Süni intellektin və avtomatlaşdırmanın sürətlə inkişaf etdiyi bir dövrdə “Gələcəkdə hansı peşələr yaşayacaq, hansılar tarixə çevriləcək?” sualı getdikcə daha aktual olur. Təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a əmək bazarında baş verəcək dəyişikliklərlə bağlı mühüm proqnozlar verib.
Ekspert bildirir ki, yaxın 5–10 il ərzində bir çox ixtisaslar əmək bazarından tədricən silinəcək.
Onun sözlərinə görə, xüsusilə avtomatlaşdırılmış və robotlaşdırılmış sahələrdə insanların əməyinə ehtiyac azalacaq: “Artıq bir çox sahələrdə peşələr öz aktuallığını itirəcək. Məsələn, bank sektorunda operator və kassir kimi vəzifələr gələcəkdə ləğv olunacaq peşələr sırasındadır”, – deyə ekspert vurğulayır.
Bununla belə, texnologiyanın əvəz edə bilməyəcəyi, yaradıcı düşüncə və insani yanaşma tələb edən sahələr mövcudluğunu qoruyacaq: “Rejissorluq, kinooperatorluq, jurnalistikanın bəzi istiqamətləri və xüsusi ixtisaslar hələ uzun müddət tələbatlı olacaq. Müəyyən hallarda pedaqoji sahədə də bəzi istiqamətlər zamanla öz yerini texnologiyaya verə bilər. Bu prosesin kökündə texnologiyanın insan əməyini əvəz edə biləcək səviyyədə inkişaf etməsi dayanır. Qarşıdakı illərdə əmək bazarında bir çox peşələrin tamamilə sıradan çıxdığını görmək mümkündür və bu, artıq qaçılmaz reallığa çevrilir”.