"Müəllimlərin işə qəbuluna dair vakansiya seçimi artıq 6 avqust tarixindən başlayaraq davam edir və 11 avqust saat 11:00-da başa çatacaq. Müəllimlərin işə qəbul imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası üzrə isə 6 bal olmaqla ümumilikdə minimum 40 bal və daha yüksək nəticə göstərən namizədlər öz şəxsi səhifələrinə daxil olaraq vakansiya seçə bilərlər".
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib.
Qeyd edib ki, vakansiya seçimi zamanı namizədlər diqqətli olmalıdırlar, çünki seçim edildikdən sonra onu dəyişmək mümkün deyil: "Namizədlərə 8 seçim imkanı verilir. Bəzən namizədlər vakansiya seçimi zamanı sistemdə göstəriləndən az vakansiyanın olduğunu, yəni vakansiyaların gizlədildiyini bildirirlər. Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə 4 agentlik məlumat verib ki, 2025-ci il üçün təxminən 7000 vakant yer təqdim olunub. Bu vakansiyalar müxtəlif ixtisaslar və regionlar üzrə təhlil edilərək, sertifikatlaşdırma nəticələri, orta dərs yükü və mövcud müəllim sıxlığı nəzərə alınaraq sistemə daxil edilib".
Bəzi vakant yerlərin az olma səbəbləri
"İxtisaslar üzrə fərqlilik ola bilər. Bəzi fənlərdə dərs saatının az olması, müəyyən məktəblərdə həmin fənn üzrə vakant yerin olmaması və ya regionlar üzrə vakansiyaların azlığı müşahidə olunur. Buna görə də müəllimlər arasında müzakirələr yaranır.
Müvafiq agentlik bu barədə məlumat yayıb və namizədlər qeyd olunan seçimləri edərək müəllimlərin işə qəbul prosesini yekunlaşdıra bilərlər. Hər hansı sual yaranarsa, Elm və Təhsil Nazirliyinin qaynar xətti - 146 nömrəsi ilə əlaqə saxlamaq mümkündür".