Azedu.az

Buraxılış imtahanları bu tarixlərdə KEÇİRİLƏ BİLƏR

Təhsil ekspertləri

24 Sentyabr 2025, 14:53
Buraxılış imtahanları bu tarixlərdə KEÇİRİLƏ BİLƏR

Ötən günlərdə Dövlət İmtahan Mərkəzi 2026-cı il üzrə 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

Həmin proqramla ötənilki proqramlar arasında nə kimi fərqlərin olduğu barədə AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, ciddi dəyişiklik nəzərə çarpmır:

“Demək olar ki, qəbul imtahanları ötənilki proqram əsasında aparılacaq. Proqramda əsasən 9-cu sinifdə təhsil alan və növbəti il imtahan verəcək şagirdlər nəzərdə tutulur. Yeni qayda sadəcə ötən il olduğu kimi ingilis dilində şəkilli suallarla bağlıdır. Həmin suallarda şagirdlər təqdim olunan şəkil əsasında öz bilik və bacarıqlarını ifadə etməlidirlər.

Bu proqram dəyişikliyi 2027-ci ildə 11-ci siniflər üçün də tətbiq olunacaq. Çünki faktiki olaraq bu il 10-cu sinifdə oxuyan şagirdlər artıq həmin modeli sınaqdan keçirmişdilər. Onlar 2027-ci ildə məktəbi bitirərkən universitetə qəbul imtahanlarının birinci mərhələsində, yəni buraxılış imtahanında - 9-cu sinifdə verdikləri imtahan modelində, xüsusən xarici dil fənnindən imtahan verəcəklər. Lakin ümumilikdə proqramda hər hansı ciddi dəyişiklik yoxdur. O, ötənilki proqramla uyğunluq təşkil edir. Bu, həm şagirdlər, həm də müəllimlər üçün vacibdir və proqramın bu günlərdə elan olunması məqsədəuyğundur.

Çünki ola bilsin ki, 11 illik baza üzrə buraxılış imtahanlarının birincisi martın 1-də, ikinci hissəsi isə martın 7 və ya 8-də keçirilsin. Bu, təxmini tarixlərdir. Həmin dövrə qədər proqramların açıqlanması şagirdlərin daha ciddi hazırlaşmasına imkan yaradır. 9 illik baza üzrə buraxılış imtahanlarının isə böyük ehtimalla aprel ayına təsadüf edəcəyi gözlənilir”.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox