Azedu.az

Müəllimlərə kiçik hədiyyələr verilməsinin tərəfdarıyam

Təhsil ekspertləri

26 Sentyabr 2025, 12:09
Müəllimlərə kiçik hədiyyələr verilməsinin tərəfdarıyam

Müəllimlər Günü kimi bayramlar münasibəti ilə şagirdlərin müəllimlərə hədiyyə verməsinin tərəfdarıyam. Ailədə necədirsə, eyni şəkildə müəllim və şagirdlər arasında da kiçik bir hədiyyələşmə onların ünsiyyətini və sevgi bağını möhkəmləndirir, deyə düşünürəm.

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib.

Şişirdilmiş hədiyyələr təqdim etmək düzgün deyil

"Təbii ki, söhbət böyük məbləğlərdən getmir. Məsələn, sinif şagirdləri 50 qəpik və ya 1 manat toplayaraq müəllimlərinə sadə bir qələm ala bilər. Bu, müəllim üçün həm yadda qalan bir xatirə olar, həm də valideynləri çətin vəziyyətə salmaz. Əksinə, böyük məbləğlər, hər ailənin fərqli imkanları olduğu üçün, sosial narazılığa səbəb ola bilər. Məncə, bu məsələyə böyük bir fəlakət kimi baxmaq lazım deyil və bu mövzuya sensasiyalı yanaşmaq da düzgün deyil. Valideynlər də burada anlayış göstərməlidirlər.

Əlbəttə, Elm və Təhsil Nazirliyinin bu məsələdə qəti mövqe tutmasının da öz səbəbləri var. Bəzi valideynlərin şişirdilmiş şəkildə hədiyyə təqdim etməsi, bəzi sinif rəhbərlərinin valideynlərdən fərqli məbləğlərdə pul yığması və müəllimə yaxın valideynlərin digər valideynlərdən pul tələb etməsi kimi hallar nazirliyi qəti addım atmağa vadar etdi. Nazirliyin bu mövqeyi haqlıdır.

Müəllim günü yalnız maddi dəyər daşımamalıdır. Müəllim üçün yadda qalan olmalıdır. Şagirdlərin sadə hədiyyəsi, bir şəkil, müəllimin sevdiyi sitatlarla hazırlanmış bir tablo və ya sadəcə bir qələm belə bu günü fərqli və xatırlanan edə bilər. Böyük məbləğdə pul yığılması, qızıl alınması və s. isə doğru yanaşma deyil".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox