Xaricdə alınan bakalavr diplomlarının ölkədə magistr təhsili ilə bərabər tutulması barədə formalaşmış təsəvvür əslində elmi-pedaqoji və hüquqi baxımdan ziddiyyətli yanaşmadır. Təhlil göstərir ki, bu mövzu yalnız fərdi yanlış düşüncələrdən yox, həm də müxtəlif ölkələrin təhsil modellərinin fərqliliyindən qaynaqlanır. Azərbaycanda ali təhsilin strukturu “Təhsil haqqında” Qanunun 15-ci maddəsinə uyğun olaraq bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir və hər biri müstəqil təhsil səviyyəsi sayılır. Qanunun 39.1-ci maddəsinə əsasən, xaricdə alınmış ixtisasların tanınması yalnız müvafiq orqan - Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Bu isə o deməkdir ki, avtomatik olaraq 3 illik xarici bakalavr diplomunun ölkədə magistr təhsilinə ekvivalent hesab olunması hüquqi baxımdan əsassızdır.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bidirib.
Avropa və Azərbaycan təhsil modellərinin fərqləri
"Statistik məlumatlar göstərir ki, son illərdə Azərbaycana nostrifikasiya üçün təqdim olunan diplomların təxminən 70 faizi Avropa ölkələrinin ali məktəblərinə aiddir. Avropada Bolonya prosesinə qoşulmuş ölkələrin böyük hissəsində bakalavr təhsili 3 il, magistratura isə 2 il müddətində həyata keçirilir. Bu model tələbəyə daha tez ixtisaslaşma imkanı verir, amma 3 illik bakalavr proqramlarının dərs yükü və elmi hazırlıq səviyyəsi Azərbaycan və digər post-sovet ölkələrindəki 4 illik bakalavr proqramları ilə eyni deyil. Məsələn, Almaniyada və Fransada bakalavr mərhələsi yalnız əsas baza bilikləri təqdim edir və məzunlar ixtisaslaşmanı magistratura pilləsində davam etdirmək məcburiyyətindədirlər. Azərbaycanda isə 4 illik bakalavr təhsili həm baza, həm də müəyyən ixtisas dərinliyi verir, nəticədə məzunlar birbaşa əmək bazarına çıxa bilirlər".
Nostrifikasiya və məlumatlandırma məsələləri
"Müsbət tərəf odur ki, Elm və Təhsil Nazirliyi və TKTA bu məsələdə ciddi mövqe sərgiləyir, diplomların bərabər tutulmasını avtomatik etməklə ali təhsilin keyfiyyətinin aşağı düşməsinin qarşısını alır. Nazirliyin son illərdə həyata keçirdiyi islahatlar nəticəsində nostrifikasiya prosesi daha şəffaf olub və diplomların ekvivalentliyi proqram məzmununa, təhsil müddətinə və nəticələrinə əsasən müəyyən edilir. Bu yanaşma beynəlxalq standartlara uyğundur və milli maraqlara xidmət edir. Əks halda, yalnız 3 illik xarici bakalavr təhsili almış şəxsin ölkədə magistr diplomuna sahib kimi qəbul olunması həm təhsil sisteminə, həm də əmək bazarındakı balanslı rəqabət mühitinə zərər verərdi.
Mənfi tərəflərdən biri isə məlumatlandırmanın zəifliyidir. Bəzi tələbələr və valideynlər xaricdə təhsilə yollanarkən düşünürlər ki, 3 illik bakalavr oxuduqdan sonra vətəndə həmin diplom avtomatik magistratura səviyyəsinə uyğun hesab ediləcək. Bu yanlış təsəvvür sonradan həm şəxsi karyera planlarında, həm də dövlət statistik göstəricilərində çaşqınlıq yaradır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə nostrifikasiya üçün müraciət edənlərin 22 faizi diplomunun ekvivalentliyi ilə bağlı əlavə imtahan və ya kurs keçmək məcburiyyətində qalıb. Bu fakt təhsilin məzmun fərqlərinin nə qədər ciddi olduğunu göstərir.
Dünya təcrübəsi ilə müqayisə aparsaq, ABŞ və Kanadada bakalavr adətən 4 illikdir, magistr isə 1–2 il davam edir. Burada əsas fərq ondan ibarətdir ki, tədris proqramlarının məzmunu geniş və çoxşaxəlidir. Türkiyədə də bakalavr 4 illikdir və magistratura əlavə pillə sayılır. Yalnız bəzi Avropa ölkələrində 3 illik bakalavr diplomu avtomatik magistratura təhsilinə giriş imkanı verir, amma bu da yalnız həmin ölkələrin milli təhsil sistemi çərçivəsindədir. Azərbaycan isə bu modeli olduğu kimi qəbul edə bilməz, çünki milli qanunvericilik və təhsil strategiyası fərqli əsaslar üzərində qurulub.
Əgər dəyişikliklərdən danışsaq, hazırkı vəziyyətin saxlanılması ölkə üçün ən optimaldır. Növbəti mərhələdə yalnız informasiya kampaniyaları gücləndirilməli, xaricdə təhsil almaq istəyənlərə aydın şəkildə izah edilməlidir ki, onların bakalavr diplomu burada yalnız bakalavr səviyyəsinə uyğun tanınacaq. Bununla yanaşı, Azərbaycanda magistratura təhsili daha çevik və rəqabətədavamlı edilməli, beynəlxalq proqramlarla müqayisədə məzmun zənginliyi artırılmalıdır. Bu həm ölkəyə gələn gənclərin sayını artırar, həm də milli təhsil sisteminin nüfuzunu yüksəldər.
Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təqdir olunmalıdır. Nazirlik həm beynəlxalq təcrübəni öyrənir, həm də milli maraqları qoruyur. Bu, göstərir ki, Azərbaycan təhsil siyasəti emosiyaya deyil, qanuna, elmi əsaslara və beynəlxalq müqayisələrə söykənir. Belə yanaşma uzunmüddətli dövrdə təhsilin keyfiyyətini artıracaq və ölkənin kadr potensialını daha etibarlı edəcək".