"Dövlət ali təhsil müəssisələrinin regionlarda yayılması daha real və vacibdir. Məsələn, Quba Dövlət Universiteti kimi təşəbbüslər çoxalmalıdır. Bu, həm bölgənin iqtisadi və sosial inkişafına, həm də gənclərin təhsilə əlçatanlığına müsbət təsir edəcək".
Bu fikirləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, özəl ali təhsil müəssisələrinin və ümumiyyətlə ali təhsil müəssisələrinin mərkəzdən, yəni Bakıdan kənara çıxarılması mütləqdir:
"Bu, həm Bakının infrastrukturuna, tıxac probleminə, həm də ümumi sosial məsələlərə müsbət təsir göstərər. Beynəlxalq təcrübəyə baxsaq, Avropa ölkələrində və qardaş Türkiyədə ali təhsil müəssisələri əsasən şəhər mərkəzindən kənarda, kampus şəklində yerləşdirilir. Bizdə də region ali təhsil müəssisələri şəhər mərkəzlərindən kənarda olmalıdır.
Məsələn, Türkiyədə universitetlər böyük kampus şəklində şəhərin kənarında fəaliyyət göstərir. Bizdə də bu təcrübənin tətbiqi vacibdir. Bakıdakı universitetlərin kənarlara köçürülməsi tıxac problemini azalda və şəhəri rahatlaşdırar.
Özəl ali təhsil müəssisələrinin regionlarda yerləşdirilməsi məsələsində isə bəzi çətinliklər mövcuddur. Bu müəssisələr şəxsi sərmayə hesabına yaradılır və sahibkarlar, təbii olaraq, Bakıda yerləşməyə üstünlük verirlər. Çünki bölgələrdə təhsil haqqı aşağı olacaq. Məsələn, 2500-3000 manatlıq illik ödəniş Bakı üçün normal sayılsa da, bölgələrdə bu məbləğ 1500-2000 manata düşəcək ki, bu da biznes üçün rentabelli olmaya bilər.
Amma dövlət dəstəyi ilə müəyyən güzəştlər daxilində regionlarda da özəl ali məktəblərin açılması mümkündür. Xüsusilə Lənkəran, Gəncə, Naxçıvan, Quba kimi iri şəhərlərdə bu mümkündür və arzuolunandır.
Dövlət ali təhsil müəssisələrinin regionlarda yayılması isə daha real və vacibdir. Quba Dövlət Universiteti kimi təşəbbüslər çoxalmalıdır. Bu, həm bölgənin iqtisadi və sosial inkişafına, həm də gənclərin təhsilə əlçatanlığına müsbət təsir edəcək.
Nəticədə, ali təhsil müəssisələrinin regionlarda artması həm dövlət, həm özəl sektor üçün ölkənin inkişafına, savadlı cəmiyyətin formalaşmasına, sosial problemlərin azalmasına və gənclərin düzgün istiqamətlənməsinə müsbət təsir göstərəcək. Bu, savadsızlığın azalması, mədəni səviyyənin yüksəlməsi və gənclərin mənfi yollardan çəkindirilməsi baxımından vacib addımdır".