Müasir dövrdə texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin (SI) gündəlik həyatımıza daxil olması, təhsil sisteminə də ciddi təsir göstərir. İstər məktəblərdə, istərsə də ali təhsil müəssisələrində şagird və tələbələrin süni intellekt alətlərindən istifadəsi artıq reallığa çevrilib.
Süni intellekt alətlərinin dərslərin hazırlanması və tapşırıqların yerinə yetirilməsində istifadəsi tədris prosesinə necə təsir edir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, müasir dünya bu texnologiyanı prioritet alət kimi görürsə, biz də gecikmədən təməlini qoymalıyıq:
"Orta məktəblərdə süni intellekt dərsləri keçirilməli, ali təhsil müəssisələrində isə bu sahə üzrə ixtisaslar yaradılmalıdır. Əgər biz bu istiqamətdə vaxtında addımlar atsaq, qloballaşmış dünyanın tələblərinə uyğunlaşa bilərik. Hazırda istifadə səviyyəsi istənilən səviyyədə deyil. Təhsil sistemi hələ bu prosesə tam hazır deyil. Texnoloji avadanlıqlar, infrastruktur və mütəxəssis çatışmazlığı var.
Əlavə olaraq, sırf süni intellekt üzrə ayrıca bir qurumun yaradılması vacibdir. Hazırda geniş tətbiqi yoxdur, amma gələcəkdə bu, tədrisə ciddi müsbət təsir göstərə bilər. Gənclərimizdə potensial var və onları bu istiqamətdə yönləndirmək lazımdır. Süni intellekt vasitəsilə yaradılan məhsullar düzgün istiqamətlənməzsə, texnoloji təhlükələrə səbəb ola bilər. Bu səbəbdən ciddi nəzarət və düzgün idarəetmə vacibdir.
Süni intellekt işi asanlaşdırır, yoxsa robotlaşdırır? Bəli, işi asanlaşdırır. Artıq tələbələr məlumat əldə etmək üçün süni intellektdən istifadə edirlər. Bu, həm kitabxanaların rolunu azaldır, həm də kurs və diplom işlərinin hazırlanmasında kömək edir. Robotlaşma məsələsinə gəlincə, müəyyən sahələrdə insan faktoru texnologiya ilə əvəzlənə bilər, lakin insan amilinə hələ də ehtiyac qalacaq.
Sonda qeyd etmək istərdim ki, bu istiqamətdə laboratoriyaların qurulması və istedadlı gənclərin bir mərkəzdə toplanaraq inkişaf etdirilməsi vacibdir. Bu addımlar bizi dünya ilə ayaqlaşmağa yaxınlaşdırar".