Ötən gün Dövlət İmtahan Mərkəzi ixtisas seçimi nəticələrinin gələn həftə açıqlanacağını bildirib. Bu isə həm abituriyentlərin, həm də valideynlərin narazılığına səbəb olub.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Murad qeyd edib ki, ixtisas seçiminin gec başlaması əsas problemdir:
“Hər il avqust ayının 3-dən və ya 5-dən etibarən ixtisas seçimi başlayır və ayın 11-dək yekunlaşırdı. Bu il isə proses avqustun 19-na qədər uzadıldı. Düzdür, burada bəzi akademiyaların, məsələn, Polis Akademiyası və digər xüsusi təyinatlı təhsil müəssisələrinin yerləşdirilməsi nəzərə alınır. Ancaq əsas məsələ ixtisas seçiminin gec başlamasıdır. Əgər Dövlət İmtahan Mərkəzi nəticələri tez açıqlasaydı və ixtisas seçimi ən geci avqustun 5-də başlayıb 15-də yekunlaşsaydı, həm nəticələr vaxtında bilinərdi, həm də valideynlər və abituriyentlər bu qədər gözləməyə məcbur qalmazdılar. Eyni zamanda, tədris ili də ləngiməzdi və digər universitetlər də qəbul proseslərini vaxtında bitirə bilərdi”.
Ekspert bildirib ki, hazırkı vəziyyət narazılıqlara yol açır. Nəticələrin gecikməsi portalda qeydiyyat prosesinin də gec başlamasına səbəb olur:
“Portal qeydiyyatı üçün minimum bir həftə vaxt tələb olunur. Bu isə texnikumların və kolleclərin qəbul müddətinin sentyabrın sonlarına qədər uzanmasına gətirib çıxarır. Hətta sentyabrın 23-dək davam etməsi ehtimalı var”.
Universitetlərdə boş qalan yerlərə əlavə yerləşdirmə və qeydiyyatın da gecikəcəyi vurğulanır
“Bu, abituriyent və valideynlərin planlarını pozur. Valideynlər öncədən bilmək istəyirlər ki, övladları hara qəbul olunacaq - rayona, yoxsa Bakıya? Əgər Bakı üçün ev kirayələyiblərsə, amma nəticədə övladları rayona düşürsə, verdikləri kirayə haqqı boşa gedir. Bu da həm maliyyə, həm də vaxt itkisinə səbəb olur.
Ümumiyyətlə, bu qədər gecikmə valideynlərin qərar verməsini çətinləşdirir və haqlı narazılıqlara yol açır. Ümid edirəm ki, bu il yaşanan vəziyyətdən nəticə çıxarılacaq və gələcək illərdə Dövlət İmtahan Mərkəzi bu prosesi daha erkən və səmərəli şəkildə təşkil edəcək. Ən azı avqust ayı ərzində bütün proseslər yekunlaşmalı və sentyabrın 5-10-u aralığında valideynlərə plan qurmaq üçün şərait yaradılmalıdır. Əks halda narazılıqlar artacaq”.