"Bəzi ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə tədris prosesi ürək açan deyil. Bununla bağlı əsas problem bəzi ixtisaslarda laboratoriyaların olmaması, yaxud olsa da, tələbələrin praktiki biliklər əldə etməsi üçün kifayət qədər istifadə olunmamasıdır. Hətta bəzi universitetlərdə laboratoriyalar ümumiyyətlə mövcud deyil".
Bu barədə AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, bu vəziyyət həmin sahədə təhsil alan tələbələrin ixtisası kifayət qədər mənimsəməsinə mane olur:
"Xüsusilə bəzi özəl ali təhsil müəssisələrində və bəzi dövlət universitetlərində bu hallar müşahidə olunur və valideynlərin, tələbələrin narazılığına səbəb olur. Məsələn, maşın mühəndisliyi ixtisası üzrə təhsil alan tələbə nəzəri bilik əldə edir, amma həmin universitetdə bu sahəyə uyğun laboratoriya və ya zavodla əməkdaşlıq olmadığı üçün təcrübə keçmək imkanı yoxdur.
Bu isə tələbənin gələcəkdə mütəxəssis kimi yetişməsinə mənfi təsir göstərir. Ona görə də biz təklif etmişdik ki, hər hansı ali təhsil müəssisəsinə yeni ixtisas verilməzdən əvvəl həmin universitetin bu ixtisası real şəkildə və keyfiyyətli tədris edə bilib-bilmədiyi ciddi araşdırılsın. Əgər imkanlar yoxdursa, nə laboratoriya, nə praktik baza o zaman həmin ixtisas universitetə verilməməlidir.
Eyni zamanda bəzi mütəxəssislər belə hallarda həmin universitetin növbəti tədris ilində həmin ixtisas üzrə qəbul aparmasının dayandırılmasını, hətta universitetin fəaliyyətinin nəzərdən keçirilməsini təklif ediblər. Mən isə universitetin bağlanmasının tərəfdarı deyiləm. Müasir cəmiyyətimizdə, dünyadakı trendlərə baxsaq, ali təhsil müəssisələrinin sayının artırılması istiqamətində addımlar atılır və bu, gənclərin ali təhsil alması üçün müsbət amildir.
Bu o demək deyil ki, bəzi ixtisaslar üzrə real imkanları olmayan universitetlərdə tədris davam etməlidir. Mən hesab edirəm ki, ali təhsil müəssisələrinin fəaliyyəti davam etməlidir, amma yalnız real tədris imkanlarına malik ixtisaslar üzrə. Əgər həmin ixtisas üzrə nə laboratoriya, nə də praktik baza yoxdursa, həmin ixtisas universitetə verilməməlidir. Robototexnika və mekatronika kimi ixtisaslar nəzəri olmamalıdır; onların arxasında böyük laboratoriya, praktiki imkanlar və ciddi baza olmalıdır. Bu imkanlar yoxdursa, həmin ixtisasın açılması düzgün deyil.
Nəticə olaraq qeyd etmək istəyirəm ki, universitetlərin bağlanması yox, amma praktik və laborator imkanları olmayan ixtisasların həmin təhsil müəssisələrinə verilməsinin qarşısı alınmalıdır. Bu məsuliyyət birbaşa Elm və Ali Təhsildə Dövlət Agentliyinə aiddir. Əgər bu addımlar atılsa, universitetlər həmin sahədə inkişaf edəcək, yeni laboratoriyalar yaradacaq və ya müəssisələrlə əməkdaşlıq quraraq tələbələri təcrübəyə göndərəcəklər.
Bu gün bəzi universitetlərdə, məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Rüfət Əzizovun rəhbərliyi ilə ciddi irəliləyişlər müşahidə olunur. Rüfət müəllim çalışır ki, universitetdə iki diplom proqramları artırılsın və xarici təşkilatlarla əməkdaşlıq qurulsun.
Amma digər universitet rəhbərləri də aktiv olmalıdır. Təcrübə sadəcə kağız üzərində olmamalıdır. Müxtəlif sahələr üzrə müxtəlif təşkilatlarla müqavilələr bağlanmalı, tələbələr dövlət və ya özəl sektorda real təcrübə keçməlidirlər. Məsələn, ekoloji ixtisasda oxuyan tələbə Ekologiya Nazirliyində və müvafiq şöbələrdə təcrübə keçməlidir. Təəssüf ki, bu sahədə vəziyyət hələ zəifdir.
Elm və Ali Təhsildə Dövlət Agentliyi bu məsələni ciddi şəkildə nəzarətdə saxlamalıdır. Universitetlər tələbəni təcrübəyə göndərdikdə, agentlik bu prosesin necə həyata keçirildiyini yoxlamalıdır. Xarici təcrübəyə baxsaq, tibb universiteti yalnız xəstəxanası varsa tibb ixtisası aça bilir. Bizdə isə bəzi universitetlər deyir ki, robototexnika tədris edəcəyəm, amma nə laboratoriyası, nə avadanlığı var".