Azedu.az

Neft-qaz, hüquq, müəllimlik...- Süni intellektin qurbanına çeviriləcək İXTİSASLAR

Təhsil ekspertləri

16 İyul 2025, 11:57
Neft-qaz, hüquq, müəllimlik...- Süni intellektin qurbanına çeviriləcək İXTİSASLAR

"Süni intellekt bir çox ixtisasların gələcəyini təhlükəyə salacaq.Belə ki, neft-qaz mühəndisliyi, geologiya mühəndisliyi, radiotexnika və telekommunikasiya, dizayn və memarlıq, pedaqoji ixtisaslar, hüquq, əczaçılıq, tərcümə ixtisasları, mühasibatlıq və marketinq süni intellektin qurbanına çevriləcək ixtisaslar olacaq".

Bu fikri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib.

164461

Ekspertin sözlərinə görə, süni intellekt geniş ictimai bir mövzu olub və müzakirə obyektinə çevrilib:

"Artıq süni intellektin təsir gücləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Dövlət İmtahan Mərkəzinin rəhbəri də öz çıxışında bəzi ixtisasların süni intellektin təsirinə uğrayaraq artıq yavaş-yavaş sıradan çıxacağını qeyd edib. Bu, qaçılmaz bir həqiqətdir. Çünki düşünürəm ki, yaxın 5-10 il ərzində artıq süni intellekt bütün sahələrdə özünü ifadə edə bilib, bütün sahələrdə özünü göstərib və bu da istər-istəməz bəzi ixtisasların tələbini azaldacaqdır.Məsələn, neft və qaz mühəndisliyini qeyd eləmişəm. Bəzilərinə bu bir az gülünc gələ bilər. Bu böyüklükdə sektor dünyanın əhəmiyyətli ölkələri neft və qazla idarə olunur.

Yəni bu ixtisasın sıradan çıxmasına imkan verməyəcəklər. Amma reallıq var ki, Çin elektriklə işləyən nəqliyyat vasitələrini icad edib və bu da öz növbəsində benzinlə işləyən, yəni neftlə işləyən maşınların sıradan çıxmasına, ikinci plana düşməsinə təsir göstərir. Belə deyək, əgər nəqliyyat sektorunda elektriklə istifadə olunan maşınlar benzinlə işləyən maşınları sıradan çıxarırsa bu düşündürməlidir ki, bir neçə il sonra bəlkə də on il sonra artıq neft sektoruna tələbat o qədər də çox olmayacaq.

Bu mənim şəxsi fikrimdir. Bu bəlkə də 5 il, 10 il və ya 15 il olar. Lakin bu sektorun zəifləyəcəyinə ehtimal edirəm. Məsələn, kimya mühəndisliyi aktuallığını hər zaman qoruyacaq. Çünki kimya mühəndisliyinin neft məhsullarından istifadə edən müxtəlif materialların hazırlanması prosesi davam edəcək deyə düşünürəm".

"Geologiya mühəndisliyi də həmçinin neft sektoruna aid olduğu üçün bu sahənin də aktuallığını itirəcəyinə inanıram",-deyə ekspert fikrinə əlavə edib:

"Radiotexnika və telekommunikasiya sahələri artıq sistem olaraq rahat bir şəkildə elektrik sistemlərinə keçid edib və elektronika sistemləri radiotexnikanı sıxışdırır. Məsələn, bu gün artıq biz düşünürük ki, ev telefonlarına ehtiyac yoxdur. Hətta bir neçə il sonra bəlkə də mobil telefonlardan da istifadə azalacaq. Çünki artıq internet üzərindən işləyən WhatsApp, səsli və görüntülü zənglər var. Telekommunikasiya daha fərqli formaya keçir.

Memarlıq və dizayn sahələrində də süni intellekt özünü göstərir. Artıq telefona yüklənən proqramlar vasitəsilə istənilən dizayn tapmaq, memarlıq ideyası almaq mümkündür. İnsan özü kompüter biliklərinə sahibdirsə, evinin interyerini rahatlıqla özü dizayn edə bilər. Bu da memar və dizaynerlərin əmək bazarındakı yerini zəiflədə bilər.

Pedoqoji ixtisaslarla bağlı Türkiyədə bir modeldən danışmaq istəyirəm. Türkiyədə sinfə robot müəllim daxil olub, dərs keçib və şagirdlərin suallarına cavab verib. Hazırda süni intellekt telefona yüklənir, sual verirsiniz, cavab alırsınız. Bu artıq repetitor fəaliyyətini də müəyyən qədər məhdudlaşdıra bilər. Çünki təhsil platformaları süni intellekt əsaslı modellər hazırlayır və bu istiqamətdə dərslər onlayn və hibrid formada keçilir. Artıq valideyn müəllim yanına uşaq göndərmək ehtiyacı duymur.Hüquq ixtisası ilə bağlı da süni intellekt əsaslı hüquqi yardım proqramları var. Şirkətlər 5 hüquqşünas yerinə birini saxlamaqla qalan işləri süni intellektlə həll edirlər. Bu da istər-istəməz hüquq sahəsində çalışanların ixtisara düşməsinə səbəb ola bilər.

Əczaçılıq sahəsində də süni intellektlə şəkil yükləməklə xəstəlik diaqnozu və müvafiq dərman təyin olunması mümkündür. Bu da müalicə prosesində əczaçının rolunu azalda bilər.Tərcümə ixtisaslarında artıq onlayn proqramlar, YouTube-dakı dil kursları və avtomatik tərcümə sistemləri böyük rol oynayır.Mühasibatlıq və marketinq sahəsində də süni intellekt proqramları hazırlanır. Ən yaxşı mühasiblər qalacaq, amma digərləri ehtimal ki, ixtisar olunacaq. Marketinqdə onlayn sistemlər insan faktoruna olan tələbatı azaldır.

Əgər bir şəxs əmək bazarında sıxışdırılarsa məsələn, müəllim, hüquqşünas və ya əczaçı o zaman başqa sahəyə yönəlməyə məcbur olacaq. Məsələn, kənd təsərrüfatı və heyvandarlıq. Bu da həmin sahələrə marağın artmasına səbəb olacaq. Beləliklə, birbaşa olmasa da, dolayısıyla süni intellektin inkişafı kənd təsərrüfatı sahəsində də canlanmaya səbəb ola bilər",- deyə R.Nurəliyev fikrini yekunlaşdırıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox