Hazırkı təhsil sistemində ixtisasını doktorantura pilləsində tamamlamış və müəyyən elmi fəaliyyət göstərmiş şəxs müəllim vəzifəsinə namizəd ola bilir. Lakin pedaqoji bacarıqların yoxlanılması üçün hər hansı imtahan və ya sertifikat sistemi nəzərdə tutulmayıb.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki, universitetlərdə müəllimlərin işə qəbul prosesi uzun illərdir elmi-pedaqoji sistemin ən zəif bəndlərindən biri olaraq qalır.
"Təhlil göstərir ki, ali təhsil müəssisələrinin daxili muxtariyyət prinsipi bəhanəsi ilə formalaşmış bu mexanizm şəffaflıqdan uzaq, obyektivlikdən kənar və bəzən akademik mühitə zərbə vuran tendensiyalara yol açır. Təhsil haqqında Qanunun 35.1-ci maddəsində “Ali təhsil müəssisəsi elmi-pedaqoji heyəti öz daxili qaydalarına əsasən seçir və işə qəbul edir” müddəası muxtariyyət hüququnu təsbit etsə də, bu azadlıq nəticə etibarilə bəzən keyfiyyətin idarəedilməsində nəzarətsizliyə gətirib çıxarır. Elm və Təhsil Nazirliyinin son illərdə ali təhsildə keyfiyyət təminatı və akkreditasiya sisteminin gücləndirilməsi istiqamətində atdığı addımlar isə bu boşluğu tədricən doldurmağa yönəlib. Xüsusilə, Akkreditasiya və Reytinq Agentliyinin yaradılması, “Ali təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiqi və keyfiyyət indikatorlarının tədris səriştəsinə bağlanması müsbət irəliləyişdir və ali təhsildə nəticəyönümlü idarəetmənin formalaşmasına şərait yaradır.
Hal-hazırda universitetlərdə müəllim seçiminin əsas meyarı elmi dərəcə və ya titulun mövcudluğudur. Doktorantura pilləsini bitirmiş və elmi məqalələr çap etdirmiş şəxs avtomatik olaraq müəllim vəzifəsinə iddia edə bilir. Lakin pedaqoji psixologiya, tədris metodikası, qiymətləndirmə və kommunikasiya kimi bacarıqlar bu mərhələdə yoxlanılmır. Elm haqqında Qanunun 6.3-cü maddəsi “elmi fəaliyyətin əsas məqsədi yeni biliklərin əldə olunması və tətbiqidir” ifadəsi ilə elmi tədqiqatın mahiyyətini müəyyən edir, lakin bu prosesin tədris fəaliyyəti ilə əlaqəsini müəyyənləşdirmir. Nəticədə elmi bilik pedaqoji formaya çevrilmir. Bu ziddiyyət auditoriyada tələbəyə verilən biliklərin keyfiyyətinə və öyrənmə motivasiyasına mənfi təsir göstərir.
Statistik göstəricilər də bu boşluğu təsdiqləyir. 2024-cü il məlumatına əsasən, ölkə üzrə universitetlərdə təxminən 15 min elmi-pedaqoji işçi çalışır, lakin onların cəmi 22 faizi pedaqoji bacarıq üzrə sertifikasiyadan keçib və ya təlimlərdə iştirak edib. Digər tərəfdən, beynəlxalq müqayisələr göstərir ki, Finlandiyada universitet müəllimlərinin 100 faizi “University Pedagogical Qualification” adlı proqramdan keçmədən dərs deməyə icazə almır. Almaniyada hər bir professor və dosent “Hochschuldidaktik Zertifikat” imtahanı verməlidir. Bu ölkələrdə məqsəd yalnız elmi səviyyəni yox, eyni zamanda öyrətmə qabiliyyətini ölçməkdir. Azərbaycan universitetlərində isə bu təcrübə yoxdur və nəticədə elmi dərəcəsi olan, lakin dərs prosesini idarə edə bilməyən şəxslər tədris aparır.
