Azedu.az

“Universitetlər elmi fəaliyyətə yox, tədrisə üstünlük verir”

Təhsil ekspertləri

22 Sentyabr 2025, 16:56
“Universitetlər elmi fəaliyyətə yox, tədrisə üstünlük verir”

Azərbaycan gənclərinin elmi tədqiqat sahəsinə marağı hələ də məhdud səviyyədə qalır və bu vəziyyət ölkənin intellektual potensialının tam reallaşdırılmasına mane olur. Statistik məlumatlara görə, ölkədə elmi fəaliyyətlə məşğul olan tədqiqatçıların sayı 19 min civarındadır, lakin onların yalnız təxminən 12 faizi 35 yaşadək gənclərdir. Halbuki Avropa İttifaqı ölkələrində bu göstərici 33 faizə qədər yüksəlir. Bu fakt bir daha göstərir ki, gənclərin elmə cəlb olunması istiqamətində görülən işlər artsa da, nəticələr hələ də gözləntiləri tam doğrultmur.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib.

Gənclərin elmi fəaliyyətə cəlb olunması hələ də zəifdir

"Müsbət tərəf kimi qeyd olunmalıdır ki, son illərdə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müxtəlif qrant proqramları, doktorantura yerlərinin artırılması və beynəlxalq konfranslara qatılmaq üçün maliyyə imkanlarının genişləndirilməsi gənclərin elmə marağını qismən gücləndirib. “Təhsil haqqında Qanun”un 4-cü maddəsində göstərilir ki, dövlət elmin inkişafını və gənc nəslin elmi fəaliyyətə cəlb olunmasını təmin etməlidir. Nazirliyin bu istiqamətdə atdığı addımlar qanunun müddəaları ilə üst-üstə düşür və müsbət qiymətləndirilməlidir. Xüsusilə də gənc alimlər üçün nəzərdə tutulmuş xüsusi qrantlar və layihə müsabiqələri elmi mühitin canlanmasına xidmət edir".

AMEA fundamental elmin dayağı olaraq ön plandadır

"AMEA-nın bu sahədə rolu xüsusi vurğulanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası on illərdir ki, elmin əsas mərkəzi kimi gənclərin yetişməsində böyük xidmətlər göstərib. Burada yaradılan institutlar və elmi məktəblər ölkənin intellektual kapitalını qoruyub saxlayıb. Təkcə 2023-cü ildə AMEA-da 200-dən çox gənc alim və doktorant elmi araşdırmalara cəlb olunub. AMEA-nın əsas üstünlüyü ondadır ki, burada fundamental tədqiqat ənənələri mövcuddur, elmi dərinlik qorunur və dünya elmi ilə əlaqələr daha sistemli şəkildə qurulur.

Əgər universitetlər çox vaxt yalnız tədris funksiyasına üstünlük verirlərsə, AMEA həm milli elmi məktəbləri formalaşdırır, həm də gəncləri beynəlxalq miqyasda elmi müzakirələrə hazırlayır. Məsələn, bir çox Avropa ölkələrində də elmin inkişafına öncül institutlar və akademiyalar rəhbərlik edir. Almaniyada Max Planck İnstitutu və ya Fransada CNRS necə fundamental elmi güc mərkəzi kimi fəaliyyət göstərirsə, Azərbaycanda da AMEA bu funksiyanı icra edir. Bu müqayisə AMEA-nın əhəmiyyətini və ölkənin elm siyasətində strateji yerini daha aydın göstərir".

Universitetlər elmi fəaliyyətə yox, tədrisə üstünlük verirlər

"Universitetlərin vəziyyətinə gəldikdə isə, burada mənzərə bir qədər fərqlidir. Təəssüf ki, bir çox ali məktəblərdə elmi fəaliyyət ikinci plana keçib. Statistik məlumatlara görə, ölkə üzrə illik elmi məqalələrin 70 faizdən çoxu AMEA institutlarının payına düşür, universitetlər isə hələ də əsasən tədris yönümlü fəaliyyət göstərirlər. Laboratoriyalar zəif təchiz olunub, müasir texnologiyalar azdır, beynəlxalq reytinqlərdə yer almaq üçün zəruri olan elmi nəticələr kifayət qədər əldə edilmir. “Elm haqqında Qanun”un 15-ci maddəsində universitetlərin elmi tədqiqat və innovasiya mərkəzləri yaratmaq öhdəliyi qeyd edilsə də, reallıqda bu müddəa çox zaman kağız üzərində qalır. Bu səbəbdən də gənclər universitet mühitində elmlə məşğul olmaqda çətinlik çəkirlər və motivasiya itirirlər.

Dünya təcrübəsi göstərir ki, universitetlər və akademiyalar bir-birini tamamlamalıdır. ABŞ-da Harvard və MIT kimi universitetlər elmi mərkəzlərlə sıx əməkdaşlıq edir, Almaniyada universitetlərlə Max Planck İnstitutu arasında birbaşa kadr və layihə mübadiləsi mövcuddur. Azərbaycanda isə universitetlərlə AMEA arasında əlaqələrin zəif olması, birgə layihələrin azlığı və gənclərin bu əməkdaşlıqlara cəlb olunmaması ciddi problemdir. Əgər bu əməkdaşlıq gücləndirilərsə, gənclər həm universitetdə təhsil alacaq, həm də AMEA-da elmi araşdırmalara qoşularaq təcrübə toplaya biləcəklər.

Hesab edirəm ki, Azərbaycan gənclərinin elmi tədqiqat sahəsinə marağı artmaq potensialına malikdir, lakin bunun üçün universitetlərin məsuliyyətli və daha çox elmi yönümlü fəaliyyət göstərməsi vacibdir. Elm və Təhsil Nazirliyinin atdığı addımlar tərif olunmalıdır, çünki son illərdə elmin maliyyələşməsinin artırılması, gənclərə qrantların ayrılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi əhəmiyyətli nailiyyətlərdir. AMEA öz ənənələri, fundamental elmi gücü və dünya standartlarına yaxın fəaliyyət prinsipləri ilə elmimizin dayağı olaraq qalır və mütləq şəkildə daha çox dəstəklənməlidir. Universitetlər isə sadəcə tədrislə kifayətlənməməli, elmi fəaliyyətin mərkəzinə çevrilməlidir. Əgər bu istiqamətdə koordinasiya gücləndirilərsə, həm AMEA-nın təcrübəsi, həm də universitetlərin potensialı birləşərək gənclərin elmə marağını daha yüksək səviyyəyə qaldıra bilər".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox