Son illərdə Azərbaycanda bakalavr təhsilini bitirən gənclərin böyük bir hissəsi magistratura mərhələsi üçün xarici ölkələrə üz tutur. Almaniya, Türkiyə, Macarıstan və digər Avropa ölkələri azərbaycanlı gənclərin əsas istiqamətlərinə çevrilib. Bu tendensiya bəzən yerli təhsilə olan inamın zəifləməsi, bəzənsə daha geniş elmi perspektivlər axtarışı ilə izah olunur. Gənclər ölkədə qalmaq əvəzinə niyə xarici universitetlərə üz tuturlar?
AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanovun fikrincə, bu seçim əsasən qlobal imkanlar və reallıqlarla bağlıdır.
Ekspert bildirir ki, gənclərin xaricdə magistr təhsili almağa can atması başa düşüləndir. Onun sözlərinə görə, bu sahədə dövlətin dəstəyi, müxtəlif ikitərəfli təqaüd proqramları – məsələn, Macarıstan, Çin, Cənubi Koreya kimi ölkələrin təqdim etdiyi təqaüdlər – xaricdə təhsili daha əlçatan və cəlbedici edir. Halbuki, xaricdə təhsil kifayət qədər baha və ciddi maliyyə yükü olan bir prosesdir.
"Magistratura bakalavrdan fərqli olaraq daha praktik yönümlüdür və bu da onu daha cəlbedici edir. Tələbənin artıq universitet həyatı yaşamış, formalaşmış biri kimi xarici ölkədə daha rahat uyğunlaşmasına imkan verir. Halbuki bakalavr səviyyəsində tələbə hələ şəxsiyyət kimi formalaşma mərhələsində olur və xaricdə ciddi çətinliklər yaşaya bilər”.
Onun fikrincə, xaricdə təhsil yalnız diplom qazandırmaqla kifayətlənmir, eyni zamanda dünya görüşünü genişləndirir. Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində tələbələr dünyanın aparıcı universitetlərinin prioritet ixtisaslarına göndərilir. Bu da həmin sahələri ən yüksək səviyyədə öyrənmək üçün unikal fürsətdir:
"Azərbaycanda da yüksək səviyyədə magistratura təhsili verən universitetlər mövcuddur. Lakin xarici universitetlərin maddi-texniki bazası, laboratoriya imkanları və təqdim etdikləri qlobal təhsil mühiti daha üstün səviyyədədir. Ekspert vurğulayır ki, xaricdə təhsil alıb, daha sonra bu bilik və təcrübəni ölkənin inkişafına yönəldən kifayət qədər uğurlu məzunlarımız var. Bu fakt da yeni nəsil üçün əlavə motivasiya rolunu oynayı".
Qeyd edib ki, təhsilini öz hesabına davam etdirmək istəyənlər də var və bu seçimlərdə həm ixtisas, həm də ölkə faktoru diqqətlə dəyərləndirilməlidir. “Magistr oxumaq istəyən gənclər həm Azərbaycandakı, həm də xaricdəki alternativləri araşdırmalı, onlar üçün ən uyğun olanı seçməlidirlər. İnkişaf etmiş ölkələrdə təhsil yalnız nəzəri bilik deyil, həm də tədqiqat, praktiki tətbiq və bəzən işləmək imkanı da yaradır. Bu da magistrları daha hazırlıqlı mütəxəssis kimi ölkəyə geri qaytarır. Xaricdə tanınmış universitetdən alınan diplomlar qlobal miqyasda qəbul olunduğu üçün diplom tanınması və təsdiqlənməsi ilə bağlı əlavə prosedurlara ehtiyac qalmır. Bu da qlobal şirkətlərdə karyera imkanlarının daha rahat açılmasına şərait yaradır".
Elçin Süleymanov sonda magistratura seçimi qarşısında dayanan bütün tələbələrə uğurlar arzulayıb:
“Ümid edirəm ki, seçdikləri ixtisaslar həm onların şəxsi inkişafına, həm də ölkəmizin gələcəyinə töhfə verəcək”.