2025-ci il üçün ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi yekunlaşıb. Abituriyentlər öz arzularına, topladıqları bala və əmək bazarındakı tələblərə uyğun olaraq ixtisaslarını kodlaşdırıblar.
Lakin nəticələr göstərir ki, bəzi ixtisaslara gözlənilən maraq göstərilməyib və onların plan yerləri ya dolmayıb, ya da çox az sayda seçim edilib.
Bu il az tələbat görən ixtisaslar hansılar olub?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, I ixtisas qrupu üzrə daha az tələbatlı ixtisaslar sırasında geologiya, mexanika, geomatika və geodeziya mühəndisliyi kimi ixtisaslar yer alır:
"Çox təəssüflər olsun ki, bu sırada pedaqoji yönümlü ixtisaslar da var. Belə ki, riyaziyyat müəllimliyi, riyaziyyat-informatika müəllimliyi kimi ixtisaslara da maraq azalıb. Həmçinin maşın mühəndisliyi, materiallar mühəndisliyi, mühəndis fizikası, radiotexnika və telekommunikasiya mühəndisliyi, cihaz mühəndisliyi, geologiya və geofizika mühəndisliyi, o cümlədən qida mühəndisliyi ixtisaslarına da müraciət çox az olub və kifayət qədər plan yeri boş qalıb".
II ixtisas qrupunda da boş qalan ixtisaslar kifayət qədərdir. Bu daha çox müəllimlik ixtisaslarında müşahidə olunub:
"II turda 52 yer coğrafiya müəllimliyi üzrə boş qalıb. Bundan başqa, mühasibat ixtisası da az tələbat görən istiqamətlərdəndir. Həmçinin beynəlxalq ticarət və logistika ixtisası bəzi universitetlərdə boş qalan plan yerləri ilə diqqət çəkib".
III ixtisas qrupunda vəziyyət nisbətən fərqlidir:
"Burada yalnız regionşünaslıq ixtisaslarına maraq az idi. Amma buna baxmayaraq, I turda bu ixtisas üzrə plan yerləri tam dolmuşdu".
IV ixtisas qrupunda pedaqoji ixtisaslara maraq çox zəif olub:
"Məsələn, SDU, GDU, MDU, LDU kimi universitetlərdə biologiya və kimya müəllimliyi ixtisaslarında boş yerlər çox idi. Bundan başqa, bağçılıq və tərəvəzçilik ixtisasına da maraq az olub. Eyni zamanda, bəzi universitetlərdə psixologiya ixtisası üzrə də plan yerləri boş qalıb".
V ixtisas qrupu ilə bağlı da təəssüfünü ifadə edib:
"Bu qrup üzrə bəstəkarlıq, instrumental ifaçılıq, həmçinin idman və məşqçilik istiqamətində, xüsusən də tədrisi ingilis dilində olan ixtisaslara qəbul sayı az olub. Adlarını çəkdiyim bu ixtisaslar məhz daha az müraciət olunan istiqamətlərdir. Gələcəkdə çalışmalıyıq ki, əgər bu ixtisasların plan yerləri dolmayacaqsa, daha çox tələbat olan ixtisasların plan yerləri artırılsın".