Universitetə qəbulun asan, məzun olmağın isə çətin olması məsələsi təhsil siyasətində tez-tez müzakirə olunur. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, bu model ali təhsildə keyfiyyətə nəzarəti gücləndirə bilər. Çünki qəbul prosesində yüksək baryerlər qoymaqdan daha çox, tələbənin universitetdəki akademik nailiyyətlərinə, davamlı öyrənməsinə və araşdırma bacarıqlarının inkişafına diqqət yetirilir. Yəni, universitetlərin səviyyəsi “daxil olanların çoxluğu” ilə deyil, “məzun olanların keyfiyyəti” ilə ölçülməlidir.
Bu fikirləri təhsil eksperti Rasim Həsənzadə AzEdu.az-a açıqlamasında bildirib.
Universitetlərdə daxili keyfiyyət artırılmalıdır
"Müasir universitetlər üçün əsas göstərici tələbənin yüksək balla qəbul olunması deyil, məzun olduqdan sonra əmək bazarında öz ixtisasına uyğun iş tapa bilməsidir. Deməli, yüksək bal və qəbul olunan tələbə sayı əsla keyfiyyət göstəricisi ola bilməz. Universitetlər normativ təhsil müddətində tələbələrə əmək bazarının tələblərinə uyğun təhsil proqramları təqdim etməli və onları gələcək peşəkar həyata hazırlamalıdır.
Bəzi ölkələrin təcrübəsi də bu modeli təsdiqləyir. Məsələn, ABŞ və Avropa universitetlərində qəbul nisbətən əlçatan görünə bilər, lakin tələbələrin akademik göstəricilərinə çox ciddi nəzarət edilir. Hətta təhsilini tamamlamadan universitetdən uzaqlaşdırılan tələbələrin sayı az deyil. Bu, tələbələri daha çox çalışqan olmağa, öyrənməni məsuliyyət kimi qəbul etməyə sövq edir.
Bununla belə, yanaşmanın riskləri də var. Əgər universitetlərdə tədris keyfiyyəti, müəllimlərin pedaqoji bacarıqları, infrastruktur imkanları və idarəetmənin vizyonu zəifdirsə, “məcburi çətinləşdirmə” tələbələri keyfiyyətə deyil, formal maneələrə sürükləyə bilər. Burada məqsəd süni şəkildə məzun sayını azaltmaq deyil, bilik və bacarıqlara əsaslanan obyektiv seçim mexanizmi qurmaq olmalıdır.
Fikrimcə, ali təhsilin keyfiyyətini artırmaq üçün qəbulun asan, məzun olmağın isə çətin olması müəyyən dərəcədə effektiv ola bilər. Amma bunun üçün paralel şəkildə təhsil proqramlarının məzmunu, qiymətləndirmə sistemləri və universitetlərin daxili keyfiyyət təminatı mexanizmləri gücləndirilməlidir. Əks halda, bu yanaşma sadəcə formal bir baryerə çevrilə bilər".