Elm və Təhsil Nazirliyinin son dövrlərdə pedaqoji səriştənin inkişafı ilə bağlı təşəbbüsləri bu vəziyyəti dəyişməyə istiqamətlənib. Xüsusilə, “Təhsil müəssisələrində insan resurslarının idarə olunması strategiyası” çərçivəsində universitetlər üçün səriştə əsaslı kadr seçimi mexanizminin hazırlanması, təlim və qiymətləndirmə modullarının vahidləşdirilməsi müsbət addımdır. Nazirliyin məqsədi universitetlərin muxtariyyətinə toxunmadan, keyfiyyətin monitorinqi vasitəsilə müəllimlərin tədris bacarığını qiymətləndirmək və bu istiqamətdə minimum standartlar müəyyən etməkdir. Bu yanaşma ali təhsildə sistemli nəzarətin formalaşmasına və şəffaflıq prinsiplərinin güclənməsinə xidmət edir.
Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi universitetlərin daxili təyinat mexanizmlərinə birbaşa müdaxilə etmir, lakin nəticələrə görə məsuliyyət tələb edir. Yəni “nə öyrədirsən, necə öyrədirsən və tələbənin nəticəsi nədir?” suallarının cavabı artıq sistemin qiymətləndirmə mərkəzinə çevrilir. Bu, universitetləri keyfiyyətli müəllimlər cəlb etməyə, tədris metodlarını yeniləməyə və rəqabət mühiti yaratmağa vadar edir.
Lakin mənfi tərəf ondadır ki, bir çox universitetlər hələ də tədris keyfiyyətinə deyil, şəxsi münasibətlərə əsaslanan kadr təyinatı praktikasını davam etdirir. Elmi şura qərarları və müsahibə komissiyaları çox vaxt formal xarakter daşıyır, nəticədə gənc, potensiallı, müasir pedaqoji yanaşmalara malik namizədlər sistemdən uzaqlaşdırılır. Bu isə ali təhsildə yenilənmənin qarşısını alır və köhnə akademik münasibətlər sistemini qoruyur".
Dünya təcrübəsi nə deyir?
"Tədris və elmin sintezi yalnız vahid keyfiyyət standartı ilə təmin oluna bilər. Böyük Britaniyada “Teaching Excellence Framework” (TEF) sistemi universitet müəllimlərinin tədris nəticələrinə görə akkreditasiyasını təmin edir. ABŞ-da universitetlər “Faculty Evaluation System” vasitəsilə hər il müəllimlərin pedaqoji fəaliyyətini tələbə rəyləri, kurs nəticələri və innovativ metodlardan istifadə səviyyəsinə görə ölçür. Bu yanaşmalar Azərbaycanda da tətbiq olunsa, tədris səriştəsi elmi dərəcə qədər önəmli meyar kimi qəbul ediləcək.
Buna görə də dəyişməli olan əsas məqam universitetlərin muxtariyyət anlayışının düzgün interpretasiyasıdır. Muxtariyyət nəzarətsizlik demək deyil, əksinə, məsuliyyətli azadlıq modelidir. Elm və Təhsil Nazirliyinin atdığı son addımlar bu modelin formalaşmasına xidmət edir. Nazirliyin keyfiyyət təminatı, səriştə əsaslı yanaşma və beynəlxalq akkreditasiya tələblərinin vahidləşdirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Lakin universitetlər bu tələbləri sadəcə sənəd səviyyəsində deyil, daxili idarəetmə mədəniyyəti səviyyəsində qəbul etməlidirlər.
Hesab edirəm ki, savadlı olmaq - yəni elmi dərəcəyə sahib olmaq - yaxşı öyrədən olmaq demək deyil. Yaxşı müəllim həm də psixoloq, tədqiqatçı, motivator və kommunikator olmalıdır. Universitet müəlliminin missiyası bilik ötürmək deyil, düşüncə formalaşdırmaqdır. Bu baxımdan pedaqoji səriştənin yoxlanılması, təlimlərin məcburiliyi və sertifikatlaşdırmanın tətbiqi artıq zərurətdir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə addımları sürətləndirsə, universitetlər arasında real keyfiyyət fərqi yaranacaq, tələbə yönümlü təhsil modeli reallığa çevriləcək və Azərbaycan ali təhsili beynəlxalq standartlara inteqrasiya baxımından ciddi irəliləyiş əldə edəcək".