Ali məktəblərə qəbul zamanı rus bölməsi üzrə ayrılan plan yerlərinin dolmaması, Azərbaycan bölməsi üzrə isə eyni ixtisaslarda kəskin rəqabət yaranması qəbul sistemində ədalət prinsipinə zidd qiymətləndirilir.
AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun fikrincə, bu yanaşma daha yüksək nəticə göstərmiş abituriyentlərin hüquqlarını məhdudlaşdırır və struktur islahatlarına ehtiyac olduğunu göstərir.
Qeyd edir ki, bəzi populyar ixtisaslarda - hüquq, maliyyə, beynəlxalq münasibətlər və informasiya texnologiyaları da daxil olmaqla rus bölməsi üzrə plan yerləri dolmadığı halda, Azərbaycan bölməsində həmin ixtisaslara qəbul üçün minimum keçid balı 600-650 aralığında olub. Rus bölməsində isə eyni ixtisaslar üzrə bu göstərici 200-300 bal səviyyəsində qalıb.
Təhsil eksperti bu yanaşmanın Konstitusiyanın 42-ci maddəsində və “Təhsil haqqında” Qanunun 3-cü maddəsində qeyd olunan təhsildə bərabərlik və ədalət prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirir. O vurğulayır ki, bu cür fərqlilik daha çox bilik nümayiş etdirən gənclərin seçim imkanlarını məhdudlaşdırır və ali təhsil müəssisələrinin kadr qəbulunda keyfiyyət meyarlarını pozur. Bir çox ölkələrdə, məsələn, Almaniya, Fransa və Cənubi Koreyada ali məktəbə qəbul zamanı tədris dili əsas meyar hesab edilmir. Bu ölkələrdə tələbələrin biliyi və bacarığı əsas götürülür, dil fərqlilikləri isə yalnız hazırlıq mərhələsində nəzərə alınır.
"Hazırkı bölmə bölgüsü pedaqoji baxımdan da artıq aktual deyil və təhsildə süni sərhədlərin saxlanmasına xidmət edir. O əlavə edir ki, rus bölməsi üzrə plan yerlərinin dolmaması dövlətin təhsil resurslarının səmərəsiz istifadəsinə gətirib çıxarır. Əgər həmin plan yerləri Azərbaycan bölməsi üçün ümumi kontingentə daxil edilsəydi, həm yüksək bal toplayan gənclər istədikləri ixtisasa qəbul olardı, həm də universitetlərdə keyfiyyət artardı".
Kamran Əsədov alternativ olaraq ikidilli tədris modelləri, əlavə dil hazırlığı proqramları və qarışıq ixtisas qrupları kimi mexanizmləri təklif edir. Onun sözlərinə görə, tədris dili üzrə ayrıca plan yerləri əvəzinə ümumi plan tətbiq edilməli, dil bacarığı isə yalnız hazırlıq mərhələsində qiymətləndirilməlidir.
“Yüksək nəticə göstərən hər bir abituriyent ixtisas seçimində sərbəst olmalı, bu isə həm ədalət prinsipini bərpa etməli, həm də təhsilin keyfiyyətinə müsbət təsir göstərməlidir. Yüksək bal toplayan gənclərin arzularının qarşısının texniki amillərlə alınması ədalətli cəmiyyət prinsipinə ziddir”.