Azedu.az

“Nəticəsi 30 baldan aşağı olan müəllim şagird qarşısına çıxmasın”

Təhsil ekspertləri

15 İyul 2025, 13:59
“Nəticəsi 30 baldan aşağı olan müəllim şagird qarşısına çıxmasın”

Təhsil naziri ötən gün müəllimlərin sertifikasiya imtahanları ilə bağlı vacib məqamlara toxunaraq bu prosesin məqsədinin indiki yox, gələcək təhsil sisteminin formalaşdırılması olduğunu bildirib. Nazir vurğulayıb ki, əsas hədəf ümumi təhsil məktəblərində peşəkarlıq səviyyəsinin artırılması, zəif müəllimlərin sistemdən mərhələli şəkildə uzaqlaşdırılması və onların yerinə ixtisasına sadiq, bilikli kadrların gətirilməsidir.

Nazirin bu fikirlərinə münasibət bildirən, AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev də qeyd edir ki, sertifikasiya sadəcə imtahan deyil, sistemli keyfiyyət dəyişikliyinə aparan vasitədir. Onun sözlərinə görə, bu proses 5–6 il sonrakı təhsil keyfiyyətinin təməlini qoyur və zəif nəticə göstərən müəllimlərin yenidən hazırlaşaraq sistemə qayıtmasına da şərait yaradır:

164408

"Tədris prosesini düzgün həyata keçirə bilməyən, şagird qarşısında aciz qalan kadrların məktəbdən uzaqlaşdırılması, onların yerinə isə ixtisasına sadiq və yüksək hazırlıqlı mütəxəssislərin gətirilməsi əsas hədəf kimi qoyulub. Hazırda bu proses davam edir və 2026-cı ilə qədər bütün fənlər üzrə sertifikasiya imtahanlarının yekunlaşması planlaşdırılır.

Bu il imtahandan keçə bilməyən müəllimlərə bir illik möhlət hüququ tanınıb. 2026-cı ildə bu möhlət sona çatacaq və nəticədə işini itirən müəllimlərin yerinə yeni kadrlar gələcək. Bu kadrlar 3-5 il işlədikdən sonra təkrar sertifikasiya imtahanında iştirak edəcəklər".

Ekspert təkrar sertifikasiya imtahanının daha çətin ola biləcəyini bildirib:

"Çünki hədəfimiz müəllimlərin peşəkar inkişafını dəstəkləmək, məktəblərdə yüksək ixtisaslı pedaqoqların fəaliyyətini təmin etməkdir. Sertifikasiya imtahanı bizə gələcəyin təhsil mənzərəsini göstərməyə imkan verəcək. Bu günə qədər keçirilən imtahanlar göstərdi ki, bir çox müəllim öz ixtisası üzrə işləməyib və ya zəif nəticə göstərib. Biz bu insanları təhqir etmirik. Onlar da bizim vətəndaşlarımızdır, soydaşlarımızdır. Sadəcə istəyimiz odur ki, əgər onların pedaqoji ixtisas üzrə diplomları varsa, təkrar MİQ imtahanında iştirak etsinlər və yenidən məktəbdə işləmək imkanı qazansınlar. Nazir də vurğulayıb ki, bizim məqsədimiz müəllimləri işdən çıxarmaq və ya diplomlarını əllərindən almaq deyil. Məqsədimiz keyfiyyətli təhsili təmin etməkdir. Sertifikasiya imtahanına qarşı bəzi mənfi fikirlər formalaşdırılsa da, biz bu imtahanın arxasındayıq. Əgər bir müəllim 60 sualdan 30-na cavab verə bilmirsə, yəni 50 faiz nəticə göstərə bilmirsə, onun şagird qarşısına çıxmağa haqqı yoxdur. Heç bir valideyn övladının zəif müəllim tərəfindən tədris olunmasını istəmir".

Qeyd edib ki, kəsilən müəllimlər öz üzərlərində işləyib növbəti illərdə imtahana yenidən qatıla bilərlər. Onların diplomları qüvvədə qalır, sadəcə olaraq hazırkı proses keyfiyyətin artırılmasına yönəlib. Nazirliyin bu istiqamətdə atdığı addımlar uğurludur və bu islahatlar 5-6 il sonrakı təhsil sistemimizin əsasını formalaşdıracaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox