Ötən gün DİM-in İdarə heyətinin sədri Məleykə Abbaszadə çıxışı zamanı yüksək nəticə əldə edən abituriyentlərin valideynlərindən birinin müəllim olduğunu qeyd edib.Onun sözlərinə görə, onlar arasında daha çox riyaziyyat müəllimi yer alır.
Riyaziyyat müəllimlərinin övladları nə üçün imtahanda daha uğurlu nəticə əldə edirlər?
Mğvzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev bildirib ki, bunun belə olması yəni ailənin ziyalılığı, o cümlədən ailədə müəllimlərin olması həmin ailədə böyüyən uşaqların da təhsilə marağının olmasından irəli gəlir:
"Artıq valideynlərin kitablarla, təhsillə daha çox vaxt keçirdiyini görən şagird, əlbəttə ki, oxumağa, öyrənməyə maraqlı olacaq. Riyazi təfəkkürün formalaşması isə, əlbəttə ki, riyaziyyat müəllimləri övladlarının həm genetik olaraq riyazi təfəkkürünü onlara ötürə bilirlər, eyni zamanda da onların riyaziyyat üzrə bilik və bacarıqlarının formalaşmasına imkan yaradırlar.
Hər hansısa bir şəxsin riyazi təfəkkürünün daha yaxşı olması, əlbəttə ki, onun digər fənlər üzrə də müvafiq olaraq bilik və bacarıqlarının yüksək olması anlamını daşıyır. Ona görə məsələn, dünyanın bir çox ölkəsində riyazi təfəkkür yoxlanılır, imtahan riyaziyyat fənnindən aparılır.
Təəssüf olsun ki, bizim ölkəmizdə riyaziyyatla bağlı vəziyyət ürəkaçan deyil, Belə ki, riyaziyyat üzrə çox az qaneedici vəziyyət var. Biz ona görə çalışırıq ki, riyaziyyat üzrə ümumi nəticələri, təhsil göstəricilərini şagirdlərdə artıraq. Və əlbəttə, bütün şagirdlərin riyazi təfəkkürü yüksək olarsa, o zaman onlar istənilən fənnin öhdəsindən gələ bilərlər.
Biz baxsaq, daha çox riyaziyyatla bağlı problemi olan istiqamət humanitar yönümlü istiqamətdir. Həmin istiqamət üzrə təhsil almaq istəyən abituriyentlərin böyük əksəriyyəti, məhz riyaziyyat fənni üzrə nəticələri aşağıdır. Və bu da əlbəttə, onların digər fənlərinə də müəyyən qədər təsir göstərir".