Azedu.az

Gənc müəllimlər yaşlılardan daha potensiallıdır 

Təhsil ekspertləri

8 Avqust 2025, 11:04
Gənc müəllimlər yaşlılardan daha potensiallıdır 

Müəllim heyətinin tərkibi təhsil keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdəndir. Təcrübəli, illərin sınağından keçmiş pedaqoqların məktəb mühitində rolu danılmazdır. Eyni zamanda, son illərdə gənc müəllimlərin daha çox üstün tutulması meyli də müşahidə olunur. 

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlama verib. Bildirib ki faiz etibarilə üstünlük gənc müəllimlərdədir: "Elə yaşlı müəllimlər var ki, təcrübəsi, pedaqoji bacarığı, zəkası və elmi potensialı ilə gənc müəllimlərin çoxundan daha keyfiyyətlidir. Elə gənc müəllimlər də var ki, bacarığı, çevikliyi və həvəsi ilə bir çox yaşlı müəllimləri geridə qoyur. Amma ümumi faiz etibarilə üstünlüyü gənc müəllimlərə verirəm. Çünki yaşlı müəllimlər müəyyən müddətdən sonra yorğun olur. Yorğunluq və istəksizlik pedaqoji fəaliyyətin önünə keçir, bu isə həm şagirdlərin tədris prosesinə cəlb olunmasına, həm də dərsin keyfiyyətinə mənfi təsir göstərir".

Gənc müəllimlər daha potensiallıdır

"Gənc müəllimlər isə daha dinamik, çevik, həvəsli və məqsədyönlü olur, karyera qurmaq istiqamətində səy göstərirlər. Bu istək dərs prosesində də özünü göstərir. Burada söhbət əsasən 3-5 illik təcrübəsi olan müəllimlərdən gedir. Onlar şagirdlərlə daha yaxşı ünsiyyət qurur, tapşırıqları müxtəlif metodlarla yoxlayır, müasir texnoloji avadanlıqlardan istifadə bacarığına malik olur. Yaşlı müəllimlərin çoxu isə texnoloji avadanlıqlardan istifadədə çətinlik çəkir".

Sertifikasiyadan kəsilənlərin əksəriyyəti yaşlılardır

"Məsələn test tapşırıqlarını müasir tələblərə uyğunlaşdırmaq gənc müəllimlər üçün daha asandır. Sertifikasiya imtahanlarının nəticələri də bunu göstərir. İmtahandan kəsilənlərin əksəriyyəti yaşlı müəllimlərdir, çünki onlar həm fənn, həm də metodika üzrə verilən suallara uyğunlaşmaqda çətinlik çəkirlər. Bunun səbəbləri arasında ailə və şəxsi problemlər, eləcə də özünü təkmilləşdirmək üçün enerji çatışmazlığı var.

Bununla belə, çox yaxşı yaşlı müəllimlər də mövcuddur. Elələri var ki, gənc müəllimləri hər zaman dəstəkləyir, onlara yol göstərir. Ümumilikdə isə dediyim kimi üstünlüyü gənc kadrlara verirəm. Çünki onlar daha dinamik, daha potensiallıdır və bu gün bizə lazımdır ki, tədris prosesi müasir texnoloji avadanlıqlarla qurulsun. Sovet dövründən qalma, yalnız nəzəri bilgilərin verilməsi ilə məhdudlaşan yanaşma artıq yetərli deyil.

Bizim məqsədimiz şagirdlərə müasir bilik və bacarıqlar çatdırmaq, onları müasir test üsullarına, tətbiqi biliklərə öyrəşdirməkdir. Olimpiadalarda da artıq nəzəri biliklərdən çox tətbiqi bacarıqlar ön plana çıxır. Buna görə də gənc müəllimlərin çevikliyi, həvəsi, istəyi və bacarığı yaşlı müəllimlərlə müqayisədə daha çox üstünlük təşkil edir".
 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox