700 bal təhsil sistemində hər zaman bir simvol, bir zirvə kimi təqdim olunur. Lakin bu bal həmişə yalnız savadın göstəricisidirmi?
Təhsil eksperti Ramin Nurəliyev bu yanaşmanın reallıqla nə qədər üst-üstə düşdüyünü, 700 balın doğrudan da bir meyar olub-olmadığıyla bağlı fikirlərini AzEdu.az-a bölüşüb: “Mən 700 bal yığanları, yəni 700 balı bir şans kimi görürəm. Əslində mənə görə 680–690 bal yığanlarla 700 bal yığanlar arasında o qədər də böyük bir fərq yoxdur. Sadəcə bir abituriyent bir sualı və ya iki sualı səhv yazıb, digəri isə eyni sualları düzgün cavablandırıb. Bu fərq məncə savad baxımından ölçülməməlidir. Bəli, qəbul imtahanlarında bal sıralanması nəticələrin yer seçiminə təsir edir, yəni 700 bal daha üst nəticə kimi götürülür. Amma bu sırf texniki meyardır. Savad göstəricisi kimi 700 balı digər yaxın ballarla müqayisə etmək, məncə, yanlışdır”.
Bu nəticənin arxasında bəzən şans da dayanır
“Mən qətiyyən 700 bal toplayanı savadlı, 680 toplayanı ondan az savadlı hesab etmirəm. Hər ikisi eyni savad kateqoriyasına daxildir. Sadəcə bəzi abituriyentlərin şansı gətirməyib - ola bilər ki, çox asan bir sualda səhv buraxıblar”.
“Məsələn, mənim 695 bal toplayan bir şagirdim vardı. O, yalnız bir sualda – Azərbaycan dili fənnindən sifət mövzusunda primitiv bir səhv etmişdi. Öz sözləri ilə desək, sualı o qədər asan görmüşdü ki, təkrar yoxlamağa belə ehtiyac duymamışdı. Halbuki təkrar baxsaydı, həmin səhvi görə bilərdi. Amma bu onun savadsız olduğunu göstərmir. Əksinə, çox potensiallı bir şagird idi. Topladığı baldan da bu, məlumdur.
Düşünmürəm ki, bu gün şagirdlər sırf 700 bal toplamaq üçün robot kimi davranırlar. Məncə, onların çoxu belə bir nəticəyə özləri belə hazır olmur. Yəni onlar 680-700 arası nəticə gözləyirlər, amma imtahanda xəta etmədikləri üçün 700 bal toplayırlar”.
Bu o demək deyil ki, 700 bal yığan digərlərindən qat-qat savadlıdır. Ola bilər ki, başqa bir imtihanda bu nəticələr dəyişsin. Ola bilər ki, bu dəfə 680 bal yığan biri daha yüksək nəticə göstərsin. Ona görə də, 700 balı savadın yeganə meyarı kimi təqdim etmək doğru deyil”.