DİM-in sədri Məleykə Abbaszadə ötən gün baytarlıq ixtisasına olan marağın artdığını söyləyib. Məsələyə münasibət bildirən təhsil eksperti Elmin Nuri, AzEdu.az-a açıqlamasında bu ixtisasın keçid balının aşağı olmasının səbəblərini əmək bazarının mexanizmləri və ictimai baxış bucağı ilə əsaslandırır. Elmin Nuri hesab edir ki, istər universitet, istər kollec, istərsə də peşə təhsil müəssisəsi olsun, bir ixtisasın taleyini və nüfuzunu müəyyən edən əsas amil əmək bazarındakı tələb və təklif mexanizmidir.
Onun sözlərinə görə, bu mexanizm son illərdə kolleclərdə də özünü daha dolğun göstərməyə başlayıb:
"Əvvəllər əmək bazarına uyğun olmayan, nəzəri yönümlü və praktik tələbatdan uzaq sayılan bəzi ixtisaslar artıq “ölü missiya” olmaqdan çıxır. Buna baxmayaraq, baytarlıq ixtisasına yönələn maraq, ekspertin fikrincə, hələ də ciddi deyil. O, qeyd edir ki, seçim zamanı baytarlıq ixtisası bir çox abituriyentlər tərəfindən ciddi qəbul olunmur, hətta bəziləri bu sahəni nəzərə almadan ümumiyyətlə ixtisas seçməsindən imtina edir".
Ekspert həm ali, həm də orta ixtisas təhsilinə müraciət edənlərin bu ixtisasın adını eşidən kimi tərəddüd etdiyini, bunun artıq cəmiyyətdə psixoloji problemə çevrildiyini bildirir. Baytarlıq, eləcə də şərabçılıq, balıqçılıq, meşəçilik, zoomühəndislik kimi sahələrə də eyni münasibət göstərilir.
Bəzi ixtisaslara tələbat az olduğu üçün keçid balları aşağı olsa da, bu, həmin sahənin dəyərsiz olduğunu göstərmir – deyən ekspert əlavə edir ki, cəmiyyət hələ də görüntüyə, ad-san düşüncəsinə üstünlük verir:
“Hüquqşünas olmaq istəyənlərə səbəbini soruşanda çox zaman cavab gəlmir. Sadəcə ‘adı yaxşı səslənir’ deyirlər. Baytarlığın yalnız iri buynuzlu heyvanlarla işləməkdən ibarət deyil. Türkiyədə bu sahədə beynəlxalq səviyyədə tanınan, yüksək gəlir əldə edən və sosial mediada milyonlarla izləyicisi olan mütəxəssislər mövcuddur. Marağın müəyyən qədər artdığını qəbul edirəm, amma psixoloji baryerlər hələ də mövcuddur. Baytarlıq sahəsinə baxışın dəyişməsi üçün cəmiyyətin yanaşmasında köklü dəyişikliklərə ehtiyac var”.