Lisey və gimnaziyalara qəbul imtahanlarında hazırda yalnız tədris dili və riyaziyyat fənləri nəzərdə tutulur. Riyaziyyat isə daha çox məntiqə əsaslanan suallarla təmsil olunur. Bu yanaşma bəzi mütəxəssislər tərəfindən təqdir olunsa da, gələcəkdə imtahan formatına xarici dilin də əlavə olunması məsələsi aktuallaşır.
Bu kontekstdə təhsil eksperti Elmin Nuri AzEdu.az-a danışıb. Bildirib ki, bu imtahanlarda xüsusilə riyaziyyat məntiq yönümlü olur: "Yəni riyaziyyatın formulları, teoremləri və digər nəzəri prinsipləri deyil, daha çox məntiqi düşüncəni ölçən tapşırıqlara üstünlük verilir.
Lisey və gimnaziyalara hazırlaşan şagirdlər əsasən məntiq predmeti üzrə hazırlaşaraq öz bilik səviyyələrini nümayiş etdirirlər. Fikrimcə, gələcəkdə qəbul imtahanlarına xarici dil fənninin də əlavə olunması çox yaxşı olardı. Şəxsən mən bunu təqdir edirəm. Çünki lisey və gimnaziyalara qəbul olan uşaqlar öz bilik səviyyələrinə görə yaşıdlarını üstələyir, daha hazırlıqlı və bacarıqlı olurlar. Bu uşaqların xarici dil biliyinə sahib olması da onların əlavə üstünlüyü ola bilər. Biz bu cür şagirdləri və bu istiqamətdəki dəyişiklikləri dəstəkləməliyik".
Lisey və gimnaziyalara maraq azalıb
"Lisey və gimnaziyalara qəbul qaydaları çətinləşdirilib. Bu isə cəmiyyət arasında lisey və gimnaziyalara marağın azalmasına səbəb olacaq. Bu il güzəştə getdilər, çünki valideynlər və şagirdlər əvvəlcədən bu dəyişikliklər barədə məlumatlandırılmamışdılar. Uşaqlar aylarla hazırlaşmışdılar, planlarını qurmuşdular. Mən düşünürəm ki, bu qərarın tətbiqinə ehtiyac yox idi.
Lisey və gimnaziyalara qəbul sistemi yaxşı bir ənənənin əsasını qoymuşdu. Düzdür, bu sistemdən sui-istifadə edənlər də vardı. Amma əsas üstünlüyü ondan ibarət idi ki, artıq şagirdlər ənənəvi məktəb sistemindən, köhnə düşüncə tərzindən uzaqlaşırdılar. Riyaziyyat və məntiqə tamamilə fərqli yanaşmalar formalaşırdı. Şəxsən mən, liseyə hazırlaşan uşaqlarla hazırlaşmayanlar arasında düşüncə və yanaşma fərqini aydın şəkildə görürdüm".
İndi isə vəziyyət eyni deyil
"İndi isə bu imkanlar məhdudlaşdırılıb. Belə bir vəziyyətdə, şəxsən mənim üçün lisey və gimnaziyalara qəbulda xarici dil fənninin əlavə olunması və ya digər dəyişikliklərin həyata keçirilməsi maraqlı deyil. Düşünürəm ki, mənim kimi çox sayda vətəndaş da bu qərarlardan sonra marağını itirib".