Azərbaycan ali təhsil sistemi son illərdə struktur islahatları və Boloniya prosesinə inteqrasiya istiqamətində müəyyən irəliləyişlər göstərsə də, bakalavr proqramlarının reallıqda beynəlxalq standartlara uyğunluğu hələ tam təmin olunmayıb. Hazırkı proqramlarda nəzəri biliklərin üstünlük təşkil etməsi, praktiki və tədqiqat yönümlü modulların məhdud olması, eləcə də müəllim və infrastruktur resurslarının qeyri-bərabərliyi bu fərqlərin əsas səbəblərindəndir. Bu vəziyyət proqramların nəticəyönümlülüyünü və tələbələrin əmək bazarına hazır olmasını birbaşa təsir edir.
Təhsil eksperti Kamran Əsədov bununla bağlı AzEdu.az-a açıqlama verib.
Bakalavr proqramlarının beynəlxalq standartlardan əsas fərqləri
"Azərbaycan ali təhsil sistemində bakalavr proqramlarının beynəlxalq standartlardan əsas fərqləri daha çox məzmunda, metodologiyada və nəticəyönümlülükdə özünü göstərir. Təhlil göstərir ki, ölkədə ali təhsil quruluşu formal olaraq Boloniya prosesinə inteqrasiya olunsa da, reallıqda bir çox struktur və məzmun komponentləri hələ də köhnə sovet modeli üzərində qurulub. Yəni sistem forma etibarilə “kredit əsaslı” görünür, amma mahiyyət etibarilə hələ də “müəllim mərkəzli” qalır.
“Təhsil haqqında” Qanunun 14-cü maddəsinə əsasən, ali təhsilin məqsədi “bilik, bacarıq və kompetensiyalar formalaşdırmaqla əmək bazarına və elmi-texniki inkişafa uyğun mütəxəssis hazırlamaqdır”. Lakin hazırkı proqramların təhlili göstərir ki, bu məqsəd tam şəkildə reallaşmır. Bakalavr proqramlarının 64-70 faizi nəzəri biliklərə yönəlib, praktiki modullar və tədqiqat yönümlü dərslər isə ümumi planın yalnız 15-20 faizini təşkil edir. Bu, beynəlxalq standartlarla müqayisədə böyük fərqdir. Məsələn, Almaniyanın, Niderlandın və Finlandiyanın bakalavr proqramlarında praktik və layihə əsaslı fəaliyyətlərin payı 40-50 faiz təşkil edir.
Beynəlxalq universitetlərdə bakalavr pilləsi təkcə bilik ötürmək deyil, tələbənin fərdi inkişafını, tənqidi düşüncə və tədqiqat bacarığını formalaşdırmaq məqsədi daşıyır. Bizdə isə tədris proqramları çox vaxt “nəyi bilməlidir?” sualına cavab verir, “bu biliyi necə tətbiq etməlidir?” aspektini isə kölgədə qoyur. Məsələn, ABŞ universitetlərində “learning outcomes” (öyrənmə nəticələri) hər bir fənn üzrə konkret şəkildə ölçülür və tələbənin layihə, təqdimat, tədqiqat və sosial fəaliyyət nəticələrinə əsaslanır. Azərbaycanda isə bu sistem çox hallarda sadəcə formal sənəd kimi qalır.
Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi “Ali təhsilin keyfiyyət təminatı” və “Yeni nəsil kadr hazırlığı” islahatları bu boşluqları aradan qaldırmaq məqsədi daşıyır. Nazirliyin təşəbbüsü ilə bir sıra universitetlərdə modul əsaslı proqramlara keçid, “Dual təhsil” layihələri və işəgötürənlərlə əməkdaşlıq mexanizmləri tətbiq edilir. Məsələn, 2024-cü ildə 15 ali təhsil müəssisəsində təcrübə proqramlarının müddəti 30 faiz artırılıb, “Azərbaycan Texniki Universiteti” və “ADA Universiteti” kimi ali məktəblərdə tələbələrin məzuniyyət göstəricilərində müsbət dinamika müşahidə olunur. Bu, sistemin istiqamətinin düzgün seçildiyini göstərir.
Bununla belə, struktur səviyyəsində hələ də ciddi problemlər qalmaqdadır. Bir çox universitetlərdə kurikulumun çevikliyi və əmək bazarı ilə əlaqəsi zəifdir. Fənlərin məzmunu sürətlə dəyişən texnoloji trendlərə uyğunlaşdırılmır. Misal üçün, İKT və mühəndislik ixtisaslarında bəzi fənlərin proqramları 2013-cü ildən dəyişdirilməyib, halbuki bu sahələrdə biliklər hər 3-4 ildən bir yenilənməlidir. Xarici universitetlərdə isə bu proses dinamikdir: ABŞ-də Stanford, MIT və Avropa universitetləri hər il fənn kataloqlarını yeniləyir və sənaye ilə birgə yeni modullar əlavə edirlər.
Digər mühüm fərq akademik azadlıq və interdisiplinarlıq məsələsindədir. Azərbaycan universitetlərində bakalavr tələbəsinin fənn seçimi imkanları məhduddur - çox vaxt 70 faizdən çox fənlər məcburi blokdan ibarətdir. Xaricdə isə tələbələr öz akademik maraqlarına görə proqramın 40-50 faizini fərdi şəkildə formalaşdıra bilir. Bu, həm yaradıcı düşüncəni, həm də müstəqil qərarvermə qabiliyyətini inkişaf etdirir.
Bakalavr proqramlarının beynəlxalq standartlardan geri qalmasının bir digər səbəbi də akademik müəllim heyətinin elmi-tədqiqat yönümlü fəaliyyətinin zəifliyi ilə bağlıdır. Təhlillərə görə, Azərbaycan universitetlərində dərs deyən müəllimlərin yalnız 18 faizi son 3 ildə beynəlxalq elmi bazalarda (Scopus, WoS) indeksləşən məqalə dərc etdirib. Halbuki Finlandiyada bu göstərici 72 faiz, Türkiyədə 45 faizdir. Tədqiqatla tədris arasında körpü olmadıqda, proqramlar müasir elmi nəticələrə söykənmir, tələbə isə dünyadakı bilik tendensiyalarından uzaq qalır".
İslahatlar, müsbət meyillər və gələcək perspektivlər
"Nazirliyin bu istiqamətdə son illərdə gördüyü işlər müsbət nəticələr verir. “Elmi məqalələrin beynəlxalq nəşr dəstəyi”, “Ali təhsildə mentorluq proqramı”, “Beynəlxalq ikili diplom layihələri” və “Universitetlərarası əməkdaşlıq sazişləri” sayəsində bəzi universitetlərdə beynəlxalq tədqiqat fəaliyyətində artım müşahidə olunur. Xüsusilə ADA Universiteti, Bakı Mühəndislik Universiteti və BDU-nun beynəlxalq proqramlarda iştirakı son iki ildə iki dəfədən çox artıb.
Əsas fərqlərdən biri də tədris metodologiyası və qiymətləndirmə mexanizmlərində özünü göstərir. Xarici universitetlərdə tələbə fəaliyyətinin 60-70 faizi “continuous assessment” (davamlı qiymətləndirmə) əsasında aparılır - yəni semestr boyu layihə, təqdimat, tədqiqat və seminar iştirakı qiymətin əsas hissəsini təşkil edir. Azərbaycanda isə çox hallarda yekun imtahan 70-80 faizlik paya malik olur. Bu da öyrənməni davamlı prosesdən çox imtahan nəticəsinə yönəldir.
Beynəlxalq təcrübə ilə müqayisədə bir fərq də ümumi akademik mədəniyyətin formalaşması ilə bağlıdır. Xaricdə bakalavr təhsili tələbəni yalnız peşə sahibi etməyə yox, həm də “öyrənməyi öyrənən insan”a çevirməyə xidmət edir. Azərbaycanda isə təhsil çox vaxt “diplom almaq” məqsədi ilə məhdudlaşır. Bu fərq universitet mühitinin fəallığı, tələbə klublarının fəaliyyəti və akademik müstəqilliyin dərəcəsində özünü göstərir.
Hesab edirəm ki, Azərbaycan bakalavr proqramları beynəlxalq standartlara yaxınlaşmaq istiqamətində mühüm mərhələyə qədəm qoyub. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi struktur islahatları - kredit sisteminin təkmilləşdirilməsi, dual təhsil və sənaye əməkdaşlığı, beynəlxalq proqramların tətbiqi və keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi - müsbət addımlardır. Lakin bu sistemin tam effektiv işləməsi üçün proqramların məzmunu daha çevik, nəticəyönümlü və interdisiplinar olmalı, müəllimlərin elmi fəaliyyəti stimullaşdırılmalı, qiymətləndirmə sistemi isə imtahandan çox öyrənməni ölçməyə xidmət etməlidir.
Əgər bu istiqamətlərdə islahatlar ardıcıl davam etdirilərsə, Azərbaycanın bakalavr proqramları yaxın illərdə Avropa Ali Təhsil Məkanının real tələblərinə uyğunlaşacaq, ölkə universitetlərinin beynəlxalq tanınması və məzunlarının qlobal əmək bazarında rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər məhz bu strateji hədəfi reallaşdırmağa xidmət edən uzaqgörən siyasət kimi qiymətləndirilməlidir".