Sertifikatlaşdırmadan sonra müəllimlərin topladığı bala görə dərs saatlarının bölgüsü təhsil sahəsində keyfiyyət yönümlü idarəetmənin tətbiqi kimi dəyərləndirəm. Təhlil göstərir ki, bu yanaşma yalnız formallıq deyil, pedaqoji prosesin mahiyyətinə təsir edən islahatdır.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib.
Müsbət tərəflər və təhsil keyfiyyətinə təsiri
“Təhsil haqqında” Qanunun 26-cı maddəsində müəllimlərin peşəkarlığının təhsilin nəticələrinin əsas amili olduğu xüsusi vurğulanır. Bu prinsip əsasında bal üstünlüyünə görə dərs bölgüsünün aparılması Elm və Təhsil Nazirliyinin keyfiyyətə hesablanmış islahat xəttinə uyğun gəlir.
Statistik məlumatlara görə, 2023-cü ildə keçirilmiş sertifikasiya imtahanlarında 30 minə yaxın müəllim iştirak edib və onların 68 faizi minimum keçid balını əldə edib. Bu göstərici müəllimlərin əksəriyyətinin müəyyən bilik və bacarıqlara sahib olduğunu təsdiqləsə də, eyni zamanda yüksək nəticə göstərənlərin digərlərindən fərqləndirilməsinin zəruriliyini ortaya qoyur. Əgər dərs bölgüsü bu nəticələrə uyğun aparılarsa, daha savadlı, hazır və müasir yanaşmaları bilən müəllimlər şagirdlərə dərs deyəcək. Bu isə təhsilin inkişafına birbaşa təsir edəcək.
Müsbət tərəflər ondan ibarətdir ki, bal yüksəkliyi dərs bölgüsündə üstünlük qazandırmaqla repetitorluq probleminin qarşısını ala bilər. Çünki məktəbin özündə savadlı müəllimlərin dərs deməsi şagirdlərin əlavə dəstəyə ehtiyacını azaldacaq. Bunun nəticəsində valideynlərin xərcləri minimuma enəcək, uşaqlar məktəbə daha maraqla gələcək, müəllim isə daha məsuliyyətli olacaq. Bu yanaşma həm də müəllimləri daim öz üzərində işləməyə, təlimlərdə iştirak etməyə və müasir pedaqoji metodlardan istifadə etməyə sövq edəcək".
Dünya təcrübəsi ilə müqayisə
"Mənfi tərəf isə ondan ibarətdir ki, balı aşağı olan müəllimlər dərs saatı itirir, bu isə onların maaşında azalma və sosial narazılıq yaradır. Əmək Məcəlləsinin 16-cı maddəsində “əməyə görə bərabərlik” prinsipi təsbit edilib. Bu baxımdan bəzi müəllimlər düşünürlər ki, imtahan nəticələri onların bütün pedaqoji fəaliyyətini tam əks etdirmir. Sosial şəbəkələrdə yaranan narazılıqlar da məhz bu məqamdan qaynaqlanır.
Dünya təcrübəsinə baxdıqda, yalnız imtahan nəticələrinin əsas götürülməsi nadir hallarda rast gəlinir. Finlandiyada müəllimlərin dərs yükü həm nəticələrinə, həm də metodik fəaliyyətlərinə, şagird nailiyyətlərinə əsasən müəyyən olunur. ABŞ-də “performance-based pay” sistemi tətbiq edilir, amma burada da təkcə test nəticəsi deyil, məktəb rəhbərliyinin rəyi, şagirdlərin akademik uğurları və müəllimin metodiki töhfələri nəzərə alınır. Estoniyada isə müəllimlərin tədris yükü həm nəticələr, həm də uzunmüddətli təcrübə və professional inkişaf kurslarında iştiraka görə formalaşdırılır.
Bu müqayisə göstərir ki, Azərbaycanda tətbiq edilən model dünya təcrübəsinə yaxın olsa da, balanslı şəkildə təkmilləşdirilməlidir. Bal əsas göstərici kimi qalmalı, amma əlavə meyarlar - pedaqoji təcrübə, məktəb rəhbərliyinin rəyi, müəllimin fənn üzrə hazırladığı metodik materiallar da nəzərə alınmalıdır. Belə olduqda həm keyfiyyət, həm də ədalət prinsipi qorunmuş olacaq.
Hesab edirəm ki, dərs saatlarının sertifikasiya balına görə bölünməsi Elm və Təhsil Nazirliyinin təhsil keyfiyyətinə yönəlmiş mühüm addımıdır. Bu, repetitorluğun qarşısını alacaq, uşaqlar məktəbə maraqla gələcək, savadlı müəllimlər daha çox dərs deyəcək, təhsil inkişaf edəcək. Nazirliyin bu yanaşması idarəetmədə şəffaflıq və keyfiyyətin önə çəkilməsi baxımından müsbət qiymətləndirilməlidir. Amma tətbiq mexanizmləri daha da təkmilləşdirilsə, həm müəllimlərin motivasiyası qorunacaq, həm də təhsil sistemi daha balanslı inkişaf edəcək".