Qazaxıstan Prezidenti Tokayev süni intellekt nazirliyinin yaradılması ilə bağlı fikir irəli sürüb.
Bu məsələni təhsil sahəsinə şamil etsək, süni intellektlə bağlı ixtisasın yaradılması inkişafa nə qədər töhfə verə bilər?
Təhsil eksperti Elmin Nuri bu barədə fikirlərinin AzEdu.az-la bölüşüb.
Ümumtəhsildə süni intellekt fənni zərurətə çevrilir
"Ali təhsil seqmentində süni intellekt yönümlü ixtisasların yaradılmasından əvvəl biz ümumitəhsildə süni intellekt vərdişlərinin inkişafına diqqət yetirməliyik. Çünki süni intellekt yalnız alət deyil, həm də yeni təşəbbüs və yanaşmaların, hadisələrə yeni məzmun xəttinin formalaşdığı platformadır. Biz verilənləri süni intellekt alətinə daxil edir və onun əsasında yeni məzmun tələb edirik.
Ona görə də süni intellekt təfəkkürünü cəmiyyətdə daha geniş yaymaq və faydalılığını artırmaq üçün orta məktəbdən etibarən ona daha çox yer ayrılmalı, ayrı fənn kimi tədris edilməlidir. Ali təhsil müəssisələrində yaradılacaq süni intellekt profilli ixtisaslardan əvvəl orta məktəblərdə bu sahəyə dair təlim zəruridir. Bu, təhsilin pillə və səviyyələri arasındakı məntiqi əlaqəni qorumaq baxımından da önəmlidir.
Dövrün tələbləri və şərtləri ən çox təhsil sahəsində özünü göstərir. Odur ki, istəsək də, istəməsək də, süni intellektin təhsilə təsirindən yan keçmək mümkün deyil. Lakin bu proses sistemli şəkildə həyata keçirilməlidir; yəni süni intellekt təfəkkürünün bazası qurulmadan daha yüksək səviyyəli hədəflərə çatmaq mümkün olmayacaq".
Ali məktəblərdə ilk semestrdən süni intellekt dərsi tədris olunmalıdır
"Odur ki, universitetlərdə yaradılacaq süni intellekt yönümlü ixtisaslar gələcəkdə daha perspektivli olacaq. Bu səbəbdən universitetin adından və profilindən asılı olmayaraq hər ixtisasda ilk kursun ilk semestrindən süni intellekt fənni tələbələrə tədris edilməlidir. Çünki yaxın gələcəkdə elə bir sahə və ixtisas olmayacaq ki, orada süni intellektin tətbiqi olmasın. Bu gün Azərbaycan Tibb Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və Bakı Dövlət Universitetində, yəni bütün yerli ali təhsil müəssisələrində bütün ixtisaslar üzrə süni intellekt birinci kursun birinci semestrindən ayrıca fənn kimi öyrədilməlidir".