Son illərdə gənclərin xaricdə təhsil almağa artan marağı cəmiyyətdə müxtəlif yanaşmalar doğurur. Bəziləri bu prosesi yerli universitetlərin uğursuzluğu kimi dəyərləndirir, digərləri isə onu təbii inkişaf mərhələsi və qloballaşan dünyanın bir nəticəsi hesab edir.
Məsələ ilə bağlı təhsil eksperti Rasim Həsənzadə AzEdu.az-a açıqlama verib.
"Tələbələrin xaricdə təhsil almağa meyillənməsini yalnız yerli universitetlərin uğursuzluğu kimi dəyərləndirmək birtərəfli yanaşma olar. Bu tendensiya, əslində, bir neçə müxtəlif amilin və qloballaşan təhsil proseslərinin nəticəsidir. Gənclər getdikcə daha çox beynəlxalq təcrübə qazanmaq, xarici dilləri mükəmməl öyrənmək, fərqli mədəniyyətləri yaxından tanımaq və gələcək karyeralarında daha geniş imkanlara sahib olmaq istəyir".
Xaricdə təhsil onlar üçün təkcə diplom deyil
"Bu, onlar üçün dünyagörüş, qlobal şəbəkə və fərdi inkişaf fürsəti rolunu oynuyur. Bununla belə, tələbələrin bir hissəsinin xaricə yönəlməsində yerli ali təhsil sisteminin müəyyən çatışmazlıqları da rol oynayır. Bəzi universitetlərdə tədris proqramlarının müasir əmək bazarının tələblərinə tam uyğun gəlməməsi, praktik bilik və bacarıqların az öyrədilməsi, tədqiqat və innovasiya imkanlarının məhdudluğu kimi məsələlər gəncləri alternativ axtarışlara sövq edir. Bu faktı uğursuzluq kimi deyil, daha çox təhsilin keyfiyyətini artırmaq üçün bir xəbərdarlıq, yəni inkişaf siqnalı kimi qəbul etmək lazımdır. Universitetlər mütəmadi olaraq maraqlı tərəflər kimi tələbələrin fikirlərini nəzərə almalı onlarla məmnuniyyət sorğuları keçirməlidirlər.
Əslində, bu proses rəqabət mühitinin formalaşmasına və universitetlərin özlərini dami inkişaf etdirməsinə də şərait yaradır. Bugünkü dünyada ali təhsil müəssisələri yalnız diplom verən deyil, həm də tədqiqat aparan, ideyaları iqtisadi və sosial dəyərə çevirən mərkəzlərə çevrilməlidir. Əgər yerli universitetlər beynəlxalq standartlara uyğun tədris mühitləri yarada, xarici tərəfdaşlıqları genişləndirə və tələbələrə real bacarıqlar qazandıran tədris modellərə keçə bilsələr, o zaman gənclərin xaricə axını təbii şəkildə azalacaq. Digər tərəfdən, xaricdə təhsil alan gənclərin ölkəyə qayıdaraq qazandıqları bilik və təcrübəni paylaşması da milli təhsil və elmi mühitin inkişafı üçün mühüm potensial yaradır. Yəni məqsəd gəncləri xaricə getməkdən çəkindirmək deyil, onların bu prosesdən həm fərdi, həm də ictimai fayda əldə etmələrinə şərait yaratmaqdır. Beləliklə, tələbələrin xaricə üz tutması təhsildə böhran yox, əksinə, sistemin özünü yeniləməsi üçün bir çağırışdır. Əsas məsələ bu tendensiyanı düzgün anlamaq və onu təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində fürsətə çevirməkdir".