Azedu.az

Alimin təqaüdçüsü yox, rəhmətliyi olur... - “Ömür boyu elmə xidmət etməlidirlər”

Təhsil ekspertləri

Müəllimlər və elm adamları

10 Sentyabr 2025, 08:49
Alimin təqaüdçüsü yox, rəhmətliyi olur... - “Ömür boyu elmə xidmət etməlidirlər”

Əgər alim tədqiqat apara, məqalə yaza bilirsə, onun illərlə formalaşan təcrübəsindən mütləq faydalanmaq lazımdır. Çünki alim yetişməsi uzun illər tələb edir. Dünyaca məşhur həmvətənimiz Lütfi Zadə buna yaxşı nümunədir. O, vəfat edənə qədər Kaliforniya Universitetinin ömürlük professoru olub.

Bu fikirləri təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bildirib.

"İnkişaf etmiş ölkələrdə isə müəyyən yaş həddindən sonra alimlərin inzibati vəzifə tutması məhdudlaşdırılır. Məsələn, Türkiyədə uzun müddət pensiyaya çıxma yaşı 65 idi, sonradan 67-ə qaldırıldı. Bu yaşdan sonra professorlar dekan və ya kafedra müdiri kimi inzibati vəzifə tuta bilmirlər. Dövlət universitetlərində işləyə bilməsələr də, özəl universitetlərdə fəaliyyətlərini davam etdirə bilirlər.

Bu təcrübə Azərbaycanda da tətbiq oluna bilər. Çünki inzibati vəzifələr müəyyən enerji və fiziki aktivlik tələb edir. Amma tədqiqat sahəsində yaşlı alimlərin bilik və bacarıqlarından istifadə etmək çox dəyərlidir. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində maraqlı bir təcrübə olub: yaşlı alimlərə “məsləhətçi professor” adı verilərək onların tədqiqat imkanlarından yararlanılıb, lakin inzibati vəzifə tutmalarına şərait yaradılmayıb. Bu, faydalı bir təcrübədir.

Türkiyədə belə bir deyim var: “Alimin təqaüdçüsü olmaz, rəhmətliyi olar". Yəni, alim vəfat edənə qədər elmi fəaliyyətini davam etdirməli, cəmiyyətə töhfə verməlidir. Əgər onun qələmi işləyirsə, zehni açıqdırsa, elmə xidmət etməyə davam etməlidir.

Bununla yanaşı, əgər alim yeni nəslin tələblərinə cavab verə, müasir tədris üsullarını tətbiq edə, dünyadakı elmi yenilikləri və texnologiyaları izləyə bilmirsə, o zaman tədrisdə çətinliklər yaranır və tələbələr ondan razı qalmır.

Ona görə də belə alimlərin təcrübəsindən daha çox elmi-tədqiqat laboratoriyalarında, müxtəlif tədqiqat qruplarında, elmi rəhbərlikdə magistrantlara və doktorantlara yol göstərməkdə istifadə etmək mümkündür. Bu həm onların təcrübəsini dəyərləndirmək, həm də gənc nəslə fayda vermək üçün ən doğru yoldur".

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox