Azedu.az

Pedaqoji ixtisaslara qəbul dəyişsin: “Müsahibədən keçməlidirlər”

Təhsil ekspertləri

Müəllimlər və elm adamları

8 Sentyabr 2025, 15:42
Pedaqoji ixtisaslara qəbul dəyişsin: “Müsahibədən keçməlidirlər”

Müəllimlik peşəsi hər bir cəmiyyətin təhsil sisteminin dayağıdır. Lakin hazırda müəllimlik ixtisasını bitirib pedaqoji fəaliyyətlə məşğul olmayan şəxslərin kifayət qədər çoxdur. 

Təhsil eksperti Rasim Həsənzadə belə şəxslərin təhsil üçün müəyyən problemlər yaratdığını bildirib.

167327

Qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

“Müəllimlik ixtisasını bitirsə də, pedaqoji fəaliyyətlə məşğul olmayan şəxslərin çoxluğu müəyyən problemlər yaradır. Onlar plan yerlərini doldurur, amma təhsil sisteminə töhfə vermirlər. Bu vəziyyəti aradan qaldırmaq üçün bir neçə istiqamətdə addımlar atılmalıdır.

İlk növbədə, qəbul prosesində yalnız bal deyil, həqiqi maraq və motivasiya nəzərə alınmalıdır. Məsələn, müəllimlik ixtisaslarında təhsil almaq istəyənlərdən öncədən bir müsahibə götürülsün, hansı ki bu Finlandiya təcrübəsibdə var. Əks halda ixtisasa marağı olmayan şəxslərin müəllimlik ixtisaslarına daxil olması gələcəkdə bu problemi daha da artırır.

İkincisi, müəllim hazırlığının keyfiyyəti yüksəldilməlidir. Çünki bir təhsil sisteminin keyfiyyəti heç vaxt onun müəllimindən yüksək ola bilməz. Təcrübə proqramlarının genişləndirilməsi, müasir pedaqoji bacarıqların inkişafı və universitet-məktəb əməkdaşlığının gücləndirilməsi vacibdir.

Düşünün, tələbə 4 il universitetdə təhsil alır, daha sonra MİQ imtahanında iştirak üçün əlavə bir il vaxt  sərf edir ki, proqramı bitirsin və müəllim kimi çalışsın. Deməli, pedaqoji təhsil verən universitetlər məktəbdə müəllim işləmək üçün tələb olunan bilik- bacarıqları tam şəkildə tədris edə bilmir. Bu səbəbdən də universitetlər təhsil proqramlarını müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməlidirlər.

Üçüncüsü, müəllim peşəsinin nüfuzu qaldırılmalıdır. Yüksək sosial status, rəqabətqabiliyyətli əməkhaqqı və peşəkar inkişaf imkanları yaradılarsa, daha çox gənc müəllimlikdə qalmaq və bu sahədə uzunmüddətli fəaliyyət göstərmək istəyər.

Nəhayət, pedaqoji təhsili başa vurub müəllim işləməyən şəxslərin də qazandıqları biliklərdən faydalanmaq mümkündür. Onlar təhsil idarəçiliyi, tədris materiallarının hazırlanması və ya qeyri-formal təhsil sektorunda faydalı ola bilərlər. Amma əsas məsələ odur ki, universitetlərdən məzun olanların əksəriyyəti müəllim kimi fəaliyyət göstərsin və bu peşə cəmiyyətin ən hörmətli, nüfuzlu sahələrindən birinə çevrilsin”.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox