Azedu.az

Magistr dissertasiyaları: formal iş, yoxsa elmi yenilik?

Təhsil ekspertləri

Magistratura

14 Oktyabr 2025, 14:12
Magistr dissertasiyaları: formal iş, yoxsa elmi yenilik?

Magistr dissertasiyaları ali təhsildə tədqiqat bacarıqlarının nümayiş etdirilməsi üçün əsas vasitələrdən biridir. Lakin cəmiyyət arasında tez-tez qeyd olunur ki, bu işlər real elmi nəticələrdən çox, formal tələbləri yerinə yetirmək üçün hazırlanır.

Məsələ ilə bağlı təhsil eksperti Rasim Həsənzadə AzEdu.az-a açıqlama verib.

170051

"Bildiyiniz kimi, son illərdə Azərbaycanda magistratura təhsili əhəmiyyətli dərəcədə genişlənib. Lakin bu kəmiyyət artımı təəssüf ki, hər zaman keyfiyyət göstəriciləri ilə paralel inkişaf etmir. Prinsip etibarilə, magistr dissertasiyası gənc tədqiqatçının elmi düşünmə, analitik təhlil və problem həll etmə bacarığını nümayiş etdirməli, yeni bilik və yanaşma təqdim etməlidir. Amma təcrübə göstərir ki, çox hallarda vəziyyət fərqli olur".

Bəs reallıq necədir?

"Əksər hallarda magistr dissertasiyası elmi nəticədən çox, sadəcə formal bir iş kimi qəbul edilir; işlərin elmi yeniliyi, metodoloji əsaslandırması və nəticələrinin praktik əhəmiyyəti çox vaxt zəif olur. Bu vəziyyətin əsas səbəbləri arasında mövzuların məzmunca təkrarlanan və innovativ olmaması, tələbələrin tədqiqat metodologiyası üzrə zəif hazırlığı, elmi rəhbərlərin bəzən formal yanaşması və universitetlərdə real tədqiqat mühitinin yetərincə formalaşmaması göstərilir.

Əslində, məsələ yalnız tələbələrin məsuliyyəti ilə məhdudlaşmır. Mövcud sistem elə qurulub ki, əsas diqqət elmi axtarışa deyil, işin vaxtında təhvil verilməsinə yönəlir. Dissertasiyanın keyfiyyəti çox vaxt müdafiə mərhələsində formal qaydada yoxlanılır, onun praktik və ya nəzəri dəyərinə isə az önəm verilir.

Hazırda qüvvədə olan “Magistrlik Dissertasiyasının Hazırlanması, Təqdim Olunması və Müdafiəsi Qaydaları haqqında Əsasnamə” 1998-ci ildə təsdiq edilib. Düşünək ki, bu sənəd 27 il əvvəlki elmi yanaşmaları əks etdirir - halbuki bu müddətdə həm elm, həm texnologiya, həm də tədqiqat metodları ciddi şəkildə dəyişib. Məsələn, sənəddə dissertasiya işinin həcmi "75 səhifədən çox olmamalıdır" kimi qeyd var, halbuki dünya təcrübəsində magistr dissertasiyaları bəzən 150-200 səhifəni də keçə bilir.

Bundan başqa, tələbələrə dissertasiya yazma mərhələsində daha çox elmi və yaradıcı azadlıq verilməlidir. Məsələn, hər iki aydan bir ara hesabatların təqdim olunması və rəhbərlərlə müzakirələr sistemi tətbiq edilə bilər. Reallıqda isə vəziyyət fərqlidir: magistratura ikiillik proqramdır, bunun 1,5 ili dərslərlə keçir, dərslər bitdikdən dərhal sonra tələbələrdən dissertasiya tələb olunur. Bu isə real tədqiqat üçün vaxt buraxmır. Nəticədə bir çox tələbə 2 ay ərzində işi “yetişdirmək” məcburiyyətində qalır və 400-500 manat qarşılığında dissertasiya yazan şirkətlərə üz tutur.

Daha bir problem isə bizdə isə çox vaxt kafedralar müəllimlərdən mövzu toplaması və bunları tələbələrə təklif etməsidir. Halbuki tələbə özü araşdırmalı, maraq dairəsinə uyğun mövzunu seçməli və rəhbərinə təklif etməlidir. Mövzuya marağı olmayan tələbədən yüksək keyfiyyətli tədqiqat gözləmək, təbii ki, real deyil.

Digər ciddi məsələ - dissertasiya işlərinin elektron bazasının olmamasıdır.  Bir çox ölkədə universitet səviyyəsində bütün magistr və doktorluq işləri vahid rəqəmsal platformada toplanır və açıq şəkildə tədqiqatçılara təqdim olunur. Bizdə isə bir işə baxmaq üçün universitetin kitabxanasına getmək, arxivdə axtarış aparmaq tələb olunur ki, bu da həm vaxt itkisinə, həm də məlumatın əlçatmazlığına səbəb olur. Halbuki elektron baza sistemi həm şəffaflığı təmin edər, həm də tədqiqatçılar üçün faydalı resurs yaradar.

Bu prosesi elmi mahiyyətə qaytarmaq üçün bir sıra addımlar atıla bilər:

"Bunlara magistratura səviyyəsində “Tədqiqat metodları” fənninin gücləndirilməsi, dissertasiya mövzularının real sahə problemləri ilə əlaqələndirilməsi, universitetlərdə kiçik tədqiqat laboratoriyalarının yaradılması, müdafiə prosesinə müstəqil ekspertlərin cəlb olunması və dissertasiya işlərinin nəticələrinin elmi jurnallarda və konfranslarda təqdim edilməsinin təşviqi daxildir.

Nəticə olaraq, bu gün magistr dissertasiyalarının bir hissəsi hələ də formal xarakter daşıyır, lakin düzgün istiqamətləndirmə, tədqiqat mədəniyyətinin formalaşdırılması və normativ bazanın yenilənməsi ilə magistr dissertasiyaları ölkəmizdə elmi potensialın inkişafında mühüm rol oynaya bilər".

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox