Azedu.az

Kurikulumun icrasında həm resurs, həm idarəetmə problemi var

Təhsil ekspertləri

14 Oktyabr 2025, 16:44
Kurikulumun icrasında həm resurs, həm idarəetmə problemi var

Azərbaycan təhsil sistemində aparılan islahatların əsas istiqamətlərindən biri kurikulum modelinin tətbiqidir. Bu yanaşma tədris prosesini daha çevik, nəticəyönlü və əmək bazarının tələblərinə uyğun formalaşdırmağı hədəfləyir. Lakin yeni kurikulumun tam və keyfiyyətli şəkildə həyata keçirilməsi bir sıra çətinliklərlə müşayiət olunur.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib:

Kurikulumdakı boşluqlar

"Təəssüf ki, hələ də kurikulumda müəyyən boşluqlar qalmaqdadır. Bununla yanaşı, demək mümkündür ki, bəzi təhsil müəssisələrində kurikulum tam və keyfiyyətli şəkildə icra olunmur. 

Azərbaycanda kompetensiyalara və səriştələrə əsaslanan kurikulum sisteminə keçidlə bağlı məqsəd və iradə mövcuddur, artıq bu prosesə rəsmi şəkildə start verilib. Lakin tətbiq mərhələsində həm müəllim və pedaqoji resursların, həm də infrastruktur imkanlarının məhdudluğu, eyni zamanda qiymətləndirmə və məktəb idarəetməsindəki problemlər sistemin tam oturuşmasına mane olur.

Məktəblərdə müəllimlərin qərar qəbul etmə imkanlarının kifayət qədər məhdud olması da kurikulumun yerli şəraitə uyğunlaşdırılmasını çətinləşdirir. Statistik məlumatlar və aparılan monitorinqlər bu fikri təsdiq edir. Elm və Təhsil Nazirliyinin, eləcə də müvafiq agentliklərin apardığı müşahidələr göstərir ki, məktəblər arasında ciddi fərqlər qalmaqdadır. Bu fərqlər bəzi məktəblərin daha uğurlu nəticələr göstərməsi, digərlərinin isə geridə qalması ilə özünü büruzə verir.

Bütün bunlar onu göstərir ki, ölkə üzrə kurikulum sisteminə tam adaptasiya hələ başa çatmayıb. Eyni zamanda, inklüziv təhsillə bağlı problemlər də mövcuddur. Xüsusi təhsil ehtiyacları olan şagirdlərin tədris prosesinə cəlbi, eləcə də peşə təhsili sahəsində əmək bazarının tələblərinə uyğun hazırlığın aparılması istiqamətində əlavə dəstəyə ehtiyac var".

Müəllimlərin peşəkar və davamlı inkişafı istiqamətində də boşluqlar qalır

"Təlim və dəstək mexanizmləri kifayət qədər effektiv deyil. Halbuki bu prosesdə inzibati yanaşmalardan çox, dəstək yönümlü mexanizmlər daha uğurlu nəticə verə bilərdi.

Qiymətləndirmə sistemi də hələ tam transformasiya olunmayıb. Hələ də yaddaşa əsaslanan qiymətləndirməyə üstünlük verilir, halbuki məqsəd səriştə və bacarıqlar əsasında qiymətləndirmə modelinə keçməkdir. İnfrastruktur baxımından da şəhər və region məktəbləri arasında ciddi fərqlər qalmaqdadır. Məsələn, texnologiyalardan istifadə, kitabxanaların təchizatı və resurs təminatı kimi sahələrdə bərabərsizlik müşahidə olunur.

Bu fərqlər həm müəllimlərin, həm də məktəb rəhbərlərinin qərarvermə səlahiyyətlərinin məhdudluğu ilə birbaşa bağlıdır. Qərarların əsasən yuxarıdan verilməsi prosesin çevikliyini azaldır.

Kurikulumun təkmilləşdirilməsi istiqamətində görüləcək işlər çoxdur. Müəllimlərin kompetensiya əsaslı bacarıqlarının inkişafı, rəqəmsallaşmanın təhsildə tətbiqi, məktəb rəhbərləri üçün idarəetmə bacarıqları üzrə təlimlərin keçirilməsi vacibdir. Həmçinin qiymətləndirmə sisteminin yenilənməsi, bacarıq və səriştələrin ölçülməsinə yönəlmiş yanaşmaların tətbiqi prioritet olmalıdır.

İnklüziv təhsil strategiyalarının genişləndirilməsi, resurs təminatının gücləndirilməsi və maarifləndirmə tədbirlərinin artırılması da mühüm istiqamətlərdəndir.

Əmək bazarı ilə təhsilin əlaqələndirilməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Təhsilin əsas məqsədi gələcəkdə əmək bazarına uyğun kadr hazırlamaq olmalıdır. Təəssüf ki, bəzi hallarda məktəblərdə verilən biliklər bu məqsədə xidmət etmir, nəticədə gənclər praktik bacarıqlardan daha çox nəzəri biliklərlə məhdudlaşırlar.

Bütün bu məsələlərin həlli üçün prioritetlər düzgün müəyyənləşdirilməlidir. Müəllim hazırlığı, qiymətləndirmə sistemi, məktəb rəhbərlərinin idarəetmə bacarıqları, inklüziv və peşə təhsili sahələrinin inkişafı əsas istiqamətlər kimi önə çıxmalıdır.

Əgər bu prioritetlər düzgün seçilərsə və infrastruktur fərqləri aradan qaldırılsa, eyni zamanda tətbiq prosesində yerli şəraitə uyğun çevik yanaşmalar tətbiq edilərsə, qısa müddətdə mövcud problemlərin əhəmiyyətli hissəsinin həllinə nail olmaq mümkündür".

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox