Azedu.az

Praktik yönümlü magistratura: tələbələr və müəllimlər nəyi dəyişməlidir?

Təhsil ekspertləri

14 Oktyabr 2025, 10:28
Praktik yönümlü magistratura: tələbələr və müəllimlər nəyi dəyişməlidir?

Bakalavr proqramlarında öyrədilən biliklərin magistratura pilləsində də demək olar ki, eyni formada təkrarlanması ilə bağlı tələbələr arasında narazılıqlar yaranıb.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.

Ekspert bildirb ki, magistratura sistemində həm plan yerlərinin artması, həm də bu artıma uyğun olaraq müsabiqələrin müəyyən qədər azalması fonunda bu cür müzakirələr baş verir.

"Mən bütün universitetlərdə və bütün magistr proqramlarında vəziyyətin eyni olduğunu deməyəcəm. Universitetlər və ixtisaslar fərqlidir, təbii ki, burada müəyyən nüanslar mövcuddur.

Birincisi, magistr seçimi məsələsinə gəlincə, Qərbdə bir çox inkişaf etmiş universitetlərdə fakültə və ya professor özü müəyyən bir layihə elan edir və magistr tələbələrini həmin layihənin icraçısı kimi dəvət edir. Beləliklə, magistr tələbələri tədris prosesində böyük seçim imkanına sahib olur. Onlar sırf ixtisaslarını inkişaf etdirmək üçün özlərinə lazım olan dərsləri seçirlər.

Həmçinin, orada təhsil haqqı kifayət qədər yüksəkdir və buna görə də tələbələr oxuduqlarının fərqində olurlar. Azərbaycanda isə müəyyən problemlər var. Magistraturada oxuyan oğlanların əksəriyyəti üçün bu, hərbi xidmətə çağırışdan möhlət almaq, iş fəaliyyəti və ya iş axtarışı məqsədli addım kimi görünür. İşi olanlar axşam dərslərinə gəldikdə artıq yorğunluq hiss olunur.

Mən dərslərin mütləq səhər keçirilməsini demirəm, çünki bu halda plan yerləri kifayət qədər boş qalardı. Eyni zamanda, hazırda işləyənlərin də obyektiv səbəblərdən təhsil alma imkanları azalar.

Son illərdə magistr proqramlarında və tədris məzmununda müəyyən dəyişikliklər aparılıb. Bu proqramlar iş dünyasının tələblərinə uyğun şəkildə yenidən hazırlanıb. Əsas fərq ondadır ki, magistr pilləsində ixtisaslaşma daha çox praktik və tətbiqi yönümlüdür".

Əsas məsuliyyət tədrisi aparan müəllimlərin üzərinə düşür

"Onlar dərsləri bakalavr səviyyəsindən fərqli şəkildə keçməlidirlər. Çünki magistr qruplarında tələbə sayı az olur və onlar artıq müəyyən mərhələni keçərək baza biliklərinə sahib olurlar.

Eyni zamanda, magistrlərin öz yanaşması da dəyişməlidir. Bəzən onlar dərslərə həvəssiz gəlirlər, bakalavrda əldə etdikləri bilikləri kifayət hesab edirlər. Bu isə dəyişməli olan iki əsas komponenti ortaya qoyur: tələbələr daha tələbkar olmalı, müəllimlər isə daha həvəsli, interaktiv və yenilikçi yanaşmalıdır.

Qeyd etdiyim kimi, müsbət təcrübələr də var. Yaxşı magistr proqramları tətbiq edən universitetlər, uğurlu tədqiqatlar aparan magistrlər mövcuddur. Amma ümumilikdə bu istiqamətdə inkişaf zəruridir.

Magistrlər dil və tədqiqat bacarıqlarını inkişaf etdirməli, yazdıqları dissertasiyalar real iqtisadiyyat və cəmiyyət üçün faydalı nəticələr ortaya qoymalıdır. Elmi rəhbərlər isə bu prosesi formal deyil, daha ciddi şəkildə izləməlidirlər.

Tədqiqat mövzusunun seçimindən tutmuş müdafiə mərhələsinə qədər bütün proseslərin formallıqdan uzaq aparılması vacibdir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin imkanları genişdir. Magistrlər aparıcı elmi resurs bazalarından pulsuz istifadə edə, bəzi jurnallarda ödənişsiz məqalə dərc etdirə bilirlər. Hətta bəzi universitetlər bu nəşrlərə görə mükafat da verir.

Sadəcə, burada planlı və sistemli addımlar atılmalıdır. Bir başqa məqam isə budur ki, ən savadlı, istedadlı gənclərimizin bir hissəsi dövlət proqramları ilə xaricdə təhsil alır. Dolayısı ilə, bu da daxili sistemə müəyyən təsir göstərir".

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox