"Orta ümumtəhsil müəssisələrində kişi müəllimlərin sayının azalması təkcə pedaqoji kadrlarda gender disbalansı deyil, həm də məktəbdə sosial, psixoloji və mədəni mühitin formalaşmasına təsir edən ciddi struktur böhranıdır"
Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün təqdim etdiyi statistikaya əsasən, ölkə üzrə fəaliyyət göstərən 150 mindən artıq müəllimin yalnız 18 faizi kişilərdir:
"Bu göstərici 10 il öncə 25 faiz civarında idi. İbtidai siniflərdə isə kişi müəllimlərin faizi 5-dən də aşağıdır. Belə bir vəziyyət, xüsusilə oğlan uşaqlarının şəxsiyyət kimi formalaşmasında kişi rol modellərinin yoxluğu fonunda neqativ sosial nəticələr doğurur.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsində göstərilir ki, ümumi təhsil pilləsində psixoloji-təlim mühiti şagirdlərin harmonik inkişafını təmin etməlidir. Bu harmoniyanın əsas elementlərindən biri gender balansıdır. Lakin faktiki vəziyyət göstərir ki, məktəb mühitində bu balans ciddi şəkildə pozulub. Qanunun 19.4-cü maddəsində müəllimlərin seçimində şəffaflıq və keyfiyyət meyarları əsas götürülsə də, gender tarazlığına yönəlik heç bir mexanizm nəzərdə tutulmayıb. Halbuki bu, sosial bərabərliyin və institusional sağlamlığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
Kişi müəllimlərin çatışmazlığı məktəbdə davranış pozuntularının qarşısının alınması, nizam-intizamın təmin olunması və xüsusilə yeniyetmə oğlan şagirdlərin sosial adaptasiyası baxımından boşluq yaradır. Araşdırmalar göstərir ki, ailədə ata modelinin zəif olduğu hallarda məktəbdə kişi müəllimin rolu kompensasiyaedici təsirə malik olur. Lakin bu rol da getdikcə yoxa çıxır. Məsələn, 2022-ci ildə Bakı şəhərində keçirilən monitorinq nəticələrinə görə, psixoloji və sosial davranış pozuntusu olan şagirdlərin 74 faizinin təhsil aldığı sinif və məktəblərdə kişi müəllim ümumiyyətlə olmayıb.
Müqayisəli təhlil göstərir ki, Skandinaviya ölkələrində bu problemin qarşısını almaq üçün gender əsaslı kvotalar tətbiq olunur. İsveçdə 2030-cu ilə qədər ibtidai məktəblərdə kişi müəllimlərin payını 40 faizə çatdırmaq hədəfi qoyulub. İngiltərədə kişi müəllimlər üçün əlavə əməkhaqqı paketləri, mentorluq proqramları və peşəyə hazırlıq mərhələsində subsidiya modelləri tətbiq olunur. Sinqapur və Yaponiya kişi müəllimləri cəlb etmək üçün onların sosial statuslarını artıran ictimai kampaniyalarla yanaşı, pensiya və güzəştli mənzil proqramları təqdim edir. Bu modellər göstərir ki, yalnız əməkhaqqı deyil, sosial nüfuz və iş mühitinin cazibədarlığı da kişi müəllimlərin seçimində mühüm rol oynayır".
"Azərbaycan üçün optimal həll yollarından biri Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında müəyyən dövr üçün kişi namizədlər üçün müvəqqəti kvota və ya bal endirimi mexanizminin tətbiqidir",-deyə həmsöhbətimiz fikrinə əlavə edib:
"Bu, “bərabərlik üçün pozitiv ayrıseçkilik” prinsipi ilə uyğun gəlir. Həmçinin dövlət səviyyəsində kişi müəllimlər üçün diferensial maaş siyasəti, daha erkən pensiya hüququ, sosial müavinət və kirayə dəstəyi paketləri də təqdim oluna bilər. Bu addımlar müvəqqəti tədbir kimi qəbul olunmalı, nəticələrə əsasən qiymətləndirmə aparılmalıdır.
Bu yanaşma tətbiq olunduğu təqdirdə nəinki məktəbdə gender balansı bərpa olunacaq, həm də şagirdlərin davranış və tərbiyə sistemində ciddi müsbət dəyişikliklər baş verəcək. Kişi müəllimlərin iştirakı sinifin idarəedilməsində nizam-intizamın gücləndirilməsi, intellektual və emosional baxımdan balanslı yanaşma formalaşdırılması, həmçinin şagirdlərdə müxtəlif sosial rolların qəbul edilməsi baxımından əhəmiyyətli təsir göstərəcək.
Məktəb yalnız bilik verən deyil, həm də şəxsiyyət formalaşdıran məkandır. Şəxsiyyətin formalaşmasında kişi və qadın simalarının birgə iştirak etməsi təhsil prosesini daha balanslı və dayanıqlı edir. Əgər bu struktur boşluq aradan qaldırılmazsa, gələcək nəsil sosial cəhətdən birtərəfli, davranış baxımından qeyri-sabit və gender rolları baxımından natamam formalaşacaq. Bu isə təkcə təhsilin deyil, bütövlükdə cəmiyyətin gələcəyini risk altına qoyur. Ona görə də bu məsələyə yalnız pedaqoji və ya texniki deyil, milli təhlükəsizlik və sosial inkişaf kontekstindən yanaşmaq zəruridir".