“Əgər biz süni intellekt istiqamətində hər hansı bir nailiyyət əldə etmək istəyiriksə, mütləq orta ümumtəhsil məktəblərində süni intellekt dərslərinin tətbiqinə başlamalıyıq”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, övladlara süni intellekt bilikləri yalnız ali təhsil mərhələsində deyil, məhz orta təhsil səviyyəsindən etibarən öyrədilməlidir:
“O zaman uşaqlar ibtidai yaşdan, yəni 5-ci sinifdən başlayaraq, saf və təmiz beyinlə süni intellektə maraq göstərsələr, gələcəkdə ali təhsil səviyyəsində bu istiqamətdə daha ciddi nəticələr əldə edə bilərlər. Hətta ali təhsil müəssisələrində də süni intellekt üzrə ixtisaslar açılmalıdır. Çünki hazırda gənclərimiz süni intellektlə bağlı proqramlar hazırlayırlar. Bu, marağın olduğunu göstərir. Sadəcə olaraq, bu marağa dəstək vermək və onu stimullaşdırmaq lazımdır. Mən hesab edirəm ki, bu istiqamətdə təməl məhz orta məktəbdən qoyulmalıdır. Elm və Təhsil naziri cənab Emin Əmrullayev bu sahədə uğur əldə etmək istəyirsə, ilkin strategiya orta məktəblərə süni intellekt dərslərinin salınması olmalıdır. Əgər bu dərslər 5-ci və ya 6-cı sinifdən tədris proqramına əlavə olunarsa, gələcəkdə uğurlu nəticələr əldə etmək mümkündür”.
Süni intellekt artıq həyatın ayrılmaz parçasına çevrilib və yaxın gələcəkdə bir çox peşələri əvəz edəcək:
“Ona görə də bu təməli indidən qoymalıyıq ki, 10 ildən sonra dünya səviyyəsində rəqabətə davam gətirə bilək. Eyni zamanda, bu sahədə dərs deyəcək mütəxəssislər məsələsinə gəlincə, yalnız informatika müəllimləri ilə kifayətlənmək olmaz. İnformasiya texnologiyaları və kompüter mühəndisliyi üzrə ali təhsil almış gənclərimizi də bu prosesə cəlb edə bilərik. Onlar məktəblərdə 6-cı, 7-ci siniflərdən bu dərsləri rahatlıqla tədris edə bilərlər.
Qətiyyən gecikmək olmaz. Bu prosesin qısa zamanda reallaşdırılması vacibdir. Süni intellekt gələcəyin əsas istiqamətlərindən biridir və biz bu sahədə mütləq hazırlıqlı olmalıyıq”.