Azedu.az

Elmin Nuri: “Keçid balları qalxacaq” iddialarına inanmayın 

Təhsil ekspertləri

16 İyul 2025, 17:27
Elmin Nuri: “Keçid balları qalxacaq” iddialarına inanmayın 

Sosial şəbəkələrdə yayılan “bu il keçid balları qalxacaq” kimi məlumatlar heç bir rəsmi və elmi əsasa söykənmir. Bu barədə təhsil eksperti Elmin Nuri AzEdu.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, son günlərdə TikTok və Instagram kimi platformalarda keçid balları ilə bağlı əsassız proqnozlar paylaşılır:

“İnsanlar yazır ki, keçid balları qalxacaq. Mən də soruşuram – haradan bilirsiniz? Ümumiyyətlə, keçid balı nədir və necə müəyyən olunur, bu barədə məlumatınız varmı?”
Elmin Nuri valideynləri və abituriyentləri yayılan bu tip iddialara qarşı ehtiyatlı olmağa çağırıb. Qeyd edir ki, keçid balları əvvəlcədən müəyyən olunmur və bu məlumatlar ictimaiyyət üçün ancaq ixtisas seçimi prosesi başa çatdıqdan sonra məlum olur:

“Keçid balı yalnız sistem bağlandıqdan sonra, kompüter alqoritmi vasitəsilə müəyyən olunur. Bu mərhələdə hər ixtisas üzrə müraciət edən abituriyentlərin sayı və plan yerləri nəzərə alınır. Yəni, sistemdə hansı ixtisasa neçə nəfər sənəd veribsə və həmin ixtisasa neçə yer ayrılıbsa, keçid balı bu nisbət əsasında formalaşır. Keçid ballarının hesablanması zamanı heç Dövlət İmtahan Mərkəzi belə, əvvəlcədən dəqiq nəticələri bilə bilməz. Buna görə də, “keçid balları qalxacaq” və ya “düşəcək” kimi iddialar yalnız insanlarda narahatlıq yaratmağa xidmət edir. Heç kəs əvvəlcədən deyə bilməz ki, hansı ixtisası neçə nəfər seçəcək. Əgər bu bilinmirsə, keçid balının dəyişəcəyi haqda fikir bildirmək də yanlışdır”.

Sonda Elmin Nuri valideynlərə və abituriyentlərə səslənib:

“Bu dönəm çox həssasdır. Övladlarınızı qoruyun, onları şayiələrlə yükləməyin. Real olmayan məlumatlar sadəcə gərginliyi artırır”.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox