Peşə təhsili istiqamətində son dövrlər müəyyən qədər irəliləyiş müşahidə olunur. Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirir ki, bu inkişaf əsasən peşə təhsili üzrə kadr hazırlığının təkmilləşdirilməsi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlıdır. Eyni zamanda bəzi yüksək texniki peşə ixtisaslarına subbakalavr dərəcəsinin verilməsi bu sahəyə marağı nisbətən artırıb: "Ümumilikdə peşə təhsilinin hazırkı vəziyyətini qənaətbəxş hesab etmək olar, lakin bir sıra çatışmazlıqlar hələ də qalır. Peşə təhsil müəssisələrinin dövlət və özəl qurumlarla əməkdaşlığı, bu istiqamətdə təhsil alan şəxslərin karyera imkanlarının artırılması əsas məsələlərdəndir. Hələ də vətəndaşlarda bu sahəyə maraq tam formalaşmayıb. Əksəriyyət ali və ya orta ixtisas təhsilini üstün tutur, halbuki peşə təhsili daha geniş iş imkanları yaradır".
Maarifləndirmə və əməkdaşlıq zərurəti
"Peşə təhsilinə marağın artırılması üçün maarifləndirmə və təbliğat işləri gücləndirilməlidir. Təəssüf ki, bu sahədə təbliğat zəifdir. Maarifləndirmə və əməkdaşlıq məsələlərinə diqqət artırılarsa, peşə təhsili mövcud vəziyyətdə daha qənaətbəxş səviyyəyə çatacaq".