"Paylaşılan rəsmi cədvələ əsasən, 2025–2026-cı tədris ili üzrə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olaraq göstərilir. Sertifikasiya prosesində yüksək nəticə göstərən müəllimlərə 35% əlavə verilməklə əməkhaqqı 1320 manata çatır, 10% əlavə alanlar üçün isə bu rəqəm 1010 manat təşkil edir. Sertifikasiyada iştirak etməyənlər isə 765 manat maaş alacaqlar".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.
Onun sözlərinə görə, burada diqqət çəkən əsas məsələ “orta əməkhaqqı” ilə real vəziyyət arasındakı uyğunsuzluq və stimullaşdırıcı modelin qeyri-kafi olmasıdır:
"Əvvəla, “orta əməkhaqqı” göstəricisi, yalnız sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlərin maaşlarının daxil edilməsi ilə süni şəkildə şişirdilmiş bir göstəricidir. Halbuki 2023 və 2024-cü illərdə keçirilən imtahanlarda yüksək nəticə göstərənlərin faizi əksər fənlər üzrə 20 faizdən aşağı olub. Bu isə o deməkdir ki, əslində müəllimlərin böyük əksəriyyəti bu 1320 manatlıq əməkhaqqını almır və statistik olaraq təqdim edilən “orta əməkhaqqı” real deyil.
Bundan başqa, 35% və 10% artımın özü də kifayət qədər problematikdir. Əgər bu artımlar real əməkhaqqı artımını əvəzləyirsə, deməli, müəllim maaşları artmır, sadəcə əvvəlki məbləğlər üzərində “bonus” adı ilə fərqləndirmə aparılır. Halbuki inkişaf etmiş ölkələrdə müəllimlərin maaşı yalnız nəticəyə görə deyil, təcrübəyə, təhsilə, ixtisasdaxili inkişaf səviyyəsinə və fənn üzrə çətinlik amillərinə görə dəyişir. Misal üçün, Estoniyada müəllimlərin minimum aylıq əməkhaqqısı 1749 avrodur və bu məbləğ hökumət tərəfindən təhsil sektoruna investisiyanın bir hissəsi kimi görülür, şərtli bonus mexanizmi deyil.
Azərbaycanda isə aşağı nəticə göstərən müəllim cəzalandırılır (maaş azalır), yüksək nəticə göstərən isə stimullaşdırılır, amma bu stimulların dayanıqlılığı, şəffaflığı və ədalətliliyi sual altındadır. Ən əsası, müəllimlərin bu qədər fərqlə maaş alması məktəbdaxili əməkdaşlığı zədələyir, kollektivdə gərginlik və rəqabət yaradır, təhsilin keyfiyyətini isə kompleks şəkildə artırmır.
Orta əməkhaqqı statistikası isə yalnız kağız üzərində gözəldir, müəllimin süfrəsində yox. Təhsili düzəltmək istəyiriksə, müəllimi həqiqətən qiymətləndirməklə başlamalıyıq. Maaşla yox, dəyərlə",-deyə ekspert qeyd edib.