2025-2026-cı tədris ilində Hökumətlərarası Təqaüd Proqramı ilə Macarıstanda təhsil üçün 200 tələbəyə yer ayrılıb. Yekunda 130 tələbə təhsil hüququ qazanıb.
Dövlət Proqramı ilə xaricdə təhsil üçün ayrılan yer dolmuşkən görəsən HTP ilə Macarıstanda oxumağa maraq niyə bu qədər azdır?
Mövzuyla bağlı təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.
"Macarıstana olan təqaüd proqramı uğurla davam edir. Lakin Dövlət Proqramı ilə müqayisədə Macarıstan proqramı iqtisadi baxımdan daha dezavantajlı şərtlər təqdim edir.
Dövlət proqramında tələbələrin həm təhsil haqqı, ildə bir dəfə gediş-gəliş bileti və sığortası ödənilir. Üstəlik, aylıq təqaüd 1200-1300 avro təşkil edir. Macarıstan proqramında təhsil haqqı və yataqxana xərcləri qarşılanır, lakin verilən aylıq təqaüd 300-400 avro səviyyəsindədir. Bu səbəbdən tələbələr əsasən dövlət proqramına üstünlük verirlər.
Şərtlər baxımından hər iki proqramda eyni tələblər mövcuddur: IELTS və ya TOEFL nəticələri, akademik göstəricilər və s. Sadəcə olaraq, ödənilən təqaüd məbləği fərqli olduğu üçün seçim daha çox Dövlət Proqramına olur.
Bu il dövlət proqramı ilə xaricə gedən 500 nəfərdən 130-u dünyanın ən yaxşı 10 universitetinə qəbul olunub ki, bu da böyük göstəricidir. Doğrudur, Macarıstanın bir neçə universiteti reytinqlərdə öndədir, lakin ümumi sıralamada Dövlət Proqramı çərçivəsində təqdim edilən universitetlər daha yüksək yerlərdə qərarlaşır".