Azərbaycan tarixində ilk dəfə dörd universitetimiz dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən tərtib olunan “World University Rankings 2026” siyahısına daxil olub.
Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması təhsil strategiyamız üçün nə qədər prioritetdir? Gələcəkdə daha çox universitetimizin bu cür beynəlxalq reytinqlərə düşməsi üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rasim Həsənzadə qeyd edib ki, bu hadisə Azərbaycan ali təhsil sisteminin inkişafında strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir:
“İlk dəfə dörd universitetimizin “Times Higher Education” (THE) kimi dünyanın ən nüfuzlu reytinq agentliyinin “World University Rankings 2026” siyahısına daxil olması, milli ali təhsil sistemimizin qlobal elmi və akademik müstəviyə inteqrasiyasının real nəticəsidir. Qeyd etmək istəyirəm ki, əvvəlki illərdə ölkəmizin heç bir universiteti bu reytinqdə təmsil olunmurdu. 2024-cü ildə iki universitetimiz yer almışdısa, 2026-cı il üçün bu rəqəmin dördə çatması davamlı inkişaf dinamikasının göstəricisidir.
Üstəlik, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ilk dəfə reytinqə daxil olaraq dünyanın TOP 1000 universiteti sırasında yer alması və tədqiqat keyfiyyətinə görə dünya üzrə 481-ci olması mühüm dönüş nöqtəsidir. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mövqelərini gücləndirməsi, Azərbaycan Texniki Universitetinin isə ilk dəfə bu siyahıya daxil olması ümumi sistemin inkişafını göstərir".
Ekspertin sözlərinə görə, region baxımından da nəticə diqqətəlayiqdir:
“Azərbaycan Cənubi Qafqazda lider, Mərkəzi Asiya məkanında isə ikinci yerdə qərarlaşıb. Bu göstərici ölkəmizin elmi-tədris mühitinin artan beynəlxalq nüfuzunu sübut edir. Bu uğur son illərdə ali təhsil sistemində həyata keçirilən struktur, elmi və idarəetmə islahatlarının nəticəsidir.
Birincisi, tədqiqat yönümlü fəaliyyətin güclənməsi – universitetlərdə elmi məqalələrin beynəlxalq elmmetrik bazalarda (Scopus, Web of Science) dərc olunması artıb. THE reytinqinin “tədqiqat mühiti” (29%) və “tədqiqat keyfiyyəti” (30%) göstəriciləri məhz bu istiqamətdəki nəticələri əks etdirir.
İkincisi, müəllim-tələbə nisbətinin yaxşılaşdırılması, doktorantura təhsili və akademik məhsuldarlığın artması “tədris mühiti” indikatoru (29,5%) üzrə irəliləyişi təmin edib.
Üçüncüsü, beynəlmiləlləşmə sahəsində atılan addımlar – xarici akademik heyətin və beynəlxalq tələbələrin artması, eləcə də birgə elmi məqalələrin çoxalması THE reytinqinin “beynəlxalq baxış” (7,5%) göstəricisinə müsbət təsir göstərib.
Dördüncüsü, universitet-sənaye əməkdaşlığının və innovasiya layihələrinin genişlənməsi “industry income” və “patentlər” indikatorları (4%) üzrə yüksəlişə səbəb olub".
Bütün bu meyarlar üzrə Azərbaycan universitetlərinin orta göstəricilərində +4 ballıq irəliləyiş qeydə alınıb ki, bu da ali təhsilimizin sistemli inkişafının və keyfiyyətin yüksəlməsinin təsdiqidir:
“Bu istiqamət dövlət siyasətinin prioritetlərindən biridir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda açıq şəkildə qeyd olunur ki, Azərbaycanın məqsədi dünyada TOP 800-lükdə təmsil olunan universitetlərin sayını artırmaqdır.
Bu, təhsil sahəsində sadəcə reputasiya məsələsi deyil, həm də ölkənin intellektual və innovativ iqtisadiyyat modelinə keçidinin əsas göstəricisidir. Reytinqlər universitetlərin fəaliyyətini beynəlxalq standartlara uyğun ölçməyə və sistemli şəkildə inkişaf etdirməyə imkan verir. Universitetlərin beynəlxalq reytinqlərdə iştirakı həm şəffaflıq və keyfiyyət təminatı sistemlərinin möhkəmlənməsinə, həm də beynəlxalq əməkdaşlıq və akademik mobilliyin artmasına gətirib çıxarır. Nəticə etibarilə bu, Azərbaycanın bilik əsaslı iqtisadiyyat və innovasiya yönümlü inkişaf modelinə xidmət edir".
Bu uğurun davamlı olması üçün ali təhsil sistemində strateji və mərhələli yanaşma vacibdir:
“Bəzi istiqamətlər xüsusi önəm daşıyır. Tədqiqat ekosisteminin gücləndirilməsi, elmi fəaliyyətin maliyyələşdirilməsi, universitet daxili tədqiqat fondlarının yaradılması, qrant mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Akademik heyətin potensialının inkişafı, gənc tədqiqatçılar üçün beynəlxalq elmi mühitlə əməkdaşlıq imkanları genişləndirilməli, xarici təcrübəyə çıxış asanlaşdırılmalıdır.
İnstitusional muxtariyyət və idarəetmə çevikliyi də mühüm amildir. Universitetlərə öz elmi və tədris strategiyalarını müstəqil müəyyənləşdirmək imkanı verilməlidir. Beynəlmiləlləşmənin dərinləşdirilməsi, ikili diplom proqramları, birgə laboratoriyalar və ortaq tədqiqat konsorsiumları reytinq göstəricilərinə birbaşa təsir göstərir.
Reytinq meyarlarının strateji izlənməsi də vacibdir. Hər bir universitet THE və digər beynəlxalq agentliklərin indikatorlarına uyğun öz “performans xəritəsini” hazırlamalı, zəif sahələr üzrə hədəfli fəaliyyət planı həyata keçirməlidir".
Ekspert sonda bildirib ki, bu istiqamətlərin reallaşdırılması ilk növbədə universitetlərdə elmi tədqiqat mühitinin sistemli şəkildə gücləndirilməsini, akademik heyətin beynəlxalq layihələrə inteqrasiyasını və tədqiqat nəticələrinin qlobal elmi jurnallarda dərcini tələb edir:
“Bununla yanaşı, sənaye ilə əməkdaşlığın dərinləşdirilməsi, patentləşdirilə bilən elmi nəticələrin artırılması, beynəlxalq tərəfdaşlıqların və birgə laboratoriyaların genişləndirilməsi də bu prosesin vacib tərkib hissəsidir.
Eyni zamanda, davamlı keyfiyyətin təminatı mədəniyyəti formalaşdırılmalıdır. Bu uğur təqdirəlayiq olsa da, bu səviyyəyə arxayın olmaq olmaz. Qlobal elmi və təhsil məkanı sürətlə dəyişir, buna görə də universitetlər daim öz fəaliyyətini təkmilləşdirməli, keyfiyyətin artırılması və yeni çağırışlara uyğunlaşma istiqamətində fasiləsiz inkişaf etməlidirlər. Əks halda, əldə edilmiş mövqeləri qorumaq və irəliləyiş tempini saxlamaq çətinləşə bilər".