Azedu.az

Nadir İsrafilov xatirələrdə belə qalacaq…

Təhsil ekspertləri

Müəllimlər və elm adamları

30 İyun 2025, 17:32
Nadir İsrafilov xatirələrdə belə qalacaq…

Nadir İsrafilov: "Adımın önündə heç bir əlavəyə ehtiyac yoxdur. Sadəcə, Nadir İsrafilov. Düşünürəm, bu imza geniş təhsil ictimaiyyətinə kifayət qədər tanış olmamış deyil...".

73 yaşında vəfat edən Nadir İsrrafilov bütün karyerası boyunca təhsilin müxtəlif pillələrində - müəllimlikdən tutmuş təhsil idarəçiliyinə, ali təhsil və elmi-tədqiqat fəaliyyətinə qədər çalışmış, ölkənin təhsil sistemi üçün misilsiz söz sahiblərindən biri olmuşdur.

AzEdu.az xəbər verir ki, təhsil sahəsində fəaliyyət göstərən şəxslər onunla bağlı xatirələrini bölüşüb, xidmətlərindən və şəxsiyyətindən danışıblar:

Təhsil eksperti Elşən Qafarov:

“Nadir müəllim yaxşı dost, geniş dünyagörüşlü şəxs kimi yadsda qalacaq. Bütün söhbətlərində təhsillə bağlı mövzulara toxunar, obyektiv mövqe tutardı. Bizim tanışlığımız və dostluğumuz 2016-cı ildən başlayır. O vaxtın çətin günlərində bir neçə dəfə görüşdük və bu görüşlər mütəmadi xarakter aldı. Əsasən təhsilin mövcud durumu və ayrı-ayrı pillələri barədə müzakirələr aparırdıq. Geniş təcrübəsi və böyük elmi bilikləri ona təhsilin bütün pillələri üzrə obyektiv mövqe ortaya qoymağa imkan verirdi.

Təhsil ekspertləri arasında azsaylı şəxslərdəndir ki, bu sahənin bütün pillələrində çalışıb: ümumtəhsil məktəbində müəllim və müavin, Təhsil İnstitutunda əməkdaş, Nəsimi Rayon Təhsil Şöbəsinin müdiri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı. Eyni zamanda ali məktəbdə müəllimlik etmiş, ümumtəhsillə bağlı dərin elmi tədqiqatlar aparmışdı.

Hələ 1980-ci illərin sonunda, Kamran Bağırovla birlikdə, “Azərbaycan tarixi” dərsliyinin təşkilində də iştirak edib. O zaman müəllif kimi adının getməsinə razı olmayıb; həmin material nazirin adı ilə nəşr edilib. Nadir müəllim səbirli idi, yaranan hər situasiyada soyuqqanlı və konstruktiv qərar qəbul edirdi. Hətta tənqid edərkən belə dövlətçilik mövqeyi əsas şərt idi.

Təhsil Nazirliyi yanında İctimai Şurada çalışarkən təhsil cəmiyyətindən mütəxəssisləri cəlb edir, gənc mütəxəssislərin qarşısındakı maneələri aradan qaldırmaq üçün addımlar atırdı. Son illərdə təhsillə bağlı demək olar ki, bütün tədbirlərdə iştirak edir, fikirlərini bölüşürdü. Sonuncu görüşümüz 25 may- mənim 50 illik yubileyimdə oldu; həmin tədbirdə onun mənim formalaşmağıma verdiyi töhfədən danışdıq.

Nadir müəllimin fəaliyyəti Azərbaycanda təhsil ekspertliyinin formalaşmasında böyük rol oynayıb. Həmişə tövsiyə edirdi: daha çox oxuyun, araşdırın və mövqeyinizdən geri çəkilməyin. Onun itkisi təhsil camiəsi üçün ağırdır. Rəsmi vəzifələrində də, sonrakı ekspertlik dövründə də o, insanlara kömək etməyə çalışırdı; sosial şəbəkə üzərindən belə müraciət edənlərin problemləri ilə maraqlanırdı.

Nadir müəllimin yeri təhsil sahəsində daim görünəcək”.

Təhsil eksperti Kamran Əsədov:

“Çox ağır və acı bir xəbər aldıq. Azərbaycan təhsilinin dəyərli simalarından biri, dərin biliyi, yüksək mənəviyyatı və sarsılmaz prinsipiallığı ilə seçilən hörmətli Nadir İsrafilov dünyasını dəyişdi.

Nadir müəllim təkcə bir təhsil eksperti deyildi, o, həm də örnək bir ziyalı, sözünün çəkisi olan, dövlətə, millətə bağlı bir şəxsiyyət idi. Onun illərlə apardığı mübarizə, təhsilin inkişafı uğrunda səsləndirdiyi fikirlər bu sahədə çalışan hər bir insan üçün yol göstərən mayak idi. Onun səsi təhsilin vicdanı idi.

İnanmaq istəmirik. Elə bil yenə sabah çıxıb deyəcək ki, “təhsildə keyfiyyət və məsuliyyət prinsipləri unudulmamalıdır". Amma bu dəfə o sükuta qərq oldu…

Allah Nadir müəllimə rəhmət eləsin. Məkanı cənnət olsun. Ailəsinə, yaxınlarına, təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm.

Yaddaşlarda dürüst, fədakar, ləyaqətli bir insan kimi qalacaqsınız, Nadir müəllim. Ruhunuz şad olsun”.

Təhsil eksperti Əmrah Həsənli:

“Bir dəyəri torpağa verdik…

Əllərimizlə yox, ürəyimizlə yola saldıq Nadir müəllimi. O torpağın altına bir bədən getdi, amma izləri – düşüncədə, davranışda, yaddaşda – bizimlə qaldı.

Ağlıma belə gəlməzdi ki, bir gün sənin üzərinə torpaq tökəcəyik, ustad…

Səni həmişə yol göstərən, fikir bildirən, təmkinli duruşunla bir az arxada dayanan, amma hər kəsin içində ağırlığı ilə var olan biri kimi xatırlayırdım. İndi isə o susqunluq bir daha danışmayacaq…

Sizin arxanızca danışmaq da çətindir, susmaq da. Çünki siz səs salmadan təsir etməyi bacaran nadir insanlardandınız. Təhsil cameəsində kim sizin mövqeyinizi, təmkininizi, insaniyyətinizi görməyib ki?!

Bu gün sizin son yolçuluğunuzda olmaq mənim üçün həm şərəf idi, həm də çox ağır… Sizi yola salarkən sanki içimdə bir dövr başa çatdı. Amma bir nümunə başlandı – sizin kimi qalmaq arzusu.

Allah rəhmət eləsin… Məkanınız cənnət olsun, Nadir müəllim.

Ailəsinə, yaxınlarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı verirəm”.

Təhsil eksperti Qoşqar Məhərrəmov:

Nadir müəllimin pişiklərə olan mərhəmət və məhəbbəti həmişə diqqətimi çəkib. Ona görə ona "Pişiklərin hamisi", ya da "pişiklərin babası" deyə bilərik. Onun təhsildəki təcrübələri rahatlıqla bizə əsas verir ki, ona "Təhsil eksperti" deyək. Axırıncı 3 il əvvəl görəndə yenə binalarının həyətində pişikləri yemləyirdi. Allah onun pişiklərə mərhəmətini haqqında qurtuluş vəsiqəsi qəbul etsin. Allah rəhmət eləsin”.

Təhsil ekpserti Ramin Nurəliyev:

“İki gün bundan öncə acı bir xəbər aldıq. Təhsil mütəxəssizi hamımızın ağsaqqal kimi hörmət etdiyi Nadir İsrafilov bu müvəqqi həyata gözlərini yumdu və əbədi həyata qovuşdu. Nadir müəllim təhsil sahəsində çox öncələrdən müvafiq addımlar atan təhsilin inkişafı istiqamətində hər zaman çabalayan mütəmadi olaraq təhsil mütəxəssisləri ilə görüşlər keçirən şəxs olub. Onunla etdiyimiz söhbətlrədən daim zövq almışıq. O məsələlərin həllində çıxış yolu göstərən insan idi. Mövzunun aktuallığını nəzərə alaraq onunla bağlı həll  yolu bildirirdi. Allahdan rəhmət arzulayır ailəsinə və yaxınlarına baş sağlığı veririk”.

LDU-nun mətbuat katibi Esmira İsmayılova:

“Ancaq qəlbən saf adamlar heyvanlara bu qədər böyük sevgi bəsləyə bilər. Nadir müəllim heyvanları, pişikləri çox sevirdi və bu sevgi qarşılıqlı idi...Allah bilir onun yoxluğu təmasda olduğu heyvanları, daim yanında gəzdirdiyi qara pişiyini necə ağrıdacaq...

Allah səni rəhmət eləsin tanrının kamil, gözəl bəndəsi...Yerin həmişə görünəcək....”

Pedaqoq Aysel Rəsulzadə:

“İnanmaq olmur… O, həmişə təhsil icmasının yanında idi.

Narahatlığımızı duyan, "şikayətimizə" baxan, səssizcə dinləyib, sakitcə danışan Nadir müəllim.

Tədbirlərimizdə görməyə o qədər alışmışdıq ki... Onun varlığı bir öyrəşmə, bir dayaq olmuşdu bizə…

Nadir İsrafilov yalnız bir təhsil eksperti deyildi. O, həyatın özünü təhsil kimi görən bir ziyalı idi. Zəngin düşüncəsi, sadəliyi və səmimiyyəti ilə hər birimizin həyatında iz buraxdı.

Səssiz getdi…amma ardında çoxlu xoş xatirələri qaldı.

...Yoxluğu ilə həmişə danışacağıq.

Allahdan Nadir müəllimə rəhmət, ailəsinə, doğmalarına və digər sevənlərinə səbir diləyirik”.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox