Azedu.az

Məktəbəqədər təhsil qadınların üzərindədir - uşaqlar kişi rol modeli görmür

Təhsil ekspertləri

28 Avqust 2025, 11:17
Məktəbəqədər təhsil qadınların üzərindədir - uşaqlar kişi rol modeli görmür

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin ən böyük paradokslarından biri ondadır ki, bu sahədə çalışanların demək olar ki, hamısı qadınlardır. Cəmiyyətdə formalaşmış stereotiplərə görə, azyaşlı uşaqların qayğısı və tərbiyəsi qadınların işi hesab olunur.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a danışarkən bildirib:

Bu yanaşma kökündən səhvdir

"Çünki pedaqoji fəaliyyətin keyfiyyəti müəllimin cinsindən deyil, onun bilik və bacarıqlarından, peşəkarlığından və məsuliyyətindən asılıdır. “Təhsil haqqında” Qanunda və “Məktəbəqədər təhsil haqqında” Qanunda pedaqoji fəaliyyət üçün əsas meyar kimi yalnız müvafiq ixtisas üzrə təhsil və hazırlıq göstərilir. Yəni qanunvericilik səviyyəsində heç bir məhdudiyyət yoxdur, amma praktikada kişi müəllimlərin bu sahəyə marağı yox dərəcəsindədir.

Statistikaya baxanda daha ciddi mənzərə üzə çıxır. 2024-cü ildə Azərbaycanda 1-5 yaş aralığında 600 mindən çox uşaq var, amma onların yalnız 38 faizi məktəbəqədər təhsilə cəlb olunur. Bu, deməkdir ki, əhalinin böyük bir hissəsi məktəbəqədər təhsil sistemindən kənarda qalır. Eyni zamanda, mövcud bağçalarda çalışanların 95 faizdən çoxu qadınlardır. Bu, nəinki gender balansını pozur, həm də uşaqların sosial-emosional inkişafına birtərəfli təsir göstərir. Uşaqlar yalnız qadın müəllim nümunəsini görür, kişi rol modeli isə praktik olaraq yoxdur. Halbuki uşaqların həm qadın, həm də kişi pedaqoqlardan öyrənməsi onların dünyagörüşünü, cəmiyyətin müxtəlif rollarını qavrama bacarığını zənginləşdirir".

Dünya təcrübəsi nə deyir?

"Skandinaviya ölkələrində bağçalarda kişi müəllimlərin xüsusi yeri var. Norveçdə uşaq bağçalarında çalışanların təxminən 10 faizi kişilərdir və bu rəqəmi artırmaq üçün dövlət proqramları həyata keçirilir. Niderland və Almaniyada da kişi müəllimlərin sayı ilbəil artır, çünki dövlət başa düşür ki, gender balansı uşaqların inkişafı üçün vacibdir. Bu ölkələrdə xüsusi təqaüdlər, motivasiya paketləri və maarifləndirici kampaniyalar vasitəsilə kişi pedaqoqlar bu sahəyə cəlb olunur. Azərbaycanda isə nə belə proqramlar var, nə də ictimai müzakirə aparılır.

Müsbət tərəf odur ki, son illərdə məktəbəqədər təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsait müəyyən qədər artıb, yeni bağçalar tikilib, 5 yaşlı uşaqların məktəbəhazırlıq proqramına cəlb olunması 87 faizə çatıb. Amma bu, sistemin bütövlükdə problemini həll etmir. Çünki həm əhatəlilik aşağıdır, həm də kadr siyasəti bircinsliyin üzərində qurulub. Əgər bu vəziyyət dəyişməsə, gələcəkdə məktəbəqədər təhsil yalnız “qadın peşəsi” kimi qəbul ediləcək, kişi müəllimlər isə bu sahədən tamamilə kənarda qalacaq.

Mənfi tərəf isə ondan ibarətdir ki, əməkhaqlarının aşağı olması və sosial statusun zəifliyi kişiləri bu sahədən uzaqlaşdırır. Bağça müəllimlərinin maaşı orta əmək bazarının göstəricilərindən çox aşağıdır və karyera perspektivləri demək olar ki, yoxdur. Üstəlik, ictimai stereotiplər də bu sahəyə kişi marağını minimuma endirir. Nəticədə həm gender balansı pozulur, həm də təhsil mühiti zənginləşmir.

Müqayisə edəndə görürük ki, inkişaf etmiş ölkələrdə dövlətlər gender balansını xüsusi siyasət aləti kimi qəbul edir, bizdə isə bu məsələ ümumiyyətlə gündəmdə deyil. Nazirliyin saytında bağçaların sayı, uşaqların qeydiyyatı ilə bağlı statistik məlumatlar paylaşılır, amma strateji baxış, uzunmüddətli proqram, gender balansı ilə bağlı heç bir addım görünmür".

Nə dəyişməlidir?

"Əgər bu yanaşma dəyişməsə, nə dəyişəcək? Yalnız mövcud vəziyyət davam edəcək - bağçalarda bircinsli müəllim heyəti, keyfiyyət problemi və sosial ədalətsizlik. Nə dəyişməlidir? İlk növbədə, kişi müəllimlərin bu sahəyə cəlbi üçün dövlət proqramı hazırlanmalıdır. Motivasiya mexanizmləri tətbiq olunmalı, ictimai kampaniyalar vasitəsilə stereotiplər dağıdılmalı, əməkhaqları yüksəldilməlidir. Əks halda, biz illərlə təkrar edəcəyik ki, bağçalarda çalışanların “hamısı qadındır” və bu, təhsilin keyfiyyətinə ciddiərbə vurur".

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox