Bəzi ölkələrdə xüsusilə də Gürcüstan, Qazaxıstan, Moldova, Ukrayna və Şimali Kipr kimi xaricdə ali təhsil müəssisələrinə qəbul üçün yalnız attestatın təqdim olunması kifayət edir. Bu isə Azərbaycanda şişirdilmiş qiymətlərlə verilmiş attestatların beynəlxalq ali təhsil sisteminə də sirayət etməsinə, real bilik və bacarığı zəif olan tələbələrin asanlıqla xaricdə universitetlərə daxil olmasına səbəb olur. Nəticədə, bu ölkələrdə təhsil alan azərbaycanlı gənclərin bir hissəsi dərsləri mənimsəyə bilmədiyi üçün təhsildən yayınır, universiteti yarımçıq tərk edir və ya ümumiyyətlə, oradan xaric edilir.
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Bu vəziyyətin artıq ölkənin beynəlxalq təhsil nüfuzuna zərbə vurmağa başladığını bildirir.
Onun sözlərinə görə, attestat qiymətləri ilə real akademik hazırlıq arasında illərdir müşahidə olunan fərq bu gün artıq beynəlxalq təhsil axınında da ciddi problemlər yaradır:
“Attestatlar formal sənədə çevrilib. Xaricə gedən bir çox tələbə elə bilir ki, ‘əla’ yazılmış kağız real bilik deməkdir. Amma nəticədə nə dərsi anlayır, nə imtahandan keçir, nə də orada qalmağa davam edə bilir. Bu, təkcə fərdi problem deyil, artıq ölkə adına pis imic yaradır”.
Ekspert hesab edib ki, Azərbaycanda qiymətvermə sisteminin obyektivliyi artırılmasa, bu proses daha da dərinləşəcək:
"Çıxış yolu kimi attestat qiymətləri ilə buraxılış imtahanlarının nəticələri arasında əlaqənin gücləndirilməsini və attestatla xaricə təhsil üçün müraciət edənlərə əlavə bilik və dil tələblərinin tətbiq olunmasını təklif edir.
“Əgər şagird 11 il oxuyubsa, onun bilik səviyyəsi mütləq hansısa obyektiv göstəriciyə əsaslanmalıdır. Elə bir mexanizm qurulmalıdır ki, attestat sadəcə məktəbdəki münasibətə və ya formal davamiyyətə əsaslanmasın. Bəzi hallarda xarici universitetlər belə tələbələrin hazırlıq səviyyəsinin zəif olduğunu görərək Azərbaycan attestatlarına daha tənqidi yanaşmağa başlayıblar. Bu isə yaxın gələcəkdə həmin ölkələrdə Azərbaycan tələbələri üçün əlavə məhdudiyyətlərin tətbiq olunması ilə nəticələnə bilər”.