Azedu.az

Müəllim seçimində yalnız dil bilgisinə üstünlük verilməməlidir

Təhsil ekspertləri

24 İyul 2025, 11:02
Müəllim seçimində yalnız dil bilgisinə üstünlük verilməməlidir

Azərbaycanda bir çox ali təhsil müəssisəsində ingilis dili bölməsi üzrə tədrisin keyfiyyəti gözlənilən səviyyədə deyil. Bu bölmədə təhsil alan tələbələrin əksəriyyəti tədris prosesinə adaptasiya ola bilmədiyi üçün əlavə hazırlıq kurslarına üz tutur. Mütəxəssislər bildirirlər ki, vəziyyət sistemli yanaşmanın yoxluğu və ixtisas üzrə kadr çatışmazlığı ilə daha da ağırlaşır. Təhsil eksperti Elmin Nuri mövcud durumu AzEdu.az-a şərh edərkən həm tələbələrin, həm də müəllimlərin bu vəziyyətdən narahat olduğunu vurğulayır: “Özünüinkişafın, praktiki və nəzəri bacarıqların qəti əleyhinə deyilik, tələbənin kursa getməsində də heç bir qəbahət yoxdur. Lakin tələbələrin əksəriyyəti dil kurslarına özlərini inkişaf etdirmək üçün deyil, vəziyyətdən çıxış yolu tapmaq üçün yollanırlar. Yəni, ingilis dili bölməsində oxuduğu üçün dərs prosesində danışılanları az da olsa anlamaq üçün”.

Müəllimlər də vəziyyətin fərqindədir

“Ölkənin bir çox universitetlərinin ingilis dili bölmələrində dərs deyən müəllim tanışlarımla söhbət zamanı onlar da bu durumun acınacaqlı olduğunu qeyd edirlər. Hətta müəllim var ki, ingilis dilini yüksək, akademik səviyyədə bilir, lakin auditoriyada öz dediklərini tərcümə edə-edə danışır”.

Keçid ballarındakı dəyişiklik ümid doğurur

“Sevindirici hal budur ki, artıq universitetlərə qəbul prosesində demək olar ki, bütün ixtisas qruplarındakı bütün ixtisaslar üzrə ingilis dili bölməsinin keçid balı Azərbaycan dili bölməsinin keçid balından xeyli çoxdur. Bu da həmin ixtisaslara təsadüfi seçimlərin qarşısını xeyli almış olacaqdır.

Reallıq yerində qalır – bu gün bir neçə universiteti çıxmaq şərtilə digərlərində ingilis dili bölmələri üzrə keyfiyyət ürəkaçan deyil. Tələbələrin bir çoxu imtahanları necə vermək haqqında düşünürlər. Təbii ki, bəzi universitetlər bu istiqamətdə müəyyən irəliləyişlərə nail olublar. Bunlara misal olaraq, Bakı Dövlət Universiteti, UNEC, Xəzər Universiteti, Gömrük Akademiyası və s.-in adını çəkə bilərik. “ADA” Universiteti ilə Bakı Ali Neft Məktəbindəki durumu isə deməyə ehtiyac yoxdur; bu iki ali təhsil ocağında ingilis dilli təhsil özünün ən yüksək səviyyəsindədir”.

Müəllim özü də kursa gedir

“Amma elə universitetlər də var ki, orada tələbələri bir kənara qoyaq, hətta ingilis dili bölmələrində dərs deyən müəllimlərin özləri belə dil bilgisi baxımından çox axsayırlar. Adını çəkmədiyim bir universitetdə çalışan müəllim tanışım var ki, dərsdənkənar əlavə ingilis dili kursuna gedir”.

Müəllim seçimində yalnız dil bilgisinə üstünlük verilir

“Məsələnin ikinci neqativ tərəfi isə müəllim seçimində yalnız dil bilgisinə önəm verilməsidir. İngilis dili bölməsində dərs deyən şəxs təbii ki, bu dili də bilməlidir. Bunun başqa variantı ola bilməz, mümkün də deyil. Lakin biz ixtisasla bağlı bilgini də unutmamalıyıq. Bəzən isə universitetdə təki dil bilgisi yaxşı olsun prinsipinə önəm verirlər. İngilis dilini çox yüksək səviyyədə bildiyi üçün bir müəllim az qala, özünə qəti aidiyyatı olmayan sahəni də tədris edir. Məsələn, marketinq, iqtisadiyyat üzrə mütəxəssis olan həmin kadr sırf dil bilgisi səbəbindən İT profilli ixtisasları da tədris edir. Bu isə qeyri-peşəkarlıqdır. Amma həm də məcburiyyətdir. Çünki bütün ixtisaslar üzrə ingilisdilli dərsləri yüksək səviyyədə keçəcək müəllimlərimiz təbii ki, yoxdur”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox