaması həm bölgələrdə dərs yükünün artması, həm də yeni kadrların sistemə daxil olmasının məhdudlaşması ilə nəticələnir.
“Ümumtəhsil məktəblərində müəllimlərin sertifikasiyası Qaydaları” (Nazirlər Kabinetinin 348 nömrəli Qərarı, 30 iyun 2021) və “Təhsil haqqında” Qanunun 26-cı maddəsinə əsasən, müəllimlərin peşəkarlıq səviyyəsi dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirilməlidir və bu proses təhsilin keyfiyyətinə xidmət etməlidir. Lakin həmin qanunvericilik sənədlərində müəllimin sertifikasiyadan keçməməsi halında dərs yükünün dərhal dayandırılması və ya yerinə yeni vakansiyanın məhdudlaşdırılması kimi bənd yoxdur. Bu, inzibati qərarın hüquqi bazadan çox inzibati tənzimləmə xarakteri daşıdığını göstərir. Təhsil qanunvericiliyi müəllimə inkişaf imkanı yaratmaq, onun təkrar hazırlıq mərhələsindən keçərək sistemdə qalmasını təmin etmək məqsədini daşıyır. Bu baxımdan, Elm və Təhsil Nazirliyi sertifikasiyanı sistemin təmizlənməsi yox, inkişaf aləti kimi təqdim etməklə mühüm addım atmışdır.
2024-cü ilin rəsmi statistik göstəricilərinə görə, sertifikasiyaya 36 mindən çox müəllim cəlb edilib və onların təxminən 80 faizi uğurlu nəticə göstərib. Yəni 7 minə yaxın müəllim kəsilib və bu, əvvəlki illərlə müqayisədə daha sərt nəticədir. Amma bu 7 min nəfərin işlədiyi məktəblərdə təxminən 60 min şagirdin dərs yükü bir müddət balanssız qalıb. Bu, xüsusilə ucqar bölgələrdə riyaziyyat, tarix, informatika kimi fənlər üzrə ciddi çatışmazlığa səbəb olub. Sertifikasiyadan keçən müəllimlərin motivasiyası artsa da, sistemin insan resursu balansında boşluq yaranıb.
Elm və Təhsil Nazirliyi bu mexanizmi həyata keçirərkən məqsədyönlü şəkildə keyfiyyəti prioritet kimi müəyyənləşdirib və bu, doğru strategiyadır. Çünki illərlə yalnız say göstəricilərinə əsaslanan təhsil sistemi artıq nəticəyə görə ölçülməlidir. Nazirliyin son illərdə müəllim peşəkarlığının qiymətləndirilməsi və motivasiya mexanizmlərinin tətbiqi sahəsində gördüyü işlər - sertifikasiyanın elektronlaşdırılması, nəticələrin şəffaf elan olunması, müəllimlərin fərdi inkişaf planlarının hazırlanması - ölkə üzrə sistemli idarəetmənin gücləndiyini göstərir. Lakin keyfiyyətin qorunması ilə sosial sabitliyin təmin olunması arasında tarazlıq zəruridir".
Dünya təcrübəsi göstərir ki...
"Xaricdə müəllimlərin sertifikasiyadan kəsilməsi onların sistemdən birdəfəlik uzaqlaşdırılması ilə nəticələnmir. Məsələn, Estoniyada və Finlandiyada sertifikasiyadan uğursuz nəticə alan müəllimlər bir illik təlim və mentorluq proqramına cəlb olunur və yalnız ikinci dəfə də uğursuz olarsa, tədris fəaliyyətinə fasilə verilir. Bu model həm motivasiyanı qoruyur, həm də təcrübəli kadrların sistemdən birdəfəlik çıxarılmasının qarşısını alır. Azərbaycanda da eyni yanaşma tətbiq edilməlidir: müəllimlərin peşəkar inkişafına ikinci şans verilməli, onların yerinə vakansiya açılmasa belə, fərdi hazırlıq dövründə maaşın müəyyən hissəsi saxlanılmalıdır. Bu, həm sosial sabitliyi qoruyar, həm də insan resursunun tam itirilməsinin qarşısını alar.
Mənfi tərəf ondan ibarətdir ki, sertifikasiyadan kəsilənlərin yerinə vakansiya açılmadıqda məktəblərdə dərs yükü bərabər paylanmır, xüsusilə kənd məktəblərində bir müəllimə bir neçə fənn tapşırılır, bu isə həm keyfiyyəti aşağı salır, həm də müəllimlər arasında psixoloji gərginlik yaradır. Bundan əlavə, işsiz qalan müəllimlərin sosial sığorta və əməkhaqqı təminatının birdən-birə itməsi sosial narazılığa səbəb olur.
Müsbət tərəfi isə ondadır ki, sertifikasiya artıq formallıq deyil, real keyfiyyət ölçüsünə çevrilib. Nazirlik illərlə “müəllim sayı çoxdur, amma keyfiyyət aşağıdır” dilemmasını sistemli yanaşma ilə aradan qaldırmağa başlayıb. Əgər bu proses düzgün tamamlanarsa, uzunmüddətli dövrdə nəticə - peşəkar, yenilikçi və təlim yönümlü müəllimlərin çoxalması olacaq. Bu, həm də universitetlər üçün mesajdır: pedaqoji ixtisaslarda keyfiyyətli kadr hazırlığı prioritet olmalıdır.
Gələcəkdə dəyişməli olan odur ki, sertifikasiya prosesi nəticəsində boşalan yerlər üçün çevik vakansiya mexanizmi yaradılmalıdır. Bu mexanizm MİQ və sertifikasiya sistemlərinin inteqrasiyası ilə təmin oluna bilər. Yəni sertifikasiyadan keçməyənlərin sayı qədər vakansiya elektron qaydada açılmalı və yeni müəllimlər üçün sürətli qəbul imkanı yaradılmalıdır. Eyni zamanda, sertifikasiyada uğursuz nəticə göstərənlər üçün dövlət hesabına ixtisasartırma kursları təşkil edilməlidir.
Hesab edirım ki, Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi sertifikasiya siyasəti strateji baxımdan düzgün, nəticəyönümlü və sistemin uzunmüddətli dayanıqlığını təmin edən addımdır. Sadəcə, bu siyasətin sosial adaptasiya mərhələsi daha həssas və mərhələli olmalıdır. Nazirliyin bu istiqamətdə atdığı addımlar təhsil sistemini təmizləmək yox, təkmilləşdirmək məqsədi daşıyır. Əgər mexanizm təkmilləşdirilərsə, həm müəllimlər üçün ədalətli mühit, həm də şagirdlər üçün keyfiyyətli təhsil təmin ediləcək